Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:40

'6 min manat elə bil söyüş oldu mənə'. Qrantlardan narazı QHT sədrləri 


 "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin sədri Tahirə Məmmədova
"Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin sədri Tahirə Məmmədova

"15 min manatlıq layihə söz vermişdilər, ayırmadılar. Şuşa şəhidi ilə bağlı sənədli film üçün isə 6 min manat ayırdılar. Bu 6 min elə bil söyüş oldu mənə", – bu sözləri AzadlıqRadiosuna Şuşa-Xankəndi yolunda etiraz aksiyası zamanı əynindəki kürkü və əlində sıxdığı göyərçinin havaya buraxılanda yerə düşməsi ilə gündəm olan Qeyri-Hökumət Təşkilatı (QHT) rəhbəri Tahirə Məmmədova deyir.

Ayrılan pullara etiraz

Mayın 26-da QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2023-cü il üçün seçilən qrant layihələrinin siyahısını açıqlayıb. Agentlik yeddi istiqamət üzrə 416 layihəni qalib seçib. Həmin qrant müsabiqəsi çərçivəsində dövlət büdcəsindən 3 milyon 253 min 500 manat vəsait ayrılıb. Büdcədən qrant layihələrinə ayrılan vəsait bununla yekunlaşmır. "Heydər Əliyev ili"nə həsr edilmiş qrant müsabiqəsi çərçivəsində də büdcədən 135 min manat bu istiqamətdə xərclənəcək. Bu il Azərbaycanda keçmiş prezident Heydər Əliyevin 100 illiyi qeyd olunur.

Nəticələr açıqlanar-açıqlanmaz QHT rəhbərlərinin narazılıqları eşidilməyə başladı. Bir gün sonra, mayın 27-də günorta saatlarında 10-dan çox QHT rəhbəri Prezident Administrasiyasının qarşısında aksiya keçirib. Onlar QHT-lərə Dövlət Dəstəyi Agentliyinin onlara qarşı ayrıseçkilik etdiyini, ya layihələrini qəbul etmədiyini, ya da az vəsait ayırdığını deyərək giley-güzar ediblər. Etirazçıların bəziləri Şuşa-Xankəndi yolunda 2022-ci il dekabrın 12-dən bu il aprelin 28-nə kimi 138 günlük aksiyada iştirak etdiklərini xüsusi vurğulayaraq Agentliyi bunu nəzərə almamaqda suçlayıb. Həmin aksiyanı keçirənlər, əsasən, ekoloji tələblər qaldırırdılar. Ermənistan bu aksiya ilə Qarabağdakı ermənilərin blokadaya salındığını desə də, rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirirdi.

"7 min taksi puluna çatmır..."

PA önünə etiraza gələn "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" QHT-sinin sədri Radə Abbas "nə vaxta kimi uşağımın boğazından kəsib ofis pulu verəcəm" deyərək narazılığını bildirir: "Qəpik-qəpik hesablamışıq, 15 min manatlıq layihə vermişik. Siz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq hansı çox dəyərli layihəni ortaya qoydunuz ki, indi bizi bəyənmirsiniz? 7 min manatı QHT-yə bir illik fəaliyyət üçün verir və yüksək iş tələb edir. Özləri də bilirlər ki, o pul ilə yaxşı iş ortaya qoymaq olmayacaq. Mən müharibə veteranlarının problemlərinin həlli üçün çalışıram, o idarə, bu idarə, bu 7 min heç taksilərimin puluna çatmır".

2014-cü ildə qeydiyyatdan keçən bu QHT Dövlət Agentliyi yaranandan bu günə kimi layihələrinə görə dövlətdən 26 min manat vəsait alıb. Vəsaitlərin hamısı film çəkilişlərinə ayrılıb.

