Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:03

Ermənistan KTMT-nin iclasına qatılmayıb, Paşinyan Zaxarovanı acılayıb


Ermənistanın müdafiə naziri Suren Papikyan
Ermənistanın müdafiə naziri Suren Papikyan

Ermənistanın müdafiə naziri Suren Papikyan Minskə getməyib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nazirlər şurasının orada keçirilən iclasında iştirak etmir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan verib.

Azatutyun yazır ki, nazirlik belə bir addımın atılmasının səbəbini açıqlamayıb.

Bununla belə mayın 25-də KTMT müdafiə nazirləri şurasının iclasında Rusiya müdafiə naziri Sergey Şoyqu TASS xəbər agentliyinə Ermənistanın təşkilatın tədbirlərində iştirakının mühümlüyünü bildirib:

“Ermənistan təşkilatımızın üzvü və müttəfiqimizdir. Biz sülhdə maraqlıyıq və Cənubi Qafqazdakı vəziyyətin stabilləşdirilməsi üçün mümkün olanı edirik. Eyni zamanda xüsusilə qeyd etmək istərdim ki, Ermənistan tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı tədbirlərində iştirakı mühümdür”.

Soyqu Cənubi Qafqazda Qərbin qarşısına KTMT-ni çıxarmaq istəyir

Minskdə keçirilən iclasda Şoyqu Qərbi Qarabağ ətrafında yaranmış vəziyyətə müdaxilə etmək və Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq cəhdlərində ittiham edib:

“Cənubi Qafqazdakı vəziyyətə gəlincə, bu daha çox Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi dərəcəsi ilə müəyyən edilir. Hazırda Dağlıq Qarabağda təhlükəsizliyi Rusiyanın sülhməramlı kontingenti təmin edir. Lakin Qərb hər bir vəchlə vəziyyətə müdaxilə etməyə, öz mövcudiyyətini böyütməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”.

Onun sözlərinə görə Qərbin əsas məqsədi regionda uzunmüddətli təhlükəsizlik və əmin-amanlığı təmin etmək yox, Rusiyanı buradan sıxışdırıb çıxarmaqdır:

“Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyasını göstərmək olar. Bu missiyaya hərbçilər və xüsusi xidmətlərin əməkdaşları daxil edilib. Düşünürəm ki, onların əslində nə ilə məşğul olduqlarını izah etməyə ehtiyac yoxdur. Bununla əlaqədar olaraq regiona KTMT missiyasının göndərilməsi istiqamətində işin davam etdirilməsini zəruri hesab edirik”.

Azatutyun xatırladır ki, ötən il Ermənistan KTMT-nin onun ərazisində keçirilməli olan təlimlərini ləğv edib.

Ermənistan rəsmiləri bəyanatlarında vurğulayırlar ki, KTMT Ermənistan qarşısında götürdüyü öhdəliklərə əməl etməyib.

Bu həftənin əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, Yerevan bu təşkilatın “kəsərsiz” struktur olduğunu görsə, KTMT-dən çıxması istisna olunmur.

O habelə deyib ki, Rusiya XİN-in nümayəndəsi onun bəyanatlarını “şərh edə bilməz” və o yalnız bu bəyanatları “nəzərə almalıdır”.

Zaxarova nə demişdi

Azatutyun xatırladır ki, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bu həftə Paşinyanın, öz ölkəsinin KTMT-dən çıxmaq ehtimalı barədə bəyanatını şərh etmişdi.

Zaxarova mayın 24-də keçirdiyi brifinqdə Paşinyanın bəyanatı barədə demişdi:

“Əgər bu nitq fiquru Ermənistanın KTMT-dən çıxmasına dair mövqeyini lobbi etmək üçündürsə, hər halda sözlərlə manipulyasiya etməyin bütün təhlükəliliyini başa düşmək lazımdır”.

Paşinyan parlamentdə keçirilən “hökumət saatı”nda bu barədə suala cavab verərkən onun bəyanatını kimin şərh etdiyini guya bilmədiyini bildirmişdi:

“Mənim RF-dəki həmsöhbətlərim prezident və Rusiya Federasiyası hökumətinin sədridir. Hətta Rusiya kimi hörmətli və dost ölkənin XİN-i də mənim dediklərimi şərh edə bilməz”.

Paşinyan KTMT-ni Ermənistan və Azərbaycan arasındakı qarşıdurmada birmənalı mövqe tutmadığına görə dəfələrlə tənqid edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG