Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:54

FT: Səudiyyə və Türkiyə Rusiyadakı Ukrayna uşaqlarını Kiyevə qaytarmaq istəyirlər


Rusiyanın Krıma apardığı ukraynalı uşaqlar ailələrinə qovuşarkən (Arxiv fotosu)
Rusiyanın Krıma apardığı ukraynalı uşaqlar ailələrinə qovuşarkən (Arxiv fotosu)

Səudiyyə Ərəbistanı və Türkiyə Rusiyaya aparılmış Ukrayna uşaqlarının qaytarılması üçün saziş bağlamağa çalışırlar.

Bu barədə məlumatı mənbələrə istinadla Financial Times qəzeti verib.

Qəzet yazır ki, bu barədə danışıqlar artıq bir neçə aydır davam edir.

Məqalədə deyilir ki, vasitəçi ölkələr Rusiya ilə Ukrayna arasında kompromis saziş variantı tapmağa çalışırlar.

Ər-Riyad və Ankara ümid edirlər ki, onların münaqişə tərəfləri ilə kommunikasiyası sülh danışıqları və müharibənin dayandırılması üçün potensial kanala çevrilə bilər.

Abramoviç iştirak edir

Financial Times qəzetinin söhbət etdiyi iki mənbə bildirib ki, bu müzakirələrdə Rusiya biznesmeni Roman Abramoviç Moskvanın qeyri-rəsmi nümayəndəsi kimi iştirak edir.

Rusiya və Ukrayna məmurları ötən əsir dəyişdirmələri və atəşkəs məsələlərindən fərqli olaraq uşaqların qaytarılması məsələsini birbaşa müzakirə etmirlər.

Qəzet yazır ki, bu, Ukrayna uşaqlarının repatriasiyası məsələsinin mürəkkəbliyini göstərir.

Danışıqların gedişi ilə tanış bir diplomatın dediyinə görə Ukraynada Kiyevin nəzarətində olmayan ərazilərdən aparılmış uşaqların məsələsini Böyük iyirmilərin qapalı iclasında Səudiyyə Ərəbistanı qaldırıb.

Mənbənin dediyinə görə Qərb ölkələri Ukrayna uşaqlarının vətənə qaytarılması danışıqlarında Səudiyyənin iştirakını dəstəkləyirlər.

Dəqiq say bilinmir

Ukrayna tərəfinin məlumatına görə Rusiya onun ərazisindən 20 minədək həddi-büluğ yaşına çatmamış uşaq apara bilərdi.

Yel Universitetinin humanitar laboratoriyası belə uşaqların sayını 6 min olaraq təxmin edir. Moskva bunlardan daha az rəqəm göstərir.

Bundan əvvəl “Vajnıye istorii” saytı Rostov vilayəti rəhbərliyinin 2022-ci il üçün iş