Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:14

Luis Bono: 'Məqsədimiz azərbaycanlı və ermənilərin əziyyətlərinə son qoymaqdır'


Luis Bono
Luis Bono

Martın 6-da Bakıda səfərdə olan ABŞ-ın Qafqazdakı xüsusi nümayəndəsi Luis Bono brifinq keçirib.

"Turan"ın xəbərinə görə, o, səfərini belə izah edib: "Bir neçə həftə öncə Dövlət katibi Blinkeni Münxen səfərində müşayiət etdim, orada onun prezident Əliyev və baş nazir Paşinyan ilə görüşləri oldu. Görüş konstruktiv idi və bu fikri görüşün bütün iştirakçıları bölüşürlər. Bundan sonra dövlət katibi məndən xahiş etdi ki, sülh prosesini davam etdirmək üçün mümkün qədər tez zamanda regiona səfər edim".

O, "əgər Bakı ilə Yerevan nümayəndələrinin görüşlərindən, razılaşmalarından sonra təxribatlar və atəşkəsin pozulması baş verirsə, ABŞ sülh prosesinin saxlanması üçün nə edə bilər" sualının cavabında deyib ki, ABŞ vasitəçi rolunda çıxış edir.

"Sülh prosesinin davamlı olması üçün tərəflərin özləri bunu istəməlidir", - Bono deyib.

Laçın dəhlizi haqda sualın cavabında Bono Dövlət katibi Blinkenin Münxendə dediyi sözləri xatırladıb. Blinken deyib ki, yol əhalinin hərəkəti üçün açıq olmalıdır.

"Biz etiraf edirik ki, təhlükəsizlik məsələsi var, lakin zəruri malların və mülki yüklərin hərəkət etməsi, Qarabağ əhalisi üçün əlçatan olması vacibdir", - Bono deyib.

"Bizim məqsədimiz, vəzifəmiz azərbaycanlıların və ermənilərin əziyyətlərinə son qoymaqdır ki, bu xalqlar dinc yanaşı yaşaya bilsinlər", - o, fikrini yekunlaşdırıb.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirdirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir. Amma Azərbaycan tərəfi blokda haqqında deyilənləri qəbul etmir, yolun humanitar məqsədlərə açıq olduğunu vurğulayır.

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Əliyev ABŞ-nin Qafqaz elçisini qəbul edib

Prezident İlham Əliyev martın 6-da Amerika Birləşmiş Dövlətlərinin (ABŞ) Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanla Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Entoni Blinkenə təşəkkürünü ifadə edib.

Xəbərə görə, söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Əliyev Aİ rəsmisi ilə də görüşüb

Prezident İlham Əliyev martın 6-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı ölkəsinin Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.

Məlumata görə, görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı dəqiq bilinmir. Belarus isə bu qurumla əməkdaşlığı dayandırıb.

Simonyan: 'Hesab edirəm ki, Qarabağ məsələsi sülh sazişinə salınmamalıdır'
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Danışıqlar…

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Brüssel formatını dəstəkləyir. Amma ötən ilin sonları hər iki danışıqlar, əsasən, dayanıb. Bununla belə, ötən ay Avropa İttifaqı Şurası "sabitliyə töhfə vermək" məqsədilə Ermənistana mülki missiya göndərib. Üstəlik, fevralın 18-də Münhendə Azərbaycan prezidentinin ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra tərəflər danışıqlarla bağlı, əsasən, nikbin fikirlər dilə gətiriblər.

Bunun ardınca, ötən həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanda olub və orada da sülh danışıqları müzakirə edilən məsələlər sırasında olub.

Amma dünən, martın 5-də Qarabağda yenidən atəşkəsin pozulması ilə bağlı qarşılıqlı ittihamlar səslənib. Hər iki tərəfdən ölən və yaralananların olduğu deyilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG