Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:21

Ukrayna taxılı Avropanı ‘çörək sınağına’ çəkir


Rumıniyada fermerlərin etiraz aksiyası
Rumıniyada fermerlərin etiraz aksiyası

AzadlıqRadiosunun müxbiri Rikard Cozviyak yazır ki, Polşa və Macarıstanın ötən həftəsonu Ukraynadan bütün kənd təsərrüfatı məhsulunun daşınmasının bloklanması qərarı Brüsseli təəccübləndirsə də, əslində təəccübləndirməməli idi.

Çünki təkcə Varşava yox, şərqi Avropa ölkələrinin başqa paytaxtlarından da son altı ayda Ukrayna mallarına blokun ərazisinə rüsumdan azad giriş verilməsinin xoşagəlməz nəticələri, o cümlədən yerli bazarlara mənfi təsiri barədə xəbərdarlıqlar səslənirdi.

Digər tərəfdən yaranmış vəziyyət həm də şərqi Avropadakı müttəfiqlərin Ukraynaya onun Rusiyaya qarşı müharibəsində dəstəyinin hüdudlarını sınağa çəkə bilər.

Polşa indiyədək Ukraynanın təcavüzə qarşı mübarizəsində ən böyük dəstəkçi olub. Varşava Ukrayna qaçqınlarını qəbul edib, Kiyevə daha güclü silahların verilməsi üçün Qərbi səfərbər edib, Ukraynanın Avropa İttifaqı üzvlüyü üçün səylər göstərib. Lakin bütün bunlara baxmayaraq iki ölkə arasında müəyyən tarixi ziddiyyətlər qalmaqdadır.

Buna görə də Ukraynaya dəstək verilməsində açıq həvəssizlik göstərən Macarıstanın Ukrayna mallarına blok qoyulması qərarından ikiəlli yapışmasını başa düşmək olar. Lakin Avropa diplomatlarını Ukraynaya yardımın vacibliyindən “mühazirələr oxuyan” Polşanın qərarı təəccübləndirib.

Cozviyak yazır ki, Polşa və Ukrayna arasındakı siyasi yaxınlıq nəzərə alınarsa, bu son maneənin də üstündən aşılacağını gözləmək olar, amma bu, hər halda Ukraynaya dəstək düşərgəsində ilk çat hesab olunmalıdır.

Seçki amili

Müxbirin fikrincə bunun iki səbəbi var. Birincisi, vaxt məhduddur. Bu payız Polşada parlament seçkisi keçirilməlidir. Şərhçilər hakim Qanun və Ədalət Partiyasının bu seçkidə 2015-ci ildən bəri ən güclü rəqabətlə üzləşəcəyini gözləyirlər.

Hakim partiya indiyədək öz hakimiyyətində ölkənin aqrar ərazilərinə güvənib. Varşava Avropa İttifaqından aldığı maliyyə dəstəyini məhz regionlara və kənd təsərrüfatı sahələrinə yönəldib.

Hazırda bir sıra başqa şərqi Avropa ölkələrində olduğu kimi Polşada da fermerlər ucuz Ukrayna məhsulları ilə rəqabətə qarşı etiraz edirlər.

İkinci bir məsələ Ukraynanın Avropa İttifaqına üzvlüyü prosesidir. Məqalədə deyilir ki, Avropa diplomatlarının fikrincə, Varşavanın bu məsələdə Kiyevə dəstəyi getdikcə azala bilər. Çünki belə hallar Avropa İttifaqının genişlənməsi prosesində əvvəllər də olub.

Məsələn Almaniya 2004-cü ildə şərqi və mərkəzi Avropa ölkələrinin ittifaqa qoşulması zamanı kifayət qədər sərt mövqe tutmuşdu. Berlin onun bu genişlənmədən nə dərəcədə mənfəətlənə biləcəyini götür-qoy edirdi.

Ekspertlərin fikrincə belə olduğu halda Avropa İttifaqının daha yoxsul ölkələrini, Ukrayna kimi yoxsul, amma ərazicə xeyli böyük bir ölkənin bloka qoşulmasının onları necə təsirləndirəcəyi narahat etməyə bilməz. Belə ki, Avropa İttifaqının şərqi Avropaya yönəlik büdcəsinin daha bir mənfəətdarı yaranacaq.

Öz-özünə çözüləcək problem?

Müəllif belə bir sual verir: Elə isə hazırkı problem necə çözüləcək? İttifaqda ticarət siyasətini Avropa Komissiyası müəyyən edir. Yəni mövcud qaydaya görə ittifaq üzvləri Polşa və Macarıstan kimi hərəkət edə bilməzlər. Komissiya son məqamda bu ölkələri hətta Avropa Ədalət Məhkəməsinə verə bilər.

Lakin bəzi ekspertlərin fikrincə ikinci bir yol da var. İşin məhkəməyə gedib çıxması və orada ona baxılması aylarla çəkə bilər, amma halbuki Macarıstan və Polşa Ukrayna aqrar mallarının blokun ərazisinə girişini yalnız iyun ayının sonunadək bloklayıblar. Başqa sözlərlə problem tədricən öz-özünə həll oluna bilər.

Bir məsələ də var ki, Polşa və Macarıstan qadağanı həm də ictimai sağlamlığa mümkün təhlükə səbəbilə qoyduqlarını deyirlər. Onlar bildirirlər ki, Ukrayna taxılının bəzi partiyalarında malqaraya yem üçün nəzərdə tutulmuş taxıl insanların ərzaq kimi istifadəsi üçün olan taxılla qarışıb.

Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir, amma ümumilikdə yaranmış vəziyyət kompromisə yer qoyur. Belə ki, qadağan Ukraynadan gələn bütün mallara yox, yalnız taxıla qoyula bilər.

Digər bir yol da budur ki, Ukrayna taxılı Avropa İttifaqı ərazisinə yalnız tranzit məqsədilə daxil ola bilsin və ilişərək yerli bazarlara çıxmasın.

Təmənna və kompromis

Bəzi şərhçilər bildirirlər ki, ola bilsin Polşa və başqa ölkələr bu mübahisədə Brüsseldən daha çox kompensasiya qoparmağa çalışırlar. Avropa Komissiyası mart ayında, xüsusilə də Polşada prosesdən təsirlənən fermerlər üçün 56.3 milyon avro təzminat təklif edib və əlavə edib ki, bu fond daha da genişləndirilə bilər.

Amma buna qədər hələ bir mərhələ də var. Avropa İttifaqının 27 üzvünün səfirləri aprelin 19-da Ukrayna mallarının rüsumdan azad edilməsinin daha bir il uzadılması məsələsinə baxacaqlar.

Başqa vaxtlarda bu, formal və rahat bir qərar olmalı idi, amma bu dəfə belə olmaya bilər.

Ümid yaradan başqa bir məqam da budur ki, Avropa İttifaqında ticarətlə bağlı məsələlər barədə qərarların qəbulunda konsensus yox, sadə çoxluq məqbul sayılır.

Bu o deməkdir ki, üzvlərin 55 faizi (27 üzvdən 15-i) qərarın leyhinə səs verə bilər. Bu da qeyd olunmalıdır ki, bu 15 ölkə ittifaq əhalisinin 65 faizini təmsil edir.

Hazırda Avropa İttifaqına rotasiyalı prezidentlik edən İsveç müsbət qərarın qəbul ediləcəyindən əmindir.

Burası da var ki, bu proseslər Ukrayna ilə həmrəyliyin müəyyən bədəli olduğunu göstərib.

XS
SM
MD
LG