Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:00

Bakıdan Tehranın ‘izahat tələbinə’ sərt cavab


İran XİN-in sözçüsü Naser Kənani
İran XİN-in sözçüsü Naser Kənani

İran Xarici İşlər Nazirlyinin sözçüsü xəbərdarlıq edib ki, İslam Respublikası “sionist rejimin” Azərbaycan Respublikasının ərazisindən həyata keçirdiyi qəsdlərə biganə qala bilməz.

Rəsmi Tehran “sionist rejim” dedikdə İsraili nəzərdə tutur.

İran XİN-in rəsmi saytında deyilir ki, nazirliyin sözçüsü Naser Kənani bunu İsrailin xarici işlər nazirinin “İrana qarşı vahid cəbhə” haqqında bəyanatını şərh edərkən deyib.

Kənani deyib ki, bu bəyanat İsrailin Azərbaycan Respublikasının ərazisini İranın milli təhlükəsizliyinə qarşı hədəyə çevirmək kimi şər niyyətinin daha bir sübutudur.

İran XİN-in sözçüsü diqqəti habelə Azərbaycan xarici işlər nazirinin “Azərbaycan və İsrail arasında strateji partnyorluğun yeni mərhələsi” barədə bəyanatına çəkib və bildirib ki, Tehran bu bəyanatla bağlı rəsmi Bakıdan izahat tələb edib.

Hansı bəyanatlar

İran mediası yazır ki, İsrailin xarici işlər naziri Eli Koen sözü gedən bəyanatı martın 29-da Tel Əvivdə Azərbaycan səfirliyinin açılış mərasimində vermişdi. Bu mərasimdə onun azərbaycanlı həmkarı Ceyhun Bayramov da iştirak edirdi.

Yenə də İran mediasının məlumatına görə Koen həmin görüşdə iddia etmişdi ki, o azərbaycanlı həmkarı ilə “İrana qarşı vahid cəbhə təşkil etmək və iqtisadiyyat, təhlükəsizlik və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib”.

“İran və Azərbaycan xalqları arasında qırılmaz tarixi və dini bağlara” diqqət çəkən Kənaani vurğulayıb ki, İran İslam Respublikası daim “iki qonşunun arasını vurmaq istəyən bədxahların cəhdlərini dəf etməyə çalışıb”.

Sözçü deyib ki, Tehran Azərbaycan hökumətindən də onun “iki ölkənin düşmənlərinin toruna düşməməsini gözləyir”.

“Təhdidlər Azərbaycanı qorxuda bilməz”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Naser Kənaninin açıqlamasına münasibət bildirib.

Nazirliyin saytında yer alan münasibətdə mətbuat katibinə tövsiyə edilir ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın:

“Xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addımı kimi qiymətləndiririk.”

O, bildirir ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib:

“Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir.”

Azərbaycandan İrana ittihamlar

Ayxan Hacızadə Azərbaycanın sərhədləri boyunca hərbi təlimlərin, hərbi uçuşların həyata keçirilməsi və başqa məsələlərdən bəhs edib:

“... Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar.”

Onun əlavə etməsinə görə, “İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz”.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 28-də İsrailə səfər edib.

Bir gün sonra İsraildə Azərbaycan Səfirliyi fəaliyyətə başlayib. Ceyhun Bayramov İsraildən olan həmkarı Eli Koen ilə təkbətək görüşüb və sonra birgə brifinq keçiriblər.

Martın 29-da Bakıda evinə gedərkən deputat Fazil Mustafaya silahlı basqın edildiyi, onun qıç və çiynindən yaralandığı açıqlanıb.

Azərbaycanın İrandakı Səfirliyinə isə bu il yanvarın 27-də silahlı hücüm olmuşdu.

Onda səfirliyin bir əməkdaşı həlak olmuş, ikisi isə xəsrət almışdı.

Bundan sonra Azərbaycan İrandakı Səfirliyinin əməkdaşlarını təxliyə edib.İran rəsmiləri silahlı insidentin araşdırılacağını bildirib.

XS
SM
MD
LG