Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:53

Qazaxıstanda budəfəki seçki nəylə fərqləndi


Qazaxıstanda seçki
Qazaxıstanda seçki

Martın 19-da Qazaxıstanda keçirilmiş parlament seçkiləri ötən ilin qanlı iğtişaşlarından sonrakı siyasi dönəmin sonu oldu. Həmin iğtişaşlarda 238 nəfər öldürülüb, Prezident Qasım-Jomart Tokayev ölkə lideri imicini möhkəmlədib.

“Qanlı yanvar” hadisələrindən sonra Tokayev bir sıra islahatlar, o cümlədən seçki qanunlarına dəyişikliklər irəli sürüb, daha rəqabətli siyasi sistem vəd edib.

Gözlənildiyi kimi, hakim Amanat partiyası parlamentdəki yerlərin 70 faizini əhatələyən partiya siyahısında üstünlük qazanıb. Ancaq qazandığı səs faizi son illərdəkindən daha təvazökar olub.

2021-ci ildə bu partiyanın adı Nur Otan idi, keçmiş prezident Nursultan Nazarbayevin sədrliyi altında seçkiyə getmişdi. Nazarbayev Tokayevi varisi seçəndən sonra belə ölkədə güclü rolunu saxlayırdı. Nur Otan həmin il 71 faiz səs qazandı, 2016-cı ildə bu 82 faiz idi.

2022-ci ilin yanvar etirazlarından sonra Tokayev Nazarbayevi partiya sədrliyində əvəzlədi, yeni konstitusiya qüvvəyə minməzdən isə onu tərk elədi. Çünki vəzifədə olan prezidentlər siyasi partiya üzvləri ola bilməzlər.

54 faiz və...

İlkin nəticələrə görə, Amanat 54 faizdən çox səs yığıb. İkinci yerdə 11 faizlə Auyl partiyası gəlir. Amanat-la birlikdə daha beş isteblişment partiyası və təkmandatlı yerlər üzrə 29 deputat qanunverici orqanda yer alıb.

Ancaq bu heç də hakim partiyanın bərabər qüvvələr içində birinci olması anlamına gəlmir. Belə ki, 29 təkmandatlı yer üzrə mübarizə aparan 400-dən çox namizədin əksəriyyəti Amanat təmsilçiləri idi. İlkin nəticələrə görə, həmin yerlərdən 23-nü məhz Amanat üzvləri qazanıb. Bu isə hakim partiyanın aşağı palatadakı 98 yerin azı 60-nı qazanması deməkdir.

Ötən ay “Kursiv” biznes nəşrinin köşə yazarı Nikolay Kuzmin yazırdı ki, Amanat hökumətin ölkə boyunca yararlana biləcəyi yeganə partiya olaraq qalır.

“Amanat-ın regional filiallar sistemi… media holdinqi, sosioloji xidməti, gənclər filialı, partiya fəalları və tərəfdarları timsalında sosial şəbəkələrdə böyük qüvvəsi var. Cəmiyyətlə işləmək, ictimai fikri yoxlayaraq formalaşdırmaq baxımından bu partiyanın tayı-bərabəri yoxdur”, – o qeyd edirdi.

Tanış fəndlər, pozuntular

Seçki qalmaqallarsız ötüşməyib. Ölkənin üçüncü şəhəri Şimkentdə hələ səsvermə başlamamışdan rəsmi nəticələrə oxşayan sənədlər yayılıb. Üstəlik, rəsmilərin bu iddia olunan pozuntunu müzakirə etdiyi deyilən səsyazısı da ortaya çıxıb. Müstəqil namizədlər iddiaların araşdırılmasını tələb etsələr də, yerli rəsmilər yayılan sənədləri “saxta”, “provokasiya” adlandırıb.

ATƏT/DTİHB-nin Beynəlxalq Müşahidə Missiyası martın 20-də bəyanatında 128 səsvermə məntəqəsindən 58-ində səssaymanı mənfi qitymətləndirib, ciddi prosedur pozuntularının olduğunu bildirib.

Seçkiyə qatılan yeddi partiyadan heç biri mövcud sistemə müxalif deyil. Yalnız təkmandatlı yerlər üzrə mübarizə budəfəki seçkilərə yad element idi. Son iyirmi ilə yaxın dönəmdə ilk dəfəydi təkmandatlı yerlər üzrə namizədlərin seçkiyə qatılmasına icazə verilirdi.

Ancaq müxalifət fəalı İnqa İmanbay və jurnalist Lukpan Axmedyarov kimi hökumət tənqidçilərinin aşağı palatada mandat alacağı heç ağlabatan görünmürdü və elə də oldu. Onların ikisi də ilkin nəticələrə görə ikinci yerə çıxıb, üstəlik, böyük pozuntuların olduğunu bildirib.

Mərkəzi Seçki Komissiyası seçicilərin 54.19 faizinin səsverməyə getdiyini bildirib.

XS
SM
MD
LG