Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:35

Putin səyahətə xüsusi zirehli qatarla çıxır


Putinin zirehli qatarı
Putinin zirehli qatarı

Araşdırmalara görə, Rusiya Prezidenti Vladimir Putin son aylar səyahətə xüsusi, zirehlə örtülmüş qatarla çıxır, iqamətgahlarının yaxınlığına isə gizli dəmiryolu şəbəkəsi çəkilib.

Onlayn Proyekt (Layihə) araşdırmaçı portalının fevralın 14-də yaydığı xəbərə görə, son illər Putinin iqamətgahları yaxınlığında dəmiryolu reysləri, gizli stansiyalar quraşdırılıb.

Vertolyot meydançası da var

Belə bir stansiya və gizli dəmiryolu xətti ölkənin şimal-qərbindəki Novqorod vilayətindəki Valday milli parkı ərazisində, oradakı prezident iqamətgahı yaxınlığında çəkilib.

Portalın müxbirləri stansiyanı ötən ilin payızında aşkarlayıblar, orada vertolyot meydançası olduğu, güclü qorunduğu bildirilir. Gizli dəmiryolu stansiyası və reyslərinin 2019-cu ildə çəkildiyi deyilir.

Peyk təsvirlərinin də olduğu məlumata görə, daha bir dəmiryolu stansiyası 2015-ci ildə Moskva yaxınlığındakı Novo-Oqaryovoda, Putinin iqamətgahının 400 metrliyində tikilib.

Başqa bir dəmiryolu platforması və digər reyslərdən hündür hasarla ayrılmış dəmiryolu xətti isə 2017-ci ildə Putinin Soçidəki Boçarov Ruçey rezidensiyası yaxınlığında yerləşir.

2021-ci ilin payızında qatardan istifadəyə başlayıb

Fevralın 13-də Dosye adlı başqa bir araşdırmaçı qrup da hesabat yayaraq Putinin 2015-ci ildə məxsusi onun üçün tikilmiş qatar şəbəkəsi ilə səyahətə çıxdığını bildirib.

Məlumata görə, qatar zirehlə örtülüb, Putin ondan 2021-ci ilin ikinci yarısında, Rusiya qüvvələri Ukraynanı işğal etməyə hazırlaşanda istifadə etməyə başlayıb.

“Dosye” qeyd edir ki, Putin mümkün izlənmədən yayınmaq üçün qatardan istifadəyə başlayıb, çünki qatarların hərəkətini izləmək daha çətindir.

SOTA xəbər agentliyi isə fevralın 13-də bildirib ki, Moskvada istifadə olunmayan bir dəmiryolu stansiyasının təmiri haqda məlumat əldə edib. Stansiyanın Putinin və digər aparıcı rəsmilərin istifadəsinə veriləcəyi iddia olunur.

SOTA-nın məlumatına görə, stansiya Rusiya ötən ilin fevralında Ukraynanın tammiqyaslı işğalına başlamazdan bir neçə həftə öncə təmir edilib.

XS
SM
MD
LG