Ayrıseçkilik

"Biz buraya Agentlik rəhbərliyinin qrant müsabiqələrində dostuna-tanışına payladığı məbləğlərə etiraz etmək üçün gəldik, halbuki o vəsait heç kimin atasının pulu deyil", –"Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı mayın 27-də PA qarşısında etiraz aksiyasında deyib. O əlavə edib ki, Şuşanın "türk dünyasının mədəniyyət paytaxtı" elan olunması ilə bağlı rəsm müsabiqəsi layihələrinə 8 min manatın ayrılması onları qane etmir. Bu QHT-yə ötən il də 9 min 500 manat vəsait ayrılmışdı.

"Biz indi də prezidentimiz yanındayıq. Birinci biz getmişik Şuşaya. Həftələrlə rusun, erməninin qabağında olmuşuq. Ağzımızdan vururlar ki, "utanmırsınız, Şuşadakı aksiyada olmağınızı deyirsiniz". Bəs siz utanmırsınız? Məndə o fikir yoxdur ki, Şuşadakı aksiyada olmuşam, mənə 10 min yox, 20 min verilməlidir. Amma düşünürəm ki, hər zaman dövlətin yanında olan bu adamlar niyə sayılmamalıdır?", – o bildirib.

Heydər Əliyevə həsr ediləcək layihəyə "yox" cavabı

Tahirə Məmmədovanın sədri olduğu "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin 2007-ci ildə Azərbaycanla İraqı siyasi, sosial və mədəniyyət sahələrində bir-birinə tanıtmaq məqsədilə yaradılıb. Təşkilat son illər Qarabağ münaqişəsi haqda məlumatlandırma ilə də məşğul olduğunu bildirir. Məmmədova vətənpərvərlik mövzusunda layihələrə görə dövlətdən, bu il də daxil olmaqla, dörd dəfə maliyyə yardımı alıb. O, AzadlıqRadiosuna maliyyənin azlığından gileylənsə də, PA önündə aksiyaya qoşulmadığını xüsusi qeyd edir. "İraqda təntənəli şəkildə təqdimatını keçirmək istədiyim, 100 illiyə həsr ediləcək "Heydər Əliyev və Şərq dünyası" adlı kitab çapı haqda layihəm qəbul edilməyib", - deyir.

"İkinci layihəm Şuşa şəhidləri barədə ötən illərdən start götürən film layihəsi idi. Üçü haqda elə dövlət vəsaiti ilə sənədli filmi təhvil verdim, birinci yer tutan oldu, bir təşəkkür də etmədilər. Dördüncü film haqda layihəyə 6 min manat pul ayırıblar. Şəhidim də Beyləqan rayonundandır. Bu 6 min manat mənə söyüş oldu. 15 min manatlıq layihə sözü verilmişdi, hətta mən genişləndirib sənədli film və kitab çapı nəzərdə tutmuşdum, xaricdə tanıtımlar var idi. Əfsuslar olsun ki, işləyən adamları önə getməyə qoymurlar", – Məmmədova söyləyir. O, maliyyə sıxıntısı barədə Agentliyə müraciət edəcəyini də əlavə edir.

"Yol xərci, filmin çəkilişi, prodüserin və mühasibin maaşları, bank vergisi, hökumətin vergisi və digər xərcləri necə çatdıracam, onu düşünürəm. Hətta istədim ki, etiraz kimi qrantı qaytarım da. Düşünməsinlər ki, acgözlük edirəm, yox, söhbət yaxşı iş üçün lazımlı puldan gedir", – deyən Məmmədova agentliyin "elə də yaxşı işləməyən" QHT-lərə çox pul ayırdığını iddia edir.

