Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:57

Abbas Hüseynov Qobustan həbsxanasına qaytarıla bilər


Abbas Hüseynov
Abbas Hüseynov

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvlərindən Abbas Hüseynov yenidən Qobustandakı qapalı həbsxanaya qaytarıla bilər. Bu barədə Nizami rayon Məhkəməsində qərar çıxarılıb.

2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs olunan və 20 il azadlıqdan məhrum edilən Hüseynov haqqında hökmdə ona kəsilən bu cəzanın ilk 5 ilini həbsxana rejimində çəkməsi göstərilmişdi. Həmin müddət başa çatandan sonra MBH üzvü səhhətindəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılırdı. Oradan isə aprelin 8-də 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

"Üzünü təmizləməyib"

Bu müəssisəyə gələndən dərhal sonra Hüseynov orada cərimə kamerasına (kars) salınıb. Az sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhkəməyə təqdimat verib ki, Hüseynovun saxlanma rejimi dəyişdirilsin və o, 3 illik həbsxanaya köçürülsün.

Cəzaçəkmə müəssisəsinin rəisi təqdimatda Hüseynovun 2015-ci ildə həbs olunandan bu yana Bakı İstintaq Təcridxanasında, Qobustan həbsxanasında, Müalicə Müəssisəsində, hətta Bakı Ağır Cinayətlər Məhkəməsində belə, yol verdiyi intizam qaydaları pozuntularını sadalayıb. 1 saylı Cəzaçəkmə Müəssisəsində baş verənlərə gəlincə, yazıb ki, "Hüseynov səhər yoxlamasına çıxmayıb, üzünü təmizləməyib".

Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev təqdimatı qismən təmin edib – Hüseynovun 1 illik həbsxanaya köçürülməsinə qərar verilib. Onun vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Anası etiraz aksiyası keçirməyə cəld edib

Abbas Hüseynovun anası Rəhimə Hüseynova oğlunun işgəncəyə məruz qaldığını, ona qarşı təxribatlar hazırlandığını deyir. O, mayın 15-də bununla əlaqədar Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəld edib. Metronun "İçərişəhər" stansiyasının qarşısında onun qarşısını polislər kəsib. Lakin Hüseynova Prezident Administrasiyasında qəbulda olub.

"Şərləyib həbs ediblər, 8 ildir günahsız cəza çəkir, ürəkləri soyumur. İnsana nə qədər zülm edərlər? Burnunu sındırıblar, nəfəs ala bilmir. Yerə yıxıb, başına təpiklə vurublar. Nə istəyirlər mənim övladımdan?", – Hüseynovanın sözləridir.

O hesab edir ki, Abbas Hüseynovun həbsxana rejiminə köçürülməsi onun intizam qaydalarını pozması ilə bağlı deyil, məqsədli şəkildə atılan addımdır.

Rəhimə Hüseynova baş verənlərlə əlaqədar mayın 16-da Penitensiar Xidmətin rəhbərliyi ilə də görüşmək niyyətindədir.

Hüseynovanın iddialarına Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Ədliyyə Nazirliyindən də AzadlıqRadiosunun bu barədə sualları cavablandırılmayıb.

Hüseynov niyə həbsdədir

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə Nardaranda keçirilən əməliyyat nəticəsində həbs olunub. Həmin əməliyyat zamanı ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfər öldürülüb.

Həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, qanunsuz silah saxlama və başqa ağır maddələrlə 14 il 6 aydan 20 ilə qədər azadlıqdan məhrum edilib. Bağırov və Hüseynovun hər birinə 20 il həbs cəzası verilib. Həbs olunanların heç biri özünü təqsirli bilməyib, ittihamların saxta olduğunu, qətlə yetirilənlərin hamısının əməliyyat keçirən polislər tərəfindən öldürüldüyünü bildiriblər. Onlar saxlanılarkən və sonradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi Nardaran hadisələri zamanı həbs olunanların işgəncə iddialarını təkzib edib.

XS
SM
MD
LG