Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 08:33

Qarabağda etiraz aksiyası keçirilir


Qarabağda etiraz aksiyası, 14 iyul, 2023-cü il
Qarabağda etiraz aksiyası, 14 iyul, 2023-cü il

“Azatutyun” xəbər verir ki, Xankəndi mitinqində Laçın dəhlizinin açılması tələbi səsləndirilib.

Mitinqdə separatçı rejimin lideri Arayik Arutyunyan da iştirak edib.

Qarabağın “insan haqları ombudsmanı” Qeqam Stepanyan deyib ki, “blokada kritik həddə çatıb”.

Separatçı rejimin “dövlət naziri” Qurqen Nersisyan Xankəndi meydanında hər gün mitinq keçirəcəklərini söyləyib. Onun sözlərinə görə, etirazçılar Qırmızı Xaçın yerli şöbəsinə, daha sonra Rusiya sülhməramlılarının dislokasiya nöqtəsinə gedəcək, “xalqın tələbini səsləndirəcəklər”.

Nersisyan Ermənistana, Rusiyaya və beynəlxalq ictimaiyyətə müraciət edib: “Sizə daha nə lazımdır, nəyi gözləyirsiz? İstəyirsiz ki, hər gün bu meydanda insan meyitlər sərilsin ki, reaksiya verəsiz?”

+++

İyulun 14-də Qarabağın mərkəzi Xankəndində minlərlə insan Azərbaycanın bu bölgəni Ermənistanla birləşdirən Laçın dəhlizini “blokadaya almasına” etiraza yığışıb.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) iyulun 11-də bildirib ki, Ermənistandan gələn Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərində “müxtəlif növ qaçaqmal” aşkarlandığından Laçın dəhlizindəki buraxılış məntəqəsindən nəqliyyatın hərəkəti dayandırılıb.

Ermənistan Qarabağda ərzaq qıtlığının yaşandığını deyir və bu addım bölgədə humanitar böhran sarıdan narahatlığı artırıb.

AzadlıqRadiosunun erməni xidməti Xankəndinin mərkəzi meydanına 6 minədək etirazçının yığışdığını xəbər verir.

Paşinyan BƏM-in qərarından danışıb

Bundan bir gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ümidini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə iyulun 15-də Brüssel görüşündə sülh sazişi üzrə proqres əldə olunacaq.

Paşinyan iyulun 13-də hökumətin iclasında Laçın dəhlizinin blokadasını pisləyib, bunun Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) qərarına zidd olduğunu deyib. Məhkəmə fevralda çıxardığı qərarda Azərbaycan üzərinə yolda azad hərəkəti təmin etmək öhdəliyi qoymuşdu.

“Laçın dəhlizinin qanunsuz blokadası və dərinləşən humanitar böhrana gəlincə, BƏM-in məcburi qərarı Azərbaycanın Qarabağda etnik təmizləmə siyasətinin qarşısının alınması üçün daha böyük beynəlxalq konsolidasiyaya imkan yaradır”, – Paşinyan deyib.

O, Qarabağda erməni əhalinin blokadasını qarşı beynəlxalq birliyə çağırıb.

'Xankəndi erməniləri ilə Bakı yeni razılaşma imzalamalıdır...'. Bakı-Yerevan. 3-cü DEBAT
Gözlə

No media source currently available

0:00 0:16:28 0:00

Brüssel görüşündə nələr müzakirə olunacaq

Azərbaycan isə blokada ittihamlarını rədd edir. Laçın dəhlizindəki sərhəd-gömrük məntəqəsinin bağlanmasını regiona Ermənistandan qaçaqmalın keçirilməsi ilə izah edir. Son məlumata görə, qaydalara əməl etməklə, erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidi davam etdirməsinə icazə verilib. Bunu BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

BQXK qaçaqmalçılığa cəhd edən şəxslərin onun əməkdaşları olmadığını, onlarla xidməti müqaviləyə xitam verildiyini bildirib.

Aİ-nin adının çəkilməyən rəsmisi “AFP”yə deyib ki, iyulun 15-də Paşinyan, Əliyev və Aİ Prezidenti Şarl Mişelin üçtərəfli görüşündə humanitar məsələlər, sərhədlərin delimitasiyası, sülh sazişi, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi müzakirə olunacaq. Bu, son iki ildə altıncı belə görüş olacaq.

2020-ci ildə Ermənistanla 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Müharibədə ümumilikdə 7 minədək əsgər həlak olub.

Tərəflər bir-birini vaxtaşırı atəşkəs pozuntularında ittiham edir.

XS
SM
MD
LG