Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:35

Kiyevdə raket, dron yağışından ölən, ... yaşayan uşaqlar


Kiyevdə plastik silahlarla oynayan uşaqlar
Kiyevdə plastik silahlarla oynayan uşaqlar

“Ən böyük problem qızıma artıq anası olmadığını necə başa salmağımdır”, – iyunun 1-də Rusiyanın raket hücumu nəticəsində həyat yoldaşını itirən 34-yaşlı Yaroslav Ryabçuk AzadlıqRadiosuna deyib.

Bir neçə şahidin sözlərinə görə, Ryabçukun 17 illik həyat yoldaşı Natalya Veyçenko 9-yaşlı qızı Polina ilə birlikdə tibb mərkəzinin kilidli bomba sığınacağına girməyə çalışarkən, küçədə ölüblər. Rusiyanın "İsgəndər" raketinin qalıqları Natalyayla birlikdə başqa bir qadının və onun qızının da həyatına son qoyub.

Raketin qalıqları onları öldürməmişdən bir neçə dəqiqə əvvəl Ryabçuk bunkeri açması üçün mühafizəçini çağırmağa gedib. Daha sonra o, partlayış səsi eşitdiyini, geri qayıdanda dağıntılar və sınmış pəncərə qırıntıları arasında cəsədləri tapdığını deyib.

“Mənə təkcə qisas almaq qalır”, – Ryabçuk emosional səslə, Rusiya ilə döyüşmək üçün orduya qoşulacağını bildirib.

Son hava hücumlarının çoxunda olduğu kimi, gecə saat 3-də baş verən hücumdan bir neçə saat sonra çoxları hələ də şokda idi.

“Əvvəl elə bildim ölüb”

Anastasiya Dubinina müharibə gedən Donbas bölgəsində, Slovyanskda evi raketlə dağıdılandan sonra Kiyevə köçüb. Dubinina qızını qucağına alaraq onu sakitləşdirməyə çalışırdı. Gecə şüşə qırıqları ərinin kürəyini və ayaqlarını yaralayanda onlar dəhlizdə nisbətən təhlükəsiz yer axtarıblar. “Yoldaşımı yataq otağında görəndə, əvvəl elə bildim ölüb”, – Dubinina bildirib.

Larisa Suxomlin ölən iki qadın və balaca qızı tanıyırdı. Suxomlin gecə həyəcan siqnalı çalınanda nəvəsini geyindirib və sığınacağa yollanıb. Amma blokdan çıxmamış partlayış səsi eşidilib və onlar evlərinə qayıdıblar.

Ukraynada və regionun digər ölkələrində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunduğu vaxt törədilən hücum, Rusiyanın mayın əvvəlindən Kiyevə qarşı gerçəkləşdirdiyi 19 dron və raket zərbələrindən biri idi.

Raketlər vurulsa da...

Bunlar Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalına başlayandan bəri ən şiddətli hücumlar olub. Lakin Ukraynanın hava hücumundan müdafiəsi, demək olar ki, hər gecə atılan dronları, həm qanadlı, həm də ballistik raketləri getdikcə daha effektiv vurur.

Ukrayna hərbçilərinin məlumatına görə, iyunun 1-də Rusiyanın atdığı 10 raketin hamısı məhv edilib, lakin raketin qalıqları tibb məntəqəsinə, o cümlədən uşaq bağçasına, məktəbə və polis bölməsinə düşüb. Yaşayış binalarına, su xətlərinə və avtomobillərə ziyan dəyib.

AzadlıqRadiosuna danışan sakinlər sığınacağa tez girə bilməmələrinin ilk dəfə baş vermədiyini deyiblər. Ryabçukun sözlərinə görə, sığınacağı açmaq üçün adətən mühafizəçiyə 10 dəqiqə vaxt lazım olur və iyunun 1-də insanlar “ölümqabağı sığınacağın qapısını döyürdülər”.

Kiyev meri Vitali Kliçko səhər saatlarında hadisə yerinə gələrək qəzəbli vətəndaşlarla görüşüb. Kliçko araşdırmaya başlanıldığını, 4 nəfərin saxlanıldığını və sığınacaqlara sürətli girişi təmin etmək üçün tədbirlər görüldüyünü açıqlayıb. Şəhər Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı planlaşdırılan bütün tədbirləri ləğv edib.

Rusiya əsassız olaraq mülki insanları hədəf almadığını iddia edir. Amma Moskvanın səbəbsiz işğalının qurbanları arasında çoxsaylı uşaqlar var.

Son bir ayda 6 uşaq öldürülüb

İyunun 1-də Prezident Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula von der Leyen Rusiyanı, ukraynalı uşaqlara qarşı törədilən müharibə cinayətlərini, o cümlədən ukraynalı uşaqların Rusiyaya məcburi aparılmalarını dərhal dayandırmağa çağırıblar.

BMT-nin insan haqları üzrə müşahidəçiləri təkcə son bir ayda 6 uşağın öldüyünü və 34 uşağın yaralandığını bildirib. BMT-nin Ukraynadakı İnsan Haqları Müşahidə Missiyasına görə, 2022-ci ilin fevralından bəri ən azı 525 uşaq öldürülüb və ən azı 1047 uşaq yaralanıb. Gerçək rəqəmlərin daha çox olduğuna inanılır.

“Təəssüf ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, uşaqlar da daxil olmaqla, vətəndaşların ağır bədəl ödədikləri Ukraynada qeyd olunacaq çox az şey var”, – missiya rəhbəri Matilda Boqner (Matilda Bogner) bildirib.

Rusiyanın hava hücumları nəticəsində işıq və istiliyin kəsilməsi tez-tez baş verirdi. Ancaq havaların istiləşməsi ilə Kiyev sakinləri bu mənada bir az rahatlıq tapıb. Rusiyanın bir aydır davam edən fasiləsiz hava hücumlarında uşaqların əziyyəti və ölüm halları isə terror mühitində yaşamaq sarıdan əndişələri artırıb.

Zelenskanın paylaşdığı videolar

Rusiya nadir hallarda günorta vaxtı kütləvi raket zərbəsi endirir. Mayın 30-da birinci xanım Olena Zelenska Kiyevin Podil rayonundakı metro stansiyasına qaçan uşaqların panikaya düşdüyünü və qışqırdığını əks etdirən videonu tvitter səhifəsində paylaşıb.

Zelenska bir gün əvvəl AzadlıqRadiosunun müxbirləri tərəfindən çəkilmiş, raket hücumundan sağ çıxan 6-yaşlı Marko və 8-yaşlı Alisanın danışdığı videonu yenidən paylaşıb. Həmin hücumda 32-yaşlı qadın ölüb, altı nəfər yaralanıb. “Necə sağ qaldıq?” – Marko soruşur. “Bilmirəm”, – deyə Alisa cavab verir.

Kiyevlilərin çoxu yuxusuz gecələrdən sonra yorğunluq və stresdən əziyyət çəkir. İyunun 1-dən yay tətilinə çıxan uşaqlar isə, müharibənin silinməz iz buraxdığı ikinci yaya qədəm qoyurlar.

Bu yaxınlarda günortadan sonra bir qrup uşaq Kiyevdə Şçekavitsa təpəsi yaxınlığında plastmas oyuncaq silahlarla oynayırdılar. Qalın eynəkli bir oğlan sevinclə "Öldürdüm səni" qışqırır. “Heç vaxt”, – deyə uşaq üçün biçilmiş hərbi formada olan digər oğlan cavab verir: “Jiletim güllə keçirmir”.

XS
SM
MD
LG