Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:05

‘Artıq müharibənin ikinci həftəsində bizdən hamiləlik testi istəyirdilər’


İllüstrativ foto
İllüstrativ foto

Noyabrda Ukraynanın Çerniqov şəhərində məhkəmə iki Rusiya əsgərini azyaşlı qıza qarşı dəfələrlə cinsi təcavüz etməkdə və onu öldürməklə hədələməkdə, bununla da “müharibə qayda və adətlərini pozmaqda” ittiham edib.

"2022-ci ilin martında, Çerniqov bölgəsində olduğu müddətdə [Ruslan] Kuliyev dəfələrlə azyaşlı yerli sakini zorlamağa cəhd edib, silahı ilə onun başına vurub və onu boğmağa çalışıb. Bundan başqa onun qardaşına da hücum edib, onu ayaqlarına atəş açmaqla qorxudub”, – prokurorluq həmin əsgərlərdən biri haqda deyib.

Kuliyev 12, digər əsgərsə 10 illik həbs cəzasına məhkum edilib.

Aysberqin ucu

2022-ci il fevralın 24-də Moskvanın Ukrayna üzərinə kütləvi hücuma başlamasından bəri Rusiya əsgərlərinin törətdiyi cinsi zorakılıq və seksual işgəncə halları qeydə alınmaqdadır. Müharibə dövründə bəzi Ukrayna ərazilərinin bir neçə həftəlik və ya aylıq Rusiya işğalından azad edilməsindən sonra qeydə alınan bu cür halların yüzlərlə olduğu bildirilir. Ancaq say bundan da artıq ola bilər.

"Üzə çıxan xəbərlər sadəcə aysberqin ucu ola bilər. Artıq müharibə dövrü zorlama halları müharibənin qaçılmaz nəticəsi adlandırılaraq görməzdən gəlinə bilməz. Bütün tərəflər bunu qarşısı alına və cəzalandırıla bilən cinayət kimi tanımalıdır”, – BMT-nin Münaqişə zamanı cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten 2022-ci ilin mayında Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Geniş yayılmış ifadə və dəlillərə baxmayaraq, Rusiya rəsmiləri əsgərlərinin mülki şəxsləri hədəfə alaraq müharibə cinayətləri törətdiyini inkar edir.

“Rusiyanın uduzmasını gözləməli deyilik”

Ukrayna hüquq mühafizə rəsmiləri və humanitar yardım təşkilatlarının şəbəkəsi hazırda həm cinsi zorakılıq qurbanlarına yardım etmək, həm də cinayətkarların cəzalandırılması üçün dəlillər toplamaq üzərində çalışır.

"Biz Rusiyanın uduzmasını gözləməli deyilik. Nəyə görə insanların ədalət tələbini bundan asılı hala salmalıyıq?”, – Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbəri, 2022-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Oleksandra Matviyçuk noyabrda AzadlıqRadiosuna müsahibəsində demişdi.

Hücumun başlanmasından bəri mərkəzi Macarıstanda yerləşən Kordelia Fondu (Cordelia Foundation) bir çoxu cinsi zorakılıq qurbanı olmuş azı 730 ukraynalıya yardım edib.

"Onların çoxu qorxu, depressiya, güc və motivasiyanın olmaması, yuxu pozğunluqları, o cümlədən kabuslardan əziyyət çəkirlər. Çoxu daha çox işləyərək keçmiş haqda düşünməməyə çalışır. Digərləri uşaqlarına fokuslanır, başqaları evlərini tərk edərək daha yaxşı, dinc gələcək qurmaq haqda düşünür”, – “Kordelia”nın təsisçisi, psixiatr Lilla Hardi deyir.

“Müharibə zamanı qadınlar hələ də aybaşı olurlar”

Litvada yerləşən feminist “Lygiai” təşkilatı Rusiyanın hücumunun başlanğıcından bəri cinsi zorakılıq qurbanları ilə işləyir.

