Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Azərbaycan abituriyentləri hansı ixtisaslara maraq göstərir?


'Ölü' ixtisaslar üzrə hazırlanan kadrlar...
Gözlə

No media source currently available

0:00 0:05:58 0:00

'Ölü' ixtisaslar üzrə hazırlanan kadrlar...

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü təhsil ili üçün keçirilən qəbul imtahanlarına dair statistik təhlillərini açıqlayıb. Ötən il ölkədə 90 min 967 şagird orta məktəbi bitirdiyi bilinib. Onların 74 min 993 nəfəri qəbul imtahanlarına qatılıb. Başqa deyimlə, həmin il məktəb məzunlarının 82 faizi ali təhsil almaq istəyib və 38 min 501 nəfər universitetlərə daxil olub. Deməli, ötənilki məzunların cəmi 42 faizi tələbə adını qazana bilib.

Ən çox seçilən ixtisaslar

Açıqlanan bilgilər arasında ən çox göstərilən dövlət sifarişli əyanı fakültələrlə bağlı göstəricilər də var. Rəsmi rəqəmlərə görə, birinci qrup üzrə təhsil almaq istəyən abituriyentlərin ən çox maraq göstərdiyi ixtisas Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi" ixtisasıdır. İkinci qrup üzrə birinci sırada ən çox göstərilən ixtisas Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə" ixtisasıdır. Üçüncü qrupda abituriyentlərin ən çox maraq göstərdiyi ixtisas "İngilis dili müəllimliyi" (Azərbaycan Dillər Universiteti), dördüncü qrupda "Tibb" (Azərbaycan Tibb Universiteti), beşinci qrupda "Dizayn"dır.

Rus bölməsi üzrə abituriyentlərin ən çox ilk sırada göstərdiyi ixtisaslar yalnız birinci qrupda fərqlənir. Burada Azərbaycan bölməsindəki lider ixtisası – riyaziyyat müəllimliyini "İnformasiya texnologiyaları" ixtisası (İqtisad Universiteti) əvəzləyib.

İxtisas seçimi cinslərə görə fərqlənir

Əvvəlki illərdə olduğu kimi, bu il də hər iki bölmənin ortastatistik oğlan abituriyentinin istəyi ən çox riyaziyyat, fizika və mühəndislik (birinci qrup), iqtisadiyyat və idarəetmə (ikinci qrup) ixtisaslarınadır. Azərbaycan və rus bölməsində oğlanların 75 faizi həmin ixtisaslara yiyələnmək istəyib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisadiyyat və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir. Bu da diqqət çəkir ki, oğlanların ikinci ixtisas qrupuna meyli üçüncü qrupla müqayisədə xeyli yüksəkdir.

Açıqlanan bilgilər göstərir ki, ortastatistik qız abituriyentin humanitar ixtisaslardan oluşan üçüncü ixtisas qrupuna meyli daha çoxdur. Əvvəlki illərdə rus bölməsinin qız abituriyentləri ikinci ixtisas qrupuna daha çox maraq göstərirdilər, ancaq son illərdə onların bu ixtisas qrupuna meyli bir qədər azalıb. 2018-ci ildə rus bölməsindəki qız abituriyentlərin 23 faizi ikinci qrupu seçdiyi halda, bu göstərici ötən il 19 faizə enib. Dördüncü ixtisas qrupuna qızların maraqları oğlanlarınkından Azərbaycan bölməsində 3.3, rus bölməsində 2.5 dəfə yüksəkdir. Üçüncü və dördüncü ixtisas qruplarına sənəd verən abituriyentlərin 75 faizi qızlardır. Birinci və ikinci qruplara sənəd verən abituriyentlərinsə təxminən 65 faizi oğlanlardır. İndi ölkədəki qız tələbələrin də yarısı təhsil və tiblə bağlı ixtisaslara yiyələnməkdədirlər.

İxtisas seçimində bölgə fərqləri

İxtisas seçimində bölgə fərqləri də gözə çarpır. Məsələn, rəsmi rəqəmlərə görə, Siyəzən (72 faiz), Qusar (70 faiz) və Qazax (65 faiz) rayonları texniki ixtisasların ən çox seçildiyi bölgələrdir. Əvvəlki illərdə olan qəbulun da nəticələri göstərir ki, bu bölgələrdə oğlanların texniki ixtisaslara maraqları yüksəkdir və ənənəyə çevrilməkdədir. Dövlət İmtahan Mərkəzinin fikrincə, buna səbəb həmin bölgələrdə dəqiq fənlərin, özəlliklə fizika və riyaziyyat fənlərinin tədrisinin yüksək səviyyədə olmasıdır.

İkinci qrupa maraq oğlanlar arasında Naxçıvan şəhərində (40 faiz), qızlar arasında isə Zaqatala rayonunda daha çoxdur (37 faiz). Üçüncü qrupa qəbul olmaq istəyən oğlan abituriyentlər arasında yüksək istək Saatlı və Ordubadda (18 faiz), qızlar arasında isə Şamaxı və Babək rayonlarında (45 faiz) qeydə alınıb. Dördüncü qrupa ən çox maraq oğlanlar arasında Culfa və Ucarda (6 faiz), qızlar arasında isə Ordubad (20 faiz) və Naxçıvandadır (17 faiz). Bütövlükdə qızlar arasında dördüncü qrupun ən çox seçildiyi ilk səkkiz bölgədən dördü Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Beşinci qrupa sənəd verənlər arasında oğlan abituriyentlər Şərur və Babək rayonlarında (89 faiz), qız abituriyentlər Babək və Samux rayonlarında (77 faiz) diqqət çəkib.

Dövlət dilini bilməyən şagirdlər var

Dövlət İmtahan Mərkəzinin açıqladığı bilgilərdən bəlli olur ki, ölkədə dövlət dilini minimum səviyyədə bilməyən şagirdlər var. "Azərbaycan Respublikasının Dövlət dili haqqında" Qanuna görə, qəbul imtahanını başqa dildə verən abituriyentlər "Azərbaycan dili" fənnindən də ayrıca test sınağına çəkilməlidir. Bu imtahana, əsasən, rus bölməsinin məzunları qatılır. Təqdim edilən 30 sualdan abituriyent, ən azı, 15 sualı doğru cavablamalıdır. Rəsmi rəqəmlərə görə, bu imtahana qatılan 8 min 704 abituriyentdən 1 min 644 nəfəri – təxminən hər beş abituriyentdən biri imtahandan kəsilib.

XS
SM
MD
LG