Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:43

‘Navalnı’ sənədli filmi ‘Oskar’ aldı


Daniel Roer və komandası Oskar alarkən
Daniel Roer və komandası Oskar alarkən

Kanadalı rejissor Daniel Roerin “Navalnı” sənədli filmi Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb. Film HBO Max striminq xidməti və CNN Films-in sifarişilə çəkilib.

Mərasim martın 13-də Los-Ancelesdə keçirilib.

Mükafat rejissorla yanaşı Aleksey Navalnının həyat yoldaşı Yuliya, qızı Darya və oğlu Zaxara təqdim olunub. “Ərim həqiqəti dediyi üçün hazırda həbsdədir”, – Yuliya “Dolbi” teatrının səhnəsində söyləyib.

Film necə çəkilib

Rejissor isə siyasətçinin ailəsinə, Bellingcat-in araşdırmaçısı Xristo Qrozev və Navalnının təsis etdiyi Korrupsiyaya qarşı Fonddan (FBK) Mariya Pevçixə təşəkkür edib. “Cəsarətinizə görə çox sağ olun. Bütün dünya sizinlədir”, – o deyib.

“Navalnı” filmində siyasətçinin 2020-ci ilin avqustunda Tomskda zəhərlənməsi, onun reabilitasiyası və Rusiyaya qayıtmağa hazırlaşmasından söz açılır. Roer AzadlıqRadiosunun rus xidmətinə deyib ki, çəkilişlər təsadüfən, onun Qrozevlə tanışlığından başlanıb. Qrozev Navalnı ilə birlikdə sonuncuya sui-qəsd etdiyi ehtimal olunan FSB əməkdaşlarını ifşa edib.

Bu film daha öncə Britaniyanın BAFTA və ABŞ prodüserlər gildiyasının mükafatlarına layiq görülüb. Film həmçinin Amerikanın “Sandens” müstəqil kino festivalında tamaşaçıların rəyinə görə ən yaxşı film adını alıb.

Hazırda Navalnı Rusiyada özünün və tərəfdarlarının siyasi hesab etdiyi ittihamlarla cəza çəkir. Ona qarşı daha bir neçə cinayət işi açılıb və cəza müddəti də uzana bilər.

Ən yaxşı film və digər nominasiyalar

Bu il ən yaxşı film nominasiyasında “Oskar”a Den Kvan (Daniel Kwan) və Daniel Şaynertin (Daniel Scheinert) “Hər şey, hər yerdə və dərhal” (“Everything Everywhere All at Once”) filmi layiq görülüb. Onlar ən yaxşı rejissor işi və ən yaxşı orijinal ssenariyə görə də mükafat alıblar. Film yeddi “Oskar” alaraq mərasimdə rekord vurub.

“Ən yaxşı aktyor” nominasiyasında mükafatı Brendan Freyzer (Brendan Fraser) Darren Aronofskinin “Balina” (“The Whale”) filmindəki roluna görə alıb. “Hər şey, hər yerdə və dərhal” filmindəki roluna görə Mişel Yeo (Michelle Yeoh) ən yaxşı aktrisa adına layiq görülüb.

Rejissor Edvard Berqerin (Edward Berger) “Qərb cəbhəsində sakitlikdir” (All Quiet on the Western Front) filmi ən yaxşı xarici film sayılıb. Film həmçinin “Ən yaxşı operator işi”, “Ən yaxşı orijinal saundtrek”, “Ən yaxşı quruluşçu rəssam işi”nə görə mükafat alıb.

XS
SM
MD
LG