Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:02

Qarabağ erməniləri Bakıya dəvət olundu


Qarabağ, Xankəndi, 8 mart 2023
Qarabağ, Xankəndi, 8 mart 2023

Azərbaycan Qarabağ ermənilərinə Bakıda görüş təklif edir. Bununla bağlı bu gün, martın 13-də Prezident Administrasiyası (PA) məlumat yayıb.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir", - məlumatda bildirilir.

Məsələyə, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

Prezidentin köməkçisi: '...təmasları davam etdirməkdə qərarlıyıq'

Bakı Qarabağdakı erməni sakinlərlə təmaslarda qərarlıdır. Bunu "Report"a müsahibəsində Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev deyib.

Martın 12-də yayılan müsahibədə .Hacıyev bildirib ki, Qarabağ ərazisi Azərbaycanın tərkib hissəsidir və "erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur".

Prezident köməkçisi martın 1-də Xocalıda erməni sakinlərlə ilkin təmaslardan sonra qarşı tərəf nümayəndələrinin "arzuolunmaz açıqlamalar"ın olduğuna diqqət çəkib. "Lakin biz bu təmasları davam etdirməkdə qərarlıyıq", - Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan lap əvvəldən Qarabağ məsələsinin (Azərbaycanla Ermənistan arasında-red.) sülh sazişində yer almasına çalışsa da, bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir.

Hacıyevin dediyinə görə, Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid məsələləri digər üçüncü tərəflə, o cümlədən Ermənistanla ilə müzakirə etməyəcək.

Azərbaycan üçün Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxdığını deyən şöbə müdirinə görə, "Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə də Qarabağa istinad yer almır".

Martın 10-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə "Azadtutyn"a müsahibəsində bildirib ki, Ermənistan Qarabağın Azərbaycana inteqrasiyası məsələsini müzakirə etməyib. Onun sözlərinə görə, “bu müzakirələr hüquq və təhlükəsizliyə aiddir, beynəlxalq müqavilələr də məhz bundadır və bu razılaşmalar həyata keçirilməlidir".

“Yerevanın mövqeyi ondan ibarətdir ki, biz razılaşdığımızı, yəni hüquq və təhlükəsizliyi beynəlxalq mexanizm çərçivəsində müzakirə edək”, -Qriqoryan bildirib.

Bu il martın əvvəllərində Azərbaycan rəsmi olaraq Qarabağ erməniləri ilə görüş keçirildiyini və müzakirələrdə reinteqrasiya məsələsinin müzakirə olunduğunu bildirib.

Tanınmayan qurumun təmsilçiləri isə görüşdən sonra iddia ediblər ki, müzakirələrdə reinteqrasiyadan danışılmayıb.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə, həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər daha sonra da bölgədə nəqliyyat və iqtisadı əlaqələrin bərpasını vacib sayan daha bir neçə bəyanat qəbul ediblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG