Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Yeni 'baş kollektiv' sazişdə hansı yeniliklər var?


'İnhisarçı şirkətlərin mövqeyi daha da gücləndi': 2022-ci il nə ilə yadda qaldı
Gözlə

No media source currently available

0:00 0:07:20 0:00

'İnhisarçı şirkətlərin mövqeyi daha da gücləndi': 2022-ci il nə ilə yadda qaldı

Azərbaycanda hər iki ildən bir rəsmi adı "baş kollektiv" olan saziş imzalanır. Bu saziş uyğun icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları və işəgötürənlərin arasında bağlanır. Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası bu sazişi imzalayan tərəflərdir. Saziş hər üç tərəfin üzərinə öhdəliklər qoyur. Bu öhdəliklər əmək şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmini və digər sosial müdafiə tədbirlərini əhatə edir. 2023-2025-ci illəri əhatə edən yeni saziş bu ilin martında bağlanılıb. Yeni baş kollektiv saziş öncəkindən bir qədər fərqlənir.

İqtisadi siyasətlə bağlı öhdəliklər artıb

Altı bölməli baş kollektiv sazişin ilk bölməsi iqtisadi siyasət sahəsində öhdəliklərlə bağlıdır. Bu sahədəki münasibətləri tənzimləyən bir öncəki (2020-2022) sazişdə 49 bənd vardı, yenisində onların sayı 70-ə yüksəlib. Qısası, iqtisadi siyasət sahəsində öhdəliklərin sayı artıb. Bu artımın bir əsas səbəbi də su təminatı məsələləridir. Məsələn, yeni kollektiv sazişdə göstərilib ki, hökumət uyğun proqramlar çərçivəsində beynəlxalq inkişaf fondlarının fəaliyyətinə şərait yaratmalı və ölkənin suvarma sisteminə investisiyaları artırmalıdır. Sazişdə ayrıca qeyd edilib ki, su itkisinin azaldılması və beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsi üçün mövcud suvarma sistemləri yenilənməlidir.

Öncəki sazişdən fərqli daha bir məqam var. Ayrıca bənddə yazılıb ki, fermerlərə suvarma suyunun güzəştli satışı mexanizmi təkmilləşdirilməli və bu, texniki-iqtisadi baxımdan əsaslandırılmalıdır. Mövcud ehtiyac və resursları qiymətləndirməklə kiçik sututarları yaratmaq, artezian quyuları qazmaq və suvarma kanallarını genişləndirmək də öhdəliklərə artırılıb.

Su çatışmazlığı ilə yanaşı, son dönəmin digər bir aktual məsələsi qida təhlükəsizliyidir. Yeni sazişə əlavə edilən bənddə bildirilir ki, ölkədə qida güvənliyi və çağın tələblərinə uyğunlaşmaq üçün beynəlxalq akkreditasiyalı və dünya standartlarına uyğun laboratoriyalar fəaliyyət göstərməlidir. Qida güvənliyinə təminat sisteminin Avropa İttifaqı və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılması da yeni öhdəliklər arasındadır.

Avropa Sosial Xartiyası yenidən xatırlanıb

Baş kollektiv sazişdə ən az bəndin olduğu bölmə "əhalinin gəlirləri, əməyin ödənilməsi və həyat səviyyəsi" adlanan ikinci bölmədir. Bir öncəki sazişdə bu bölmədə 14 öhdəlik vardı, indi say 17-yə çatdırılıb. Təhsil sahəsində səriştə və nəticəəsaslı diferensiallaşdırılmış əməkhaqqı sisteminin yaradılması mexanizminin hazırlanmasına dair bənd diqqət çəkir.

Yeni kollektiv sazişdən o da bəlli olur ki, hökumət köhnə vədlərindən birini təkrar xatırlayıb. Sazişdə minimum maaşın ölkədəki orta əməkhaqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması da yeni öhdəlik kimi qarşıya qoyulub. Azərbaycan 2000-ci illərin ortalarında bu xartiyanı qəbul edərkən minimum maaşı orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqla bağlı öhdəlik götürmüşdü. Hətta bu öhdəlik "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasının da hədəflərindən biri idi. Ancaq hökumət indiyədək bu hədəfinə çata bilməyib. Açıqlanan son rəqəmlərə görə, Azərbaycanda orta aylıq əməkhaqqı 855 manatdır. Ölkədə minimum əməkhaqqı 345 manatdırsa, bu o deməkdir ki, minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 40 faizi qədərdir. Deməli, həmin göstəricinin 60 faizə yüksəldilməsindən ötrü minimum maaş, ən azı, 500 manatı ötməlidir.

"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunda dəyişikliklər də sazişdə nəzərdə tutulan yeniliklərdən biridir.

İxtisaslı kadrlara ehtiyac

"Əmək bazarının inkişafı" bölməsi üzrə kollektiv sazişə əlavə edilən yeni öhdəliklərin əsas bölümü işçilərin hazırlıq səviyyəsi ilə bağlıdır. Məsələn, saziş çərçivəsində nəzərdə tutulan yeni öhdəliklərdən biri işçilərin əlavə təhsil müəssisələrində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasıdır. Bu işləri, təbii ki, təşkil etmək lazımdır. Bu saziş hökumətin üzərinə müasir təminatlı və yeni məzmun əsasında peşə hazırlığı mərkəzləri yaratmaq öhdəliyi də qoyur. Qeyri-formal və informal üsullarla əldə olunmuş və tanınması nəzərdə tutulan kvalifikasiyaların sayını artırmaq da yeni bəndlər arasındadır.

Azərbaycanda rəsmi şəxslər son dövrlər tez-tez ölkədə universitetlərin kadr hazırlığı istiqamətləri ilə bazarın tələblərinin uyğun olmadığını dilə gətirirlər. Bir çox məzunun bilik və bacarıqları da əmək bazarında rahatca iş tapmalarını çətinləşdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yaxınlarda ölkədə ən çox tələb olan peşə sahələrini açıqlayıb. 2020-2022-ci illər ərzində iş elanları saytında yerləşdirilən 25 min iş elanı əsasında aparılan hesablamalara görə, bu tip saytlarda ən çox mühasib axtarılır (bütün elanların 17.5 faizində). Digər dördlükdə marketinq və satış (13.9 faiz), İKT və dizayn (10.3 faiz), pərakəndə ticarət (9.1 faiz) və təchizat-logistika (6.2 faiz) üzrə iş elanları yer alır.

XS
SM
MD
LG