"Artıq müharibənin ikinci həftəsində bizdən hamiləlik testi istəyirdilər. Biz bu cür cinsi zorakılığın artıq başlamış olduğuna təəccübləndik. Eyni zamanda Qızıl Xaç kimi böyük yardım təşkilatları çox az sayda hamiləlik testləri göndərirdilər…”, – təşkilatın təsisçisi və direktoru Reda Yureliavisiute deyir.

"Müharibə dövründə çox adam bu məsələlər haqda düşünmür. Menstrual bez göndərmək ordu üçün dəbilqə göndərmək qədər prestijli deyil. Ancaq qadınlar müharibə dövründə də aybaşı olurlar və onların şəxsi gigiyena məhsullarına çıxışının olması çox vacibdir”, – o deyir.

Təşkilat eyni zamanda Litvadakı Ukrayna qaçqınlarına da yardım edir.

Rusiya əsgəri: "insanları mal-qara kimi qırğına göndərirlər”
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

BMT-nin hesabatı

BMT-nin sentyabrda dərc etdiyi hesabatda Rusiya əsgərlərinin hücumdan bəri törətdiyi 30 cinsi zorakılıq hadisəsi haqda məlumat verilir. Onların arasında səkkiz qadın və bir qız uşağının zorlanması və “kişilərə işgəncə … üsulu kimi 15 cinsi zorakılıq hadisəsi” də var.

Ukrayna rəsmiləri və yardım işçiləri deyirlər ki, sənədləşdirilmiş cinsi zorakılıq hallarının sayı 2022-ci ilin sentyabrında Xarkov bölgəsinin bir hissəsinin və noyabrda Xerson və ətrafının işğaldan azad edilməsindən sonra kəskin artıb. Ukraynanın Baş Prokurorluğu fevralda yüzlərlə cinsi zorakılıq qurbanından müsahibə alındığını, 155 nəfərin başına gələnlər barədə məhkəmədə ifadə verməyə razılaşdığını bildirib. Sənədləşdirilmiş hadisələrin azı 11-ində qurbanlar uşaqlardır.

Cinsi zorakılıqla bağlı müharibə cinayətlərini araşdıran xüsusi şöbəyə rəhbərlik edən prokuror İrına Didenko deyir ki, Rusiya ordusunda cinsi zorakılıq praktikası o qədər geniş yayılıb ki, o, Rusiya işğal rəsmilərinin bundan xəbərdar olduğunu düşünür.

Pulsuz tibbi, psixoloji yardım, anonim çət

Xrıstına Kit “JurFem” qadın hüquqşünaslar assosiasiyasının direktorudur. Bu təşkilat Rusiyanın hücumunun başlanmasından bəri "cinsi zorakılıq qurbanlarının dəstək yerinə çevrilib”.

Cinsi zorakılıq qurbanları təşkilatın bir neçə yardım mərkəzinə müraciət edərək pulsuz tibbi, psixoloji və hüquqi yardım ala bilər. “JurFem” könüllüləri bir neçə regionda təşkil olunmuş qaynar xətlərdə də çalışırlar.

“La Strada Ukraine” təşkilatının vitse-prezidenti Katerına Borozdina qeyd edir ki, onun təşkilatı qurbanların öz hekayələrini konfidensial danışa bilmələri üçün “Telegram”da anonim çət yaradıb. Onun sözlərinə görə, çətdən istifadə etmək qurbanları hüquqi dəstək almaqdan çəkindirən qorxu və utanc hisslərinə üstün gəlmək istiqamətində ilk addım ola bilər.

Kiyev xarici prokurorlar və Beynəlxalq Cinayət Məhkəməsi ilə birlikdə Ukraynada baş verən müharibə cinayətlərinin, o cümlədən cinsi zorakılıq cinayətlərinin cəzalandırılması üçün tribunalın yaradılmasına çalışır.

Prokuror Didenko cinayətkarların son nəticədə cəzalandırılacağı ilə bağlı “ehtiyatlı nikbinlik” ifadə edir.

XS
SM
MD
LG