Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 20:00

Almaniyadan qaytarılandan sonra həbs olunan: '...hərəsi bir kolun altında gizlənibmiş...'


Samir Aşurov
Samir Aşurov

Almaniyadan deportasiya olunub Bakıya göndəriləndən az sonra burada həbs olunan Samir Aşurov deyir ki, bu, onun üçün gözlənilməz olmayıb. Çünki ondan öncə Almaniyadan Azərbaycana qaytarılan dörd nəfər siyasi fəal eyni aqibətlə üzləşmişdi. Aşurov bunu mayın 15-də öz məhkəməsində deyib.

1 il 1 aydır həbsdə olan Aşurovun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttiham

O, 2022-ci ilin aprelində metronun "Neftçilər" stansiyasının yaxınlığında Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Cinayət işinin materiallarında iddia edilir ki, Aşurov aprelin 19-da axşam saat 21.15 radələrində küçədə telefonuna baxa-baxa gedəndə üzbəüz gələn Nəbiyevə çiyni ilə toxunub. Nəbiyev buna görə ona irad bildirib. Bu üzdən Aşurov onu yerə yıxıb, üstündəki bıçaqla qarın boşluğundan iki zərbə vurub.

Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib. Bu maddələrdə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin Aşurov özünü təqsirli bilmir, bu ittihamın uydurma, hadisənin isə əvvəlcədən planlaşdırılmış təxribat olduğunu deyir.

Onun işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxındır ki, başlayıb, 10 dəfədən çox təxirə salınaraq keçirilməyib. Aşurov və onun vəkili zərərçəkmiş qismində tanınan Nəbiyevin özünün də məhkəmədə iştirakını tələb edir, ona sualları olduğunu bildirirlər. Lakin zərərçəkmiş qismində tanınan şəxs məhkəməyə gəlməkdən imtina edir.

"Qətiyyən yeni yara yeri deyildi"

Mayın 15-də onun vəkili məhkəmədə bildirib ki, zərərçəkmişin səhhətində problemlər var, bu üzdən iştirak edə bilməyəcək. Lakin Aşurov bununla razılaşmayıb, onun barəsində məcburi gətirilmə qərarı çıxarılmasını istəyib.

"O adam Nizami rayonundakı polis idarəsində qarnındakı yara yerini göstərdi. Qətiyyən yeni yara yeri deyildi. Bir neçə il əvvəlki yaranın yeri idi, təzə yara kimi göstərirdi. Saxtakarlıq eləyirdi. Hamı bilir ki, bu, məni həbs etmək üçün bir oyundur, mən kimisə vurmamışam. Mənim üstümdə bıçaq olmayıb", – Aşurov məhkəmədə bildirib.

Prokurorun, zərərçəkmişin vəkillərinin və öz müdafiəçilərinin suallarını cavablandıran Samir Aşurov bildirib ki, həbs olunmasının səbəbi siyasi fəaliyyətidir. O, həmin gün baş verənləri belə xatırlayır: "Axşam evə gedirdim. Bir nəfər qışqıra-qışqıra üstümə gəldi. Təxribat olduğunu anlayıb, qaçmağa başladım. Qaçanda ətrafdakı ağacların altından polislər çıxdı. Sən demə, əvvəldən hərəsi bir kolun altında gizlənibmiş...".

O əlavə edib ki, saxlanılandan sonra Nizami rayonu, 24-cü polis bölməsinə gətirilib. Orada işgəncələrə məruz qaldığını vurğulayan Aşurov deyir ki, döyülməkdən əynindəki paltarlar da cırılmışdı: "Döyülməkdən köynəyim cırıq-cırıq idi...".

Zərərçəkmişin gəlməsi üçün addımlar atılacaq

Məhkəmə prosesi mayın 31-də davam edəcək. Hakim Faiq Qəniyev bildirib ki, növbəti məhkəmə iclasında zərərçəkmişin iştirak etməsi üçün lazım olan addımlar atılacaq.

Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edilib, aprelin 19-da isə həbs olunub.

Son ilyarım ərzində Almaniyadan deportasiya olunanlardan altı nəfər Azərbaycana qayıdandan sonra həbs olunub. Onlara qarşı narkotik və başqa ittihamlar irəli sürülüb. Amma heç biri ittihamı qəbul etmir, Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak etdiklərinə, hökumətin ünvanına səsləndirdikləri tənqidlərə görə şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu bildirib: "Bu cür fikirlər qətiyyən həqiqətəuyğun deyil".

XS
SM
MD
LG