Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:35

Jurnalistlərin zorla Gədəbəydən çıxarıldığı bildirilir [Video]


Söyüdlü kəndinin girişində polis postu
Söyüdlü kəndinin girişində polis postu

Jurnalistlərin zorla Gədəbəydən çıxarıldığı bildirilir. Bu barədə jurnalist Elsevər Muradzadə "Turan"a məlumat verib.

Muradzadənin sözlərinə görə, bu gün, iyunun 22-də səhər jurnalistlər Nərgiz Absalamova, Nigar Mübariz və onu Gədəbəy rayonun Söyüdlü kəndinə polislər buraxmayıblar: "Alternativ yollarla kəndə girmişdik. Bir az öncə polis tərəfindən zorla Gədəbəydən çıxarıldıq. Nərgiz ilə Nigarın telefonu əlindən alındı və fiziki zorakılığa məruz qaldılar. Polis rəisi bildirdi ki, ancaq icazəli media kənddə qala bilər".

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov isə "Turan"a bu məlumatı təkzib edib: "Nə saxlanılma, nə də döyülmə olub. Cəfəng məlumatdır".

Gədəbəydə polislər jurnalistləri Söyüdlü kəndinə buraxmayıb, rayondan çıxarıblar
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Söyüdlü yolunda polis postu...

Gədəbəy rayonunun son günlər etiraz aksiyaları keçirilən Söyüdlü kəndinin girişində polis postu qurulub.

Yerli sakinlərin AzadlıqRadiosuna verdiyi məlumatına görə, kəndə giriş-çıxış məhdudlaşdırılıb: "Postda kənd sakinlərinin şəxsiyyət vəsiqəsini yoxlayıb buraxırlar. Avtomobillərə baxış keçirirlər".

Onların deməsinə görə, Söyüdlü sakinləri olmayanların kəndə girişi çətinləşib: "Burada yasımız var. Qonşu kəndlərdən gələnlər var idi. Onları buraxmırdılar. Getmişik, danışıb buraxdırmışıq. Biz blokadada yaşayırıq".

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Turan"a məlumatı təsdiqləyib. O bildirib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Gədəbəy rayonu Söyüdlü kəndinə bu kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Baş nazir Söyüdlü ilə bağlı komissiya yaratdı

Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradıldığı açıqlanıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyanın sədri təyin edilib.

Komissiyanın tərkibinə səhiyyə, fövqəladə hallar, kənd təsərrüfatı nazirlərinin müavinləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və daha bir neçə məsul şəxs daxildir.

Söyüdlüdə etirazlar davam edir

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 21-də növbəti etiraz aksiyası keçirilib.

Sakinlər "Kür çayı zəhərlənir" və başqa ekoloji məsələlərlə bağlı plakatlar qaldıraraq polis şöbəsinə yürüş ediblər. Onlar dünən, iyunun 20-də saxlananların azadlığa buraxılmasını tələb edirlər: "Körpələrimiz xəstə böyüməsin deyə, etiraz edirik".

Polis aksiya iştirakçılarının yolunu kəsib. Daha sonra onların qarşısına Gədəbəy rayonunun icra başçısı Orxan Mürsəlov çıxıb. O deyib ki, bəzən sakinlər səhv məlumatlandırılır: "Sözügedən göl artıq 11 ildir ki, yaradılıb. Sizin bununla bağlı narazılığınız olmayıb və bu illər ərzində heç kim üçün təhlükə törətməyib".

İcra başçısının vurğulamasına görə, o da həmin gölə yaxın yaşayır. Sakinlər isə bildirib ki, göl salınandan sonra kənddə xərçəng və digər xəstəliklərə yoluxanların sayı artıb.

O.Mürsəlov ikinci gölün salınması ilə bağlı iddiaları təkzib edib.

Daha sonra 15 nəfər kənd sakini icra başçısı ilə birlikdə icra hakimiyyətinə qəbula gedib.

Söyüdlüdə beş nəfərin sutkalıq həbs edildiyi deyilir

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyasında saxlanan sakinlərdən beş nəfərinin həbs olunduğu bildirilir.

Yerli sakinlər deyiblər ki, həmin beş nəfər 20 sutka müddətinə inzibati qaydada həbs olunub: "Bir nəfər yaşlı qadını isə cərimələyib buraxıblar".

Kənd sakinləri deyir ki, dünənki hadisələr zamanı 10 nəfərə yaxın şəxs müxtəlif xəsarət alıb: "Ən çox qadınlara təzyiq ediblər. Hazırda xəsarət alanların vəziyyəti bir az yaxşılaşıb. Dünən, iyunun 20-də bir nəfəri xərəkdə xəstəxanaya aparıblar. Orada yardım göstərib evə buraxıblar. Gözünə qaz sıxılan qadının isə üzü şişib, allergiya verib, bir müddət görmə qabiliyyəti də zəifləyib".

Bu deyilənlərə rayon məhkəməsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) münasibət almaq mümkün olmayıb.

Gədəbəydə etiraz olub, polis müdaxilə edib

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin bəzi sakinləri etiraz aksiyası keçirib.

Yerli sakinlərin AzadlıqRadiosuna bildirməsinə görə, onlar ərazidəki qızıl mədəninin fəaliyyəti nəticəsində su hövzəsinin yaranması ilə bağlı etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, su hövzəsində zəhərli maddələr toplanır. Onlar əlavə ediblər ki, artıq ərazidə ikinci belə su hövzəsi yaradılır.

Yerli sakinlərin vurğulamasına görə, polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb. Bəzi sakinlərin xəsarət aldığı, saxlandığı deyilir.

Gədəbəydə daşan zəhər gölü: Qərb rayonları təhlükə altına düşə bilər
Gözlə

No media source currently available

0:00 0:07:57 0:00

DİN yoxlama aparır

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində aksiya ilə bağlı sosial şəbəkələrdə bir çox videolar da yayılıb.

Həmin videoların birində sakitcə hərəkət edən yaşlı bir xanımın üzünə polis əməkdaşının arxadan qaz sıxdığı görünür.

Daxili İşlər Nazirliyindən bildirilib ki, video araşdırılır, bunun üçün nazirliyin bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam edilib: "Həmin fakt üzrə xidməti yoxlama aparılır".

"Daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib"

DİN mətbuat xidmətinin məlumatına görə, süni gölün tikintisinə müdaxilə edən şəxslərə dəfələrlə xəbərdarlıq olunmasına, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar əraziyə toplaşıblar: "Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar".

Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Bundan əvvəl olan şikayətlər və cavab

Söyüdlü kəndinin sakinləri bundan əvvəl də eyni şikayətləri dilə gətirmişdilər. Onlar deyirdilər ki, qızıl mədəninin tullantılarından yaranan göl 2012-ci ildə kəndin yaxınlığında salınıb. Kənd sakinlərinin sözlərinə görə, ondan sonra arı təsərrüfatları dağılıb. Onlar gölün suyunun içməli sulara qarışacağından da ehtiyat edirlər.

Ərazidəki qızıl yatağını işlədən Azərbaycan Beynəlxalq Mədən Şirkətinin Kimyəvi tullantılar üzrə nəzarətçisi Elşad Məmmədov isə bu yaxınlarda kənd sakinlərinin sözləri ilə razılaşmadığını bildirmişdi: "Onun iyi var, amma gölün suyundan mal və ya insan içməsə, onun ziyanı olmaz".

Onun deməsinə görə, göldə az miqdarda sianid turşusu qalır və sonra da nasoslarla geri qaytarılır.

E.Məmmədov deyirdi ki, ayda bir dəfə ərazinin dərinliyində monitorinq aparılır və sızmanın olub-olmadığı öyrənilir. Onun vurğulamasına görə, sızma yoxdur.

Müəssisənin əməkdaşı yeni gölün salınmasını mövcud gölün daşa biləcəyi ehtimalı ilə izah edib. Onun sözlərinə görə, bundan ötrü dövlətə müraciət ediblər, amma kənd sakinlərinin şikayətindən sonra proses bir il yarım dayanıb.

Mütəxəssislər sianid turşusunun özünü çox zəhərli sayırlar.

XS
SM
MD
LG