Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:55

Banklar kredit verəndə vətəndaşın maliyyə durumunu necə yoxlayır


Banklar yenə borca düşdüklərini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Banklar yenə borca düşdüklərini deyirlər (Arxiv. 2021)

"Aylıq yaxşı maaşım var idi deyə, bankdan kredit verdilər. İndi işsizəm, bankın kredit faizləri yığılıb qalıb, ya böyrəyimi satıb ödəməliyəm, ya da gözləməliyəm həbsə atsınlar", – bu sözləri AzadlıqRadiosuna şərti adı Firudin Qasımov olan Bakı sakini deyib.

Qasımov 2020-ci ildə bankların birindən 10 min manat kredit götürüb. O zaman mebel mağazasına 3 min manat, eləcə də qaz-işıq pulu borcu olduğunu deyir. Kredit götürdükdən dörd ay sonra işsiz qalan Qasımov borcunu ödəyə bilmir, üzərinə faiz yığılan borcun həcmi şişir.

Azərbaycan vətəndaşlarının banklara istehlak kreditinin həcmi bu ilin əvvəlində 5 milyard manatdan çox olub. Həmin dövrdə ipoteka kreditləri portfeli isə 139 milyon 596 min manat artaraq 3 milyard 124 milyon 755 min manata çatıb. Bununla da əhalinin banklara ümumi borcu 9 milyard manatı keçib.

Krediti ödəyə bilməyənlər, həbs olunanlar var

Təkcə 2022-ci ildə təqaüdçülərin banklara borcu 343 milyon manat artıb. Mərkəzi Bank neçə faiz şəxsin borclarını ödəməkdə çətinlik çəkdiyini açıqlamır.

Ekspertlər təqaüdçülərin də kredit borcunu gecikdirənlərdən olduğunu deyir. Belə təqaüdçülərdən biri AzadlıqRadiosuna deyir ki, bank cüzi pensiyasını kredit üçün tutur, qalan hissəni də özü ödəyir: "Həyətdəki inəyin südünü satırıq. Oğlum məni tovlayıb banka apardı, bank da baxmadı bu qoca adam pulu necə ödəyər, krediti verdi. Sonra da oğlum ölkədən getdi. İndi mən əlləşirəm. Kaş, verməzdi bank o pulu....".

Mübariz Bayramov isə "Unibank"a 6 min manat borcunu tam ödəyə bilmədiyi üçün 2015-ci ildə bir ay müddətinə inzibati həbs cəzası alıb. O, bankların şirnikləndirici təkliflər verərək vətəndaşın borcu qaytara bilməmək, gecikdirmək ehtimalını nəzərə almadığını iddia edir: "Sənə hazırkı durumuna görə pulu verir. Sonra da gecikdirəndə gah hədə-qorxu gəlir, gah da başqa üsullar təklif edir. Mən də həbs edilmişdim, sonradan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verdim, bankı udub 3 min 600 avro da qazandım. Halbuki bank mənə vaxtı ikən güzəşt etsəydi, o pulu qaytara bilərdim. Nə düzgün araşdırma var, nə də güzəşt...".

Müəllim xəstəliyi ucbatından kreditlərin içindən çıxa bilmir
Gözlə

No media source currently available

0:00 0:06:48 0:00

Kredit qurbanları necə seçilir

Mərkəzi Bankın kredit risklərinin qiymətləndirilməsi qaydasına görə, kredit üçün müraciət edənlər yoxlanılır. Borcalanın yaşı, iş təcrübəsi, kredit ödəmək tarixçəsi, gəlirini hansı istiqamətdə xərcləməsi, eləcə də gəliri dayanarsa, məbləği necə ödəyib-ödəyə bilməyəcəyi araşdırılır. Tərtib edilən bu qaydalara da ölkədə fəaliyyət göstərən banklar riayət etməlidir.

Vətəndaşların kredit üçün əsasən üz tutduğu banklardan AzadlıqRadiosuna bildirilib ki, onlar Mərkəzi Bankın qaydalarına əsasən kredit riski qiymətləndirməsi aparır. Vətəndaş borcunu qaytara bilmədiyi halda isə, qurumun kredit şöbəsi və aidiyyəti üzrə hüquqşünas işçisi borcalan ilə söhbət aparır. Eləcə də, kredit gecikdiyi və ya ödənilmədiyi halda, ya zaminə üz tutulur, ya da sövdələşmə zamanı göstərilən əmlakı müsadirə edə bilir.

Banklar neyləsin

Bank-maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov bankların başqa çıxış yolu olmadığını, hər kəsin öz borcuna görə əmlakı həddində cavabdehlik daşıdığını deyir. Onun sözlərinə görə, "kredit bürosu" deyilən şöbə yalnız bank və bank olmayan kredit təşkilatlarına olan borcları göstərir və bu risklidir: "Çünki kredit bürosu yalnız vətəndaşın müəyyən yerlərə borcunu onlayn öyrənə bilir. Məsələn, insanların lizinq şirkətlərinə, ticarət şəbəkələrinə borcu ola bilər və büro bunu göstərməyəcək. Bu, vətəndaşın riskli olma ehtimalını yaradır. Lakin banklar bunu yoxlamır, sırf kredit tarixçəsi və gəliri qaneedici olanlara kredit verir. Ondan sonra da vətəndaş borcunu ödəyə bilməyəndə ya məhkəməyə verirlər, ya da hər hansı yol ilə pulu ala bilmək cəhdləri edirlər".

Vətəndaşın kredit ödənişlərindən sonra əlində ən azı yaşayış minimumu qalmalıdır. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat müəyyənləşdirilib. Bu məbləğ əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manatdır.

Həsənov qeyd edir ki, hazırda banklar yalnız iki istiqamətdə borcları görə bildiyi üçün vətəndaşlara kredit verirlər. Nəticədə isə vətəndaşın iqtisadi durumu bir az axsayan kimi borc üstünə borc gəlir. Hüquqşünas təklif edir ki, kredit bürosunun daxilində vətəndaşın bütün borclarının göstərildiyi bir sistem yaradılsın, kommunal, lizinq və digər borcları sistemdə əks olunsun. Həsənov vətəndaşın pulu ödəyə bilməməsinə görə krediti verən bankı günahkar sayır.

Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Elə AİHM də 2021-ci ildə borcunu ödəyə bilmədiyinə görə Mübariz Bayramov daxil olmaqla, üç nəfərin inzibati qaydada həbsini qanunsuz hesab edib. Həmin həbslərin Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (Ədalətli məhkəmə araşdırması hüququ) pozduğunu təsdiqləyib.

XS
SM
MD
LG