Dövlət Agentliyi nə deyir

AzadlıqRadiosu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadan son hadisələrə münasibət ala bilməyib. Əliyeva ötən ilin sonunda AzadlıqRadiosuna deyirdi ki, layihələri xüsusi ekspertlər seçir və burada ədalətsiz davranışdan söz gedə bilməz. O, layihələrin üç mərhələdən keçərək müstəqil və peşəkar komanda tərəfindən yoxlanıldığını açıqlamışdı.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova isə abzas.org-a açıqlamasında layihələrin keyfiyyət standartlarının aşağı olduğunu vurğulayıb, eyni zamanda, narazılıqları da başadüşülən adlandırır: "Bununla bağlı təlimatlandırma aparırıq, amma yenə keyfiyyət çox aşağı idi. Layihələrin yazılış qaydasını, proqrama cavab verib-verməməsinə dair məsələləri əsas indikator kimi götürsək, çox az layihə keçərdi. Donor institutları müsabiqə elan edir. Həmin müsabiqədə "mütləq qalib gələcəksən" deyə bir şey yoxdur. Narazılıqlar başa düşüləndir, amma etirazların xüsusilə bu formatda edilməsi doğru deyildi. Çünki bizim aydın, hüquqi prosedurumuz var. Narazılığı olan QHT-lər bizə müraciət edir, biz şikayətlərinə baxırıq".

Səfərova Şuşadakı aksiyanın könüllü xarakter daşıdığını, qrant müsabiqəsinə təsir etmədiyini də sözlərinə əlavə edib.

"Yalnız bir QHT-yə 20-30 min manat ayrıla bilərdi"

İqtisadçı Fərid Abbasov dəyərləndirmə mexanizmlərində ciddi islahata ehtiyac olduğunu dilə gətirir və deyir ki, keyfiyyətli iş üçün məbləğ yüksək olmalıdır: "Amma o layihələr nə qədər vacibdir ki, dövlət ona pul ayırsın? Sonuncu müsabiqə nəticələrində qalib layihələrin əksəriyyəti bir-birinə bənzəyir. Məsələn, Şuşa ilə bağlı film üçün yalnız bir QHT-yə 20, yaxud 30 min manat ayrıla, normal keyfiyyətdə film ərsəyə gətirilə bilər. Bənzər işlərə həmin işləri ərsəyə gətirməyəcək məbləğlərin ayrılması dövlət büdcəsindən düzgün istifadə etməməyin nəticəsidir. Azərbaycanda ehtiyacların qiymətləndirilməsi mexanizmi qurulmalı, ona əsasən təyin olunmalıdır ki, hansı sahə üzrə layihəyə nə qədər pul ayrılsın".

Tənqidçilərin fikrincə, ölkədə bəzi GONGO-lar (hökumətə bağlı qeyri-hökumət təşkilatları) ara-sıra qrantlarla yanaşı, dövlətdən daimi vəsait alır və hakimiyyəti təbliğ edirlər. Bu arada illər öncə xarici donorlar ictimai birlikləri asılı vəziyyətə salmadan maddi yardım edirdi. 2013-cü ildən xarici donorlar yaranan çətin duruma görə ölkəni tərk etməyə başlayıb.

Müstəqil tənqidçilər deyir ki, hakimiyyət təkcə özünə yaxın GONGO şəbəkəsi yaratmaqla, müstəqil QHT-ləri neytrallaşdırmaqla kifayətlənməyib. Hazırda ölkədə fəaliyyət göstərən xarici səfirliklərin, beynəlxalq qurum təmsilçiliklərinin bu GONGO çətirindən kənara çıxmadığını, onlarla əməkdaşlıq etdiyini deyənlər var. Hələ 2014-cü ildə bir qrup QHT iddia edirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1.5 milyon dollarlıq qrantı hökumətin nəzarətində olan təşkilatlara verib, onların adını, tenderin nəticələrini açıqlamayıb. USAID isə seçim prosesinin şəffaf və rəqabətli olduğunu deyirdi.

Ümumilikdə isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin verdiyi qrant məbləğləri ictimaiyyətə açıq olsa da, agentliyə büdcədən nə qədər vəsait ayrıldığı bilinmir. Rəsmi məlumata görə, Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var.

XS
SM
MD
LG