Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:57

Lukaşenka Priqojinin Belarusda olduğunu deyir


Yevgeni Priqojin (solda) və Alyaksandr Lukaşenka (kollaj)
Yevgeni Priqojin (solda) və Alyaksandr Lukaşenka (kollaj)

Belarusun avtoritar rəhbəri Alyaksandr Lukaşenka Rusiyanın Vaqner özəl hərbi şirkətininin yaradıcısı Yevgeni Priqojinin artıq Belarus ərazisində olduğunu deyib.

BelTA agentliyinin xəbərinə görə Lukaşenka bu məlumatı ölkə hərbçiləri ilə keçirdiyi mərasimdə bildirib:

"Onlara söz verdiyim kimi bir müddət hardasa keçinmək istəsələr, biz kömək edərik”.

Lukaşenka bunu da deyib ki, Vaqner birləşmələri ilə əməkdaşlıq məsələsi ilə Belarusun müdafiə naziri Viktor Xrenin maraqlanıb:

"Mən razıyam, onlarla danış”.

Xəbərdə deyilir ki, Xrenin vaqnerçilərin Belarus ordusunun tərkibinə daxil edilməsinin mümkünlüyünü deyib.

Belarus rəhbəri Priqojinə vaqnerçilərin Rusiyadan Belarusa təhlükəsiz çıxışına zəmanət verdiyini bildirib.

Vaqnerçilər hələ ki, Luhanskdadırlar

Lukaşenka bunu da deyib ki, Priqojinə vaqnerçilərin Belarusda yerləşdirilməsi üçün atılıb boş qalmış hərbi hissələrdən birini seçməyi təklif edib:

"Buyurun hasar var. Hər şey var. Çadırlarınızı qurun. Bacardığımız köməyi edərik. Qoy nə ilə məşğul olacaqlarını müəyyən etsinlər”.

Lukaşenka Belarusda vaqnerçilər üçün ayrıca düşərgələr salınacağı barədə xəbərləri təkzib edib:

"Hələ ki, heç bir düşərgə tikməyəcəyik. Əgər istəsələr (mən belə başa düşürəm ki, onlar müəyyən əraziləri nəzərdən keçirirlər) onları yerləşdirərik. Buyurub çadır qursunlar. Amma onlar hələ ki, Luhanskda öz düşərgələrindədirlər”.

O vurğulayıb ki, Belrus ərazisində Vaqner üçün səfərbərlik məntəqələri olmayacaq.

Lukaşenka əlavə edib ki, Vaqner qrupu öz xərclərini özü çəkəcək.

Lukaşenka ordunu ‘döyüş hazırlığı’ vəziyyətinə gətirib

Belarus lideri Alyaksandr Lukaşenka iyunun 27-də müraciətində deyib ki, Rusiyada “Vaqner” özəl hərbi qruplaşmasının qiyamı ilə əlaqədar ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirib.

1994-cü ildən Belarusu idarə edən avtoritar Lukaşenka iddia edib ki, bu qiyam “Qərbdən” təhdidin bir hissəsi olub.

Lukaşenkanın iddiası

“Bir daha ölkəmiz üzərinə kölgə salan təhdiddən daha güclü olmalıyıq. Bu, yenə də Qərbdən gəlir”, – Lukaşenka deyib.

Onun iddiasına görə, Belarus sərhədçiləri “demək olar, hər gün” NATO-nun “provokasiyaları” barədə məruzə edir.

Bu çıxışdan öncə əvvəllər “Vaqner” başçısı Yevgeni Priqojinin istifadə etdiyi özəl biznes təyyarəsi Belarus paytaxtı Minsk yaxınlığında hərbi aerodroma enib.

Rusiyada həftəsonu yaranmış böhran Lukaşenkanın vasitəçiliyi ilə səngiyib. Əldə olunan razılaşmaya görə, Rusiya Prezidenti Vladimir Putinin “aşpazı” kimi tanınan Priqojin Belarusa getməlidir.

Putinin iyunun 26-da deyib ki, “Vaqner” döyüşçüləri Rusiya ordusuna qoşulmaq istəmirlərsə, Belarusa gedə bilərlər.

Minsk yaxınlığına iki özəl təyyarə enib

Priqojinə bağlı Embraer 600 təyyarəsi yerli vaxtla 7:40-da Minskə enib. Bir neçə dəqiqə sonra Priqojinin doğma şəhəri, “Vaqner”in qərargahının yerləşdiyi Sankt Peterburqdan gələn ikinci özəl təyyarə də həmin bazaya enib. Məlumatı Belarusda aviasiyanı izləyən sosial media saytı “Belaruski Hayun” yayıb.

24 iyun qiyamından sonra görünməyən Priqojinin bu təyyarələrdə olub-olmadığı bilinmir.

Minskə enən təyyarə Priqojinə bağlılığına görə ABŞ-ın sanksiya siyahısına salınıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Proqojin və “Vaqner” muzdlularına qarşı cinayət işini bağladığını bildirib. Məlumata görə, təhqiqat onların qiyam “cinayəti törətməyə yönəlik fəaliyyəti dayandırdığını” üzə çıxarıb.

Ömrü qısa olan “Vaqner” qiyamı Putinin Rusiyadan iyirmi ildən çox çəkən hakimiyyəti dövründə ona ən böyük etiraz sayılır.

XS
SM
MD
LG