12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb, öldürməyə cəhddə suçlanaraq həbs olunan İntizam Nəcəfov özünü təqsirli bilmir. Deyir ki, yalandır, əgər onları öldürmək niyyəti olsaydı, qumbaranı həyətdəki boş sahəyə yox, elə evin içinə atardı. Bu haqda o, martın 10-da öz məhkəməsində ifadə verərkən danışıb.
Keçmiş arvadı, qayınanası və iki qızını öldürməyə cəhddə, onların yaşadığı evə ziyan vurmaqda, eləcə də qanunsuz silah saxlamaqda ittiham olunan Nəcəfovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
“Belə niyyətim olsaydı, uzaqdan evin içinə atardım”
Hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. Cinayət işinin materiallarında iddia olunur ki, 40-yaşlı Nəcəfov həmin vaxt narkotik maddənin təsiri altında olub. O, “F-1” qumbarasını evə atmaq istəyəndə qızı mane olub. Bu üzdən qumbara bağ sahəsinə düşüb.
“Mən özümü ancaq silaha görə təqsirli bilirəm. Nə evə ziyan vurmuşam, nə də kimisə öldürmək niyyətim olub. Belə niyyətim olsaydı, uzaqdan evin içinə atardım, heç kim də mane ola bilməzdi”, – Nəcəfov belə deyib.
Keçmiş həyat yoldaşı, zərərçəkmiş qismində tanınan Sevil Əhmədova da onun dediklərini təsdiqləyib. Əhmədova məhkəmədə bildirib ki, ittihamda yazılanların bir çoxu həqiqətəuyğun deyil.
“İttihamda haqsız şeylər yazılıb. O yazılanların heç biri olmayıb. Məsələn, bizim evimizdə qumbaradan dağıntı olmayıb”, – Əhmədovanın sözləridir.
Övladlarının məhkəməyə gəlməsini istəmir
Əhmədovanın özüylə yanaşı, anası, iki qızı da zərərçəkmiş qismində tanınıb. Amma o, övladlarının məhkəməyə gəlməsini istəmir. Hakimlər isə bildirib ki, yalnız məhkəmədə müzakirələrdən sonra bu məsələ ilə bağlı uyğun qərar veriləcək.
Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.
Nəcəfovun ittiham olunduğu özgə əmlakına zərər vurma və ya məhv etmə, qanunsuz silah saxlama, iki və daha çox adamı öldürməyə cəhd kimi əməllərə görə qanunda 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Qumbaranı necə əldə etməsinə gəlincə, Nəcəfov istintaqda bildirib ki, 2020-ci ildə Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədən sonra Qarabağ zonasında işləyib. Onun sözlərinə görə, qumbaraları da həmin vaxt oradan tapıb götürüb.