Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:16

Azərbaycanın pambıq ixracından gəliri 55 faiz azalıb


Prezident İlham Əliyev Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə baxıb. 2016
Prezident İlham Əliyev Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə baxıb. 2016

Səkkiz il öncə dünya bazarlarında neftin ucuzlaşması Azərbaycana ciddi problemlər doğurdu. Ölkənin valyuta gəlirləri azaldığından hökumət büdcə öhdəliklərini yerinə yetirərkən çətinliklə üzləşdi. Beləcə, ölkənin milli valyutası - manat bir il içində iki dəfə dəyər itirdi. Ölkənin istər iqtisadi göstəriciləri, istərsə əhalinin sosial durumu pisləşdi və... axır ki, hökumət enerji asılılığından qurtulma planlarını düşünməyə başladı. Devalvasiya dövründə hökumətin, azalan enerji gəlirlərini kompensasiya etmək baxımından, öncəliklərindən biri pambıqçılıq idi. Sovet dönəmində inkişaf etsə də, müstəqillikdən sonra bu sahəyə maraq azalmışdı.

Beləcə, rəsmi şəxslərin pambıqçılığa marağı artdı. Hətta ölkə prezidenti pambıq yetişdirilən rayonların icra başçıları ilə müşavirələr keçirməyə başladı. Rəsmi rəqəmlərə görə, devalvasiya ilində - 2015-ci ildə Azərbaycanda 18.7 min hektar pambıq əkilibmiş. Sonrakı bir neçə ildə həmin göstərici kəskin artdı. 2016-cı ildə pambıq əkinləri 51 min hektara yayıldı, daha bir il sonra isə 136 min hektara çatdı. Cəmi iki ildə ölkədəki pambıq sahələrinin həcmi yeddi dəfədən çox artdı. Son üç ildə belə sahələr təxminən 100 min hektar olub.

Bu da var ki, hökumətin azalan enerji gəlirlərini pambıqçılıq hesabına təmin etmək planı heç də birmənalı qarşılanmadı. Bir çox müstəqil ekspert buna görə hələ də hökuməti tənqid edir. Onların fikrincə, Azərbaycanın gəlir artırması və inkişafı baxımından ölkədə əlavə dəyər yaradan emal sənayesinin inkişafına ehtiyac var. Axı iqtisadi böhranı sovet dövründəki yanaşmalarla çözmək mümkün deyil. Bəzi mütəxəssislər düşünürlər ki, ölkədə su çatışmazlığı olduğu bir ortamda pambıq kimi çox su aparan bir sahəyə üstünlük verilməsini doğru yanaşma saymaq olmaz.

Hədəflərə çatıldımı?

2017-ci ildə Azərbaycanda pambıqçılığın gəlişdirilməsinə dair dövlət proqramı da qəbul edilmişdi. Bildirilirdi ki, bu proqramın icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min tona yüksələcək. Di gəl, rəsmi rəqəmlər göstərir ki, hökumət bu hədəfini gerçəkləşdirə bilməyib. Kənd Təsərrüfatı Nazirliyinin bilgilərinə görə, ötən il sahələrdən 322 min 300 ton pambıq yığılıb. Bu o deməkdir ki, dövlət proqramının icra edildiyi müddətin sonunda pambıq istehsalı hökumətin nail olmaq istədiyi göstəricidən (500 min tondan) 36 faiz az olub.

Açıqlanan bilgilərdən o da bəlli olur ki, ölkədəki pambıq istehsalının 90 faizə yaxını 10 rayonun payına düşür. Ötən il ilk yeri Ağcabədi rayonu tutub. Ölkədə pambıq istehsalının 12.5 faizi təkcə bu rayonun payına düşüb. Saatlı rayonunun payı 12.4 faizdir. Üçüncü yerdə Bərdə rayonudur – 11.1 faiz.

Pambıq ixracında diqqətçəkən əsas məqam Türkiyənin hegemon mövqeyə sahiblənməsidir. Azərbaycanın ixrac etdiyi pambıq lifinin 92 faizi, pambıq ipliyinsə 7 faizi Türkiyəyə göndərilib.

Azalan gəlirlər

Pambığın iqtisadiyyata qazandırdığı gəlirlər baxımından 2023-cü ili heç də uğurlu saymaq olmaz. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, bu ilin ilk dörd ayında Azərbaycan pambıq ixracından toplam 54.7 milyon dollar gəlir götürüb. Ötən ilin eyni dövründə bu göstərici 122.3 milyon dollar idi. Belə çıxır ki, son bir ildə Azərbaycanın pambıq ixracından götürdüyü gəlir 67.6 milyon dollar və ya 55 faiz azalıb və pambığın ölkənin toplam ixracında payı 1.03 faizdən 0.43 faizə enib.

Pambıq ixracından əldə edilən gəlirin azalma səbəblərindən biri də bu məhsulun ucuzlaşmasıdır. Bu ilin ilk dörd ayı ərzində bir ton pambıq lifinin orta ixrac dəyəri 1 min 828 dollar olub. Ötən ilin eyni dövründə həmin göstərici 2 min 282 dollar idi. Deməli, ötən illə müqayisədə bu il pambıq lifinin hər bir tonunun ixracından 454 dollar (20 faiz) daha az gəlir əldə edilib.

İxrac edilən pambığın çəkisi də azalıb. Ötən ilin ilk dörd ayında Azərbaycan 45 min 343 ton pambıq lifi ixrac etmişdi. Bu ilin eyni dövründə həmin göstərici 20 min 973 tona düşüb, başqa sözlə, iki dəfədən çox azalıb.

İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) bu məsələyə dair açıqlamasında bildirilir ki, bəlli ixrac bazarlarında pambıq ipliyinə tələb azaldığından və idxalda pambıq mahlıcına üstünlük verildiyindən toplam ixrac göstəriciləri aşağı düşüb. Türkiyədə baş verən güclü zəlzələ nəticəsində müəssisələrin fəaliyyətini dayandırması da idxalın azalma səbəblərindən biridir. Üstəlik, nəqliyyat çatışmazlığı da tədarük prosesini yubadıb. Bütün bunları nəzərə alan AZPROMO, uyğun dövlət qurumlarının da iştirakı ilə, pambıq ixracatçıları ilə görüş keçirib.

XS
SM
MD
LG