Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:07

Rusiyada radio Putinin saxta səfərbərlik bəyanatını yayıb


Rusiyanın Rostov, Voronej və Belqorod vilayətlərindəki bir neçə radiostansiya iyunun 5-də “Putinin səsi” ilə guya Rusiyada hərbi vəziyyətin və ümumi səfərbərliyin elan olunmasına dair bəyanat yayıb.

Bu radio müraciəti tezliklə sosial şəbəkələrdə yayılıb.

Müraciətdə Putinin səs və intonasiyasını təqlid edən diktor mətni oxuyur:

“Rusiyalılar, qardaşlar və bacılar. Bu gün səhər saat 4-dən NATO tərəfindən təpədən-dırnağa silahlandırılmış Ukrayna qoşunları Vaşinqtonun razılığı və dəstəyi ilə Kursk, Belqorod və Bryansk vilayətlərinin ərazilərinə müdaxilə edib”.

Müraciətdə habelə deyilir ki, bu vilayətlərdə hərbi vəziyyət elan olunub. Bundan başqa bu vilayətlərin əhalisinə təxliyə olunmaq çağırışı edilir.

“Putinin səsi” bildirir ki, o ümumi səfərbərlik haqqında fərman imzalayacaq.

Sözü gedən vilayətlərin rəhbərliyi müraciəti saxta adlandırıb və bildirib vəziyyət nəzarət altındadır.

Bu müraciətin efirə necə çıxması məlum deyil. Bundan əvvəl Putinin heç bir müraciət etmədiiyini Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Müraciətin efirə verilməsinə görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Ukrayna Rusiya ərazisinə hücum etdiyini inkar edir

Son günlər Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərinin, ilk növbədə Belqorodun atəşə tutulması şiddətlənib.

Buna baxmayaraq vilayətdə hərbi vəziyyət və əhalinin məcburi evakuasiyası elan edilməyib.

Ukrayna Rusiya ərazisinə hərbi reydlər etdiyini inkar edir və bildirir ki, bu əməliyyatları Ukrayna tərəfində döyüşən və Rusiya vətəndaşlarından ibarət könüllü qruplar həyata keçirirlər.

2022-ci il, fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyata” başladığını bəyan edən Putin demişdi ki, əməliyyatda yalnız peşəkar hərbçilər iştirak edəcək.

Lakin o Ukrayna cəbhəsində bir sıra uğursuzluqların ardınca ötən ilin sentyabrında ölkədə “qismən səfərbərlik” barədə fərman imzalayıb.

Bu fərmanla, bəzi məlumatlara görə orduya 300 minədək mülki cəlb olunub.

XS
SM
MD
LG