Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:20

Qırğızıstan rusiyalıların qanunsuz çadır düşərgəsini bağlayıb


Rusiyalıların çadır düşərgəsi
Rusiyalıların çadır düşərgəsi

Qırğızıstanda hakimiyyət orqanları İssık-Kul gölünün sahilində rusiyalıların qanunsuz çadır düşərgəsini bağlayıb.

Yerli medianın xəbərlərinə görə rusiyalılar bu düşərgədə uşaqların hərbi təlim-tərbiyəsi ilə məşğul olurdular.

Turmuş saytı bildirir ki, düşərgədə Rusiyanın Surqut şəhərindən 20 uşaq və 5 böyük olub.

Rusiyalılar deyiblər ki, onlar “Xantı Mansi Muxtar Dairəsi dəniz piyadaları ittifaqının” üzvüdürlər və təşkilat yuxarı sinif məktəblilərinin və gənclərin “hərbi-vətənpərvərlik tərbiyəsi” ilə məşğul olur.

Rusiyalıların sözlərinə görə onlar Qırğızıstana “Qırğızıstan hərbi dəniz donanması veteranları ittifaqının” və “Pantera" hərbi idman klubunun dəvəti ilə “hərbi-dəniz çoxnövçülüyü üzrə forumda” iştirak üçün gəliblər.

Onlar bildiriblər ki, bu tədbir Qırğızıstan Müdafiə Nazirliyinin hamiliyi ilə keçirilir.

2019-da icazə almamışdılar

Yerli hakimiyyət orqanları isə bildirir ki, düşərgənin salınması səlahiyyətli orqanlarla razılaşdirilmayıb, üstəlik ərazidə sanitariya normaları pozulub.

Sözü gedən pozuntulara görə klubun rəhbərləri 5 min – 15 min som (57-170 dollar) arasında cərimə olunublar.

Uşaqları müvəqqəti olaraq Çolpon-Ata şəhərinin yaşıllaşdırma idarəsinin həyətindəki çadırlarda yerləşdiriblər.

Rusiyalılar iddia edirlər ki, İssık-Kul gölünə 2019-cu ildə də gəliblər və o vaxt heç kimdən icazə almadan burada 40 gün qalıblar.

Rusiya məktəbləri hərbiləşir

Rusiyanın Ukraynaya qarşı səbəbsiz və əsassız hərbi müdaxiləsi başlanandan bəri Rusiya məktəblərində “hərbi-vətənpərvərlik tərbiyəsi” gücləndirilib: təbliğat dərsləri açılıb, Ukraynadakı hərbi əməliyyatların iştirakçılarının “mühazirələri” təşkil olunur.

Məktəblərdə bundan əvvəl Vaqner özəl hərbi şirkəti güclü təbliğ edilib.

Bundan başqa bu il sentyabrın 1-dən Rusiya məktəblərində ibtidai hərbi hazırlıq dərsləri bərpa olunacaq.

Bu dərsləri məktəblərdən 1990-cı illərdə yığışdırmışdılar.

2024-cü ildən isə məktəblərin yuxarı siniflərində “Həyat fəaliyyəti təhlükəsizliyinin əsasları” fənni “Təhlükəsizliyin əsasları və vətənin müdafiəsi” fənni ilə əvəz olunacaq.

XS
SM
MD
LG