Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

'Demək asandır, əməl etmək çətin'. Vaşinqton müzakirələrinə Azərbaycandan baxışlar


ABŞ Dövlət katibi Entoni Blinken, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Arlinqtonda üçtərəfli danışıqları. 4 may 2023
ABŞ Dövlət katibi Entoni Blinken, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Arlinqtonda üçtərəfli danışıqları. 4 may 2023

Milli Məclisin deputatı Erkin Qədirli ABŞ paytaxtı Vaşinqtonda mayın 1-dən 5-nə kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müzakirələrini nəzərdə tutaraq "Turan"a bildirib ki, belə görüşlərin baş tutması özü çox yaxşı bir gedişatdır: "Özü də hələ belə şey olmayıb ki, dörd gün ard-arda xarici işlər nazirləri oturub danışalar. Görünür, həqiqətən, müsbət dinamika var, çünki əks təqdirdə bu qədər uzun müddət danışmazdılar. Ortada, ola bilsin ki, hansısa sənəd layihəsi də var".

O vurğulayır ki, tərəflərin nədə razılığa gəldiyini, nədə isə gəlmədiyini söyləmək çətindir, amma güman qurmaq olar: "Çox güman ki, Ermənistan hələ də Qarabağda yaşayan ermənilər üçün beynəlxalq təhlükəsizlik formatını tələb edir. Biz buna yol verə bilmərik və prezident dəfələrlə deyib ki, Qarabağdakı ermənilərin təhlükəsizliyini Azərbaycan özü təmin edəcək və heç bir beynəlxalq müşahidədən söhbət gedə bilməz".

E.Qədirli
E.Qədirli

"Səkkiz kəndi Ermənistan qaytaracaqmı?"

Deputatın fikrincə, digər məsələ 1991-ci ilin sərhədləri ilə bağlı ola bilər: "Düzdür, Nikol Paşinyanın özü də dilə gətirib ki, 1991-ci ilin sərhədlərinə qayıdaq, amma burada konkret nə nəzərdə tutulduğunu özü açıqlamır. Çünki həmin sərhədlərə görə, bizim Ermənistanda anklavlarımız olub -Qazaxın yeddi və Naxçıvanın bir kəndi. Bu səkkiz kəndi Ermənistan qaytaracaqmı? Bunu demək asandır, əməl etmək çətin olacaq".

Əslində Ermənistan rəsmiləri də deyirlər ki, onların da Azərbaycanda anklavları var, Azərbaycan da onların bəzi ərazilərini işğal edib.

E.Qədirlinin əlavə vurğulamasına görə, üçüncü məsələ Zəngəzur dəhlizinin (Ermənistanın Sünik bölgəsindən keçməsi nəzərdə tutulan yol) açılmasıdır: "Bununla bağlı Ermənistan öz öhdəliyini icra etmir və əvəzində Laçın yolu üçün status tələb edir, halbuki, Laçın yolu Azərbaycanın suveren ərazisidir".

Yeri gəlmişkən, Ermənistan rəsmiləri də bildirir ki, əslində 2020-ci il Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatda Laçın dəhlizindən fərqli olaraq Ermənistan ərazisində dəhliz yox, yolun açılmasından bəhs edilir. Onlar hesab edirlər ki, bu iki məsələni eyniləşdirmək olmaz.

"İndiki kontekstdə mümkün deyil"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı hesab edir ki, danışıqların strategiyasını ABŞ-ın hazırlamalı olduğunu həm Ermənistan, həm də Azərbaycan tərəfi başa düşür. "İndi Ukraynada gedən müharibəyə paralel olaraq belə bir danışıqları aparmaq ona görə səmərəlidir ki, Rusiyanın həmin müharibədə tam taqətdən düşdüyü bir dönəmdə Ermənistan və Azərbaycan artıq müəyyən bir yolu qət etmiş olacaqlar. Rusiyanın artıq Cənubi Qafqazda zəifləməsi və burdan getməyə başlaması dönəmində bu danışıqları intensivləşdirib nəyəsə nail olmaq olar",-o, AzadlıqRadiosuna bildirib.

A.Qasımlı
A.Qasımlı

Amma ekspert danışıqların indiki mərhələsində sülh sazişinin imzalanacağını gözləmir. Onun fikrincə, Ermənistan-Azərbaycan münasibətlərinin müqəddəratını indiki kontekstdə həll etmək mümkün deyil: "Azərbaycanda İlham Əliyev iqtidarıdır, Rusiya və Vladimir Putinlə özəl münasibətləri var. Bu münasibətləri qıra, Rusiyadan qopa bilmirlər. Ermənistan da Azərbaycanın bunu etmədiyi bir vəziyyətdə, təbii ki, bütün kartları açıb Azərbaycanla sülhə gedə bilmir. Bu kontekstdə nə qədər ki, Rusiya Cənubi Qafqazdadır, Qarabağdadır və proseslərə təsir etməyə imkanı var, indiki mərhələdə sülhün olmasını gözləmirəm. Bu, perspektivə tuşlanmış görüşlərdir".

Vaşinqtonda dörd gün

Mayın 1-də Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Daha sonra nazirlər ikitərəfli müzakirələrə davam ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb ki, nümayəndə heyətləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə razılıq əldə etsələr də, bəzi əsas məsələlərlə bağlı fikir ayrılığı qalır.

ABŞ-ın dövlət katibi Blinken isə qeyd edib ki, "konstruktiv" ikitərəfli və üçtərəfli danışıqlar silsiləsindən sonra tərəflər çətin məsələlərlə bağlı əhəmiyyətli irəliləyişə nail olublar.

Ermənistan tərəfi də müzakirələri oxşar şəkildə dəyərləndirib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG