Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:14

Bayden son iki ildə avtokratiyaların zəiflədiyini deyir


Co Bayden
Co Bayden

ABŞ Prezidenti Co Bayden (Joe Biden) konqresdə illik çıxışında deyib ki, ölkəsi bütün dünyada ciddi problemlərlə üzləşib, ancaq son iki ildə dünyada demokratiyalar güclənib, avtokratiyalar isə zəifləyib.

Bayden Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı işğalını Amerika üçün sınaq adlandırıb, deyib ki, bu sınaq Birləşmiş Ştatların demokratiyanı müdafiə etməli olduğunu göstərib.

“Belə bir müdafiə bizim üçün vacibdir, çünki sülhü qoruyur, potensial təcavüzkarların təhlükəsizlik və rifahımızı hədələməsinin qarşısını alır”, – prezident vurğulayıb.

Bəzi respublikaçılar Ukraynaya hərbi yardıma skeptik yanaşsalar da, Bayden deyib ki, Ukrayna barədə danışanda zalın respublikaçılar tərəfindən daha çox dəstək gəlib.

Ötən il konqres Ukrayna və NATO müttəfiqlərinə 45 milyard dollarlıq yardımı təsdiqləyib. Nümayəndələr Palatasında bir çox respublikaçılar, o cümlədən spiker Kevin Makkarti (Kevin McCarthy) buna qarşı idi. Ancaq Makkarti də Baydenin çıxışını alqışlayıb.

Bayden ölkəsinin Çinə qarşı maraqlarını müdafiə edəcəyini deyir

ABŞ Prezidenti Co Bayden (Joe Biden) fevralın 7-də “Ölkənin vəziyyəti” (“State of the Union”) adlı illik çıxışında deyib ki, Çinə qarşı ölkənin maraqlarını müdafiəsində tərəddüd etməyəcək. Ancaq Bayden Çinlə əməkdaşlıq üçün əlyeri də qoyub.

Şənbə günü Çinin şübhəli kəşfiyyat şarı vurulmuşdu.

Konqresmenlərin çoxu Çinə qarşı sərt siyasətə səslədiyi bir vaxtda Bayden ABŞ-nin əsas rəqibi sayılan Çinə qarşı dayanmaq üçün orduya, texnologiyaya və alyanslara investisiya qoymağa çağırıb.

“Çin Amerikanın maraqlarını irəli apara və dünyaya fayda verəcəyi halda onunla işləməyə hazıram”, – Bayden vurğulayıb.

“Ancaq ötən həftə aydın dediyim kimi, Çin suverenliyimizə təhdid yaradarsa, ölkəmizi müdafiə edəcəyik. Elədik də”, – deyən prezident alqışlanıb.

Çinlə “rəqabəti udmaq”

Bayden onu da vurğulayıb ki, Çinlə “rəqabəti udmaq” amerikalıları birləşdirməlidir:

“Amerikanı daha güclü etməkdən ötrü qoyduğumuz sərmayələrə görə üzr istəməyəcəyəm – Çinin dominantlıq etmək niyyətində olduğu gələcəyi müəyyənləşdirən Amerika innovasiyasına, sənayelərinə sərmayə qoyuruq”.

Bayden noyabrda İndoneziyada görüşdüyü çinli həmkarı Si Cinpinqin adını çəkərək deyib ki, Siyə “münaqişə deyil, rəqabət istədiyimizi” söyləyib.

Bir saatdan çox çəkən çıxışında Bayden Rusiya işğalına qarşı vuruşan Ukraynaya uzunmüddətli dəstək vəd edib. Ancaq o, İran, Əfqanıstan, İsrail-Fələstin münaqişəsi, Şimali Koreya, bu həftə Türkiyə və Suriyada baş vermiş zəlzələdən danışmayıb.

Respublikaçılar Baydenin Tehranla nüvə sazişini dirçəltmək siyasətini tənqid edirlər.

Yolunu azmış cihaz, yoxsa...

Fevralın 4-də ABŞ qırıcı təyyarəsi Atlantik okeanını keçmiş, Pentaqonun Çinin kəşfiyyat şarı adlandırdığı obyekti vurub. Ordunun məlumatına görə, şar qalıqların yerdəki əhalinə ziyan vurmayacağı nöqtədə vurulub.

Dövlət katibi Entoni Blinken (Antony Blinken) Çini ABŞ-nin suverenliyini pozmaqda ittiham edərək Pekinə səfərini təxirə salıb.

Blinken Çinlə kommunikasiyanı saxlamağa cəhd etdiyini desə də, Pekinin danışmaq xahişini rədd etdiyi bildirilir.

Çin isə hava müşahidə cihazının yolunu azdığını, hərbi məqsədi olmadığını bildirib.

60 metr hündürlükdə olan şarın bir neçə min funtluq, təxminən bir regional reaktiv təyyarə qədər kosmik yükü varmış.

Respublikaçıların bəziləri Baydenin şarı daha əvvəl vurmaq əmri vermədiyinə görə tənqid edirdilər. Vilson Mərkəzindən Maykl Kugelman (Michael Kugelman) Amerikanın Səsi-nə (VOA) deyib ki, respublikaçılar Baydenin Çinə qarşı daha sərt göstərməsini istəyə bilərlər.

XS
SM
MD
LG