Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:33

İran şahının oğlu İsrailə səfər edəcək


Rza Pəhləvi
Rza Pəhləvi

1979-cu ildə İranda İslam inqilabı nəticəsində devrilmiş şahın sürgündə yaşayan oğlu bu həftə İsrailə səfər edəcək.

İsrail hökumətinin bu barədə məlumatında deyilir ki, “bu ən yüksək vəzifəli İran nümayəndəsinin” yəhudi dövlətinə ilk səfəri olacaq.

Associated Press agentliyi yazır ki, ABŞ tərəfindən dəstəklənən şahın zamanında İran və İsrail arasında isti münasibətlər olsa da, inqilabdan sonra iki ölkə düşmənə çevrilib.

İsrailin hökumət bəyanatında deyilir ki, Rza Pəhləvinin səfəri “İsrail və İran xalqı arasında körpü yaradacaq və Ayətüllah rejiminə qarşı birgə mübarizənin ifadəsinə çevriləcək”.

Rza Pəhləvinin özü isə bildirib ki, “demokratik İran özünün İsrail və ərəb qonşuları ilə bağlarını təzələyəcək”.

Onun sözlərinə görə “həmin gün indi həmişə olduğundan daha yaxındır”.

Pəhləvi özünün Twitter hesabından yazıb:

“Mən İsrail xalqına demək istəyirəm ki, İslam Respublikası İran xalqını təmsil etmir. Bizim xalqlarımız arasında mövcud olmuş qədim bağlar hər iki xalqın mənafeyi naminə yenidən canlandırıla bilər”.

İsrail “vəliəhd” adlandırır, İran “biganəlik” nümayiş etdirir

Xəbər verilir ki, Pəhləvi səfər əsnasında İsraildə keçiriləcək rəsmi Holokost xatirə mərasimində iştirak edəcək.

Rza Pəhləvini “vəliəhd şahzadə” adlandıran İsrail kəşfiyyat naziri Gila Qamliyel deyib ki, qonaq habelə şorsuzlaşdırma zavoduna, Qərb Divarına baş çəkəcək, İsraildəki Bəhayi icması və İran əsilli yəhudilərlə görüşəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani həftəlik brifinqində bu barədə suala cavab verərkən deyib:

"Nə adını çəkdiyiniz həmin şəxs, nə onun səfərindən məqsəd, nə də onun getmək istədiyi yerlər müzakirəyə layiq məsələ deyil”.

Pəhləvi İranı 17 yaşı olarkən ABŞ aviasiya məktəbində təhsil almaq üçün tərk etmişdi.

Bundan az sonra onun xərçəngdən əzab çəkən atası Məhəmməd Rza Pəhləvi taxt-tacını qoyub ölkəni tərk etməyə məcbur olacaqdı.

“Dinc inqilaba” çağırış

İran inqilabı ölkədə İslam Respublikasının elan edilməsi və ABŞ səfirliyinin girov götürülməsi ilə nəticələnmişdi.

İnqilab nəticəsində hakimiyyətə gələn ayətüllah Ruhulla Xomeyni İsraili “İslam düşməni” adlandırmış və bu ölkə ilə bütün münasibətləri kəsmişdi.

İsrail də İranı yəhudi dövləti üçün ən böyük hədə hesab edir və bildirir ki, İran rəhbərləri zaman-zaman İsrail dövlətinin məhv edilməsinə çağırıblar.

İsrail bunu da bildirir ki, İran regionda ona düşmən olan qruplaşmaları maliyyələşdirir və atom bombası istehsal etməyə çalışır.

Tehran onun nüvə proqramının dinc səciyyə daşıdığını bildirir.

İnqilabdan az sonra. Şah ailəsi Baham adalarında. Əli Rza Pəhləvi sağ tərəfdədir
İnqilabdan az sonra. Şah ailəsi Baham adalarında. Əli Rza Pəhləvi sağ tərəfdədir

Oğul Pəhləvi hələ də ABŞ-da yaşayır. O İranda dinc inqilaba, dini rejimin parlamentli monarxiya ilə əvəzlənməsinə çağırıb.

O habelə vəd edib ki, İranda insan haqları bərpa olunacaq və dövlət tərəfindən idarə olunan iqtisadiyyat modernləşdiriləcək.

AP yazır ki, onun hakimiyyətə qayıtmaq üçün kütlələrin dəstəyinə nə dərəcədə nail ola biləcəyi məlum deyil.

XS
SM
MD
LG