Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:09

Ukrayna ordusu irəliləyir


Ukrayna topu Baxmut istiqamətində
Ukrayna topu Baxmut istiqamətində

Ukrayna qüvvələri cənub istiqamətində əldə etdiyi uğurları möhkəmləndirərək əks-hücum başlanandan bəri Odessa ərazisi boyda sahəni işğaldan azad edib.

Bu barədə məlumatı iyulun 10-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı verib.

Bu da xəbər verilir ki, Rusiyanın Zaporojye vilayətini atəşə tutması nəticəsində azı dörd nəfər ölüb və azı 13 nəfər yaralanıb.

Ukraynada qızğın döyüşlər NATO-nun 11-12 iyulda Vilnüsdə keçiriləcək sammitinin ərəfəsinə təsadüf edir.

Bu sammitdə Ukraynanın əsas mövzu olacağı gözlənilir. Sammitdə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı hələ ki, təsdiqlənməyib.

Baş Qərargahın məlumatına görə Ukrayna qoşunları Zaporojye vilayətində Melitiopol və Berdyansk istiqamətində 1 kilometrədək irəliləyib.

Xəbər verilir ki, Ukrayna qüvvələri əks-hücum başlanandan bəri 8.6 kilometr irəliləyərək 10 kvadrat kilometrlik ərazini işğaldan azad edib.

Ukrayna ordusunun irəlilədiyi istiqamətdəki Melitopol və Berdyansk regionlarının ərazisi 169 kvadrat kilometrdir.

Baxmut uğrunda döyüşlər

Müdafiə nazirinin müavini Hanna Malyar iyulun 9-da demişdi ki, Ukrayna qoşunları Melitopol və Berdyansk istiqamətlərində tutduğu ərazidə mövqelərini möhkəmləndirir.

Malyar əlavə etmişdi ki, ölkənin şərqindəki Donbas vilayətinin Baxmut şəhərində Rusiya qüvvələri tamamilə müdafiəyə keçib.

Eyni zamanda Liman, Avdiyivka və Maryinka istiqamərtlərində də ağır döyüşlər gedir.

Burada son 24 saat ərzində 30-dan çox toqquşma olub.

Rusiyanın Orixiv şəhərinin humanitar yardım mərkəzini vurması nəticəsində azı dörd nəfər həlak olub.

Son 24 saat ərzində Rusiya Zaporojye vilayətindəki 10-dək yaşayış məntəqələrinə 36 hava zərbəsi endirib.

Rusiya ordusu iyulun 10-da Mikolayev şəhərini qanadlı raketlərlə atəşə tutub. Şəhərdə mülki infrastruktura ziyan dəysə də, ölən olmayıb.

Kulebanın nikbin bəyanatı

Təhlilçilər bildirirlər ki, Kiyev NATO-nun Vilnüs sammitinin ərəfəsində alyansa üzv olmağa layiq olduğunu nümayiş etdirməyə çalışır.

İyulun 10-da Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Twitter-də yazıb ki, NATO üzvləri Ukraynanın alyansa üzvlüyü üçün əsas tələbləri irəli sürməmək barədə razılığa gəliblər.

Bu isə o deməkdir ki, Ukrayna NATO-ya sürətləndirilmiş qaydada üzv ola bilər:

"İntensiv danışıqların nəticəsi olaraq NATO müttəfiqləri Ukraynanın alyans üzvlüyü üçün qarşısında duran Üzvlük Hərəkət Planını (Membership Action Plan) irəli sürməmək barədə qərar qəbul ediblər. Mən NATO-ya gedən yolu qısaldan və bu çoxdan gözlənilən hərəkəti alqışlayıram”.

NATO Kulebanın bu bəyanatı ilə bağlı şərh verməyib.

Kreml iyulun 10-da bildirib ki, Ukraynanın NATO üzvlüyü Avropanın təhlükəsizliyinə mənfi təsir göstərəcək.

Putinin sözçüsü Dmitri Peskov bu barədə deyib:

"Ukraynanın NATO üzvlüyü Avropada onsuz da yarısı artıq dağılmış təhlükəsizlik arxitekturasına çox pis təsir edəcək”.

İyulun 9-da verdiyi müsahibədə prezident Co Bayden demişdi ki, Ukrayna müharibə başa çatana qədər NATO-ya qəbul edilməyəcək.

XS
SM
MD
LG