Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:19

Rusiya Yerevanın Haaqa məhkəməsinə qoşulmasını ‘yolverilməz’ sayır


Rusiya prezidenti Vladimir Putin (solda) və Ermənistanın baş naziri Nikol Paşinyan (Arxiv fotosu)
Rusiya prezidenti Vladimir Putin (solda) və Ermənistanın baş naziri Nikol Paşinyan (Arxiv fotosu)

Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutuna mümkün qoşulmasını “tamamilə yolverilməz” hesab edir.

Moskva Yerevana bu addımın ikitərəfli münasibətlər üçün "son dərəcə neqativ nəticələrinin" olacağını bildirib.

Bu barədə məlumatı Rusiya XİN-dəki mənbələrə istinadla TASS və RIA Novosti agentlikləri veriblər.

Martın 17-də Haaqa məhkəməsi Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə onun həbsinə order verib.

Qaydaya görə Roma statutunu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar.

Ermənistan sənədi 2004-də imzalayıb

Kreml Putin barəsində orderi “qanunsuz” adlandırıb və bildirib ki, Rusiya BCM-in üzvü olmadığından onun üçün bu order “bir hüquqi heçdir”.

Bununla belə Rusiya hakimiyyəti sözü gedən orderi icra edəcək ölkələri hədələyib.

Hazırda Roma statutunu 123 ölkə imzalayıb.

Martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunun ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib.

Bunun ardınca Ermənistan parlamenti həmin sənədi ratifikasiya etməlidir.

Ermənistan bu statutu 2004-cü ildə imzalasa da ratifikasiya etməmişdi.

Yerevanın izahatı

Ermənistan hakimiyyəti bildirir ki, sözü gedən qərar 2022-ci ilin dekabrında qəbul edilib və bundan məqsəd Azərbaycan rəhbərliyini “müharibə cinayətlərinə” görə Haaqa məhkəməsinə vermək olub.

Rusiya Ermənistan-Azərbaycan münaqişəsində sülhməramlı qismində vasitəçilik edir və ekspertlər bunu Azərbaycanı Ermənistan üzərinə yeni hücumdan saxlayan əsas faktor kimi qiymətləndirirlər.

Ermənistanın Roma statutunu ratifikasiya etməsi o deməkdir ki, Vladimir Putin potensial olaraq onun ərazisində həbs oluna bilər.

Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daha bir üzvü – Tacikistan artıq Roma statutunu ratifikasiya edib.

XS
SM
MD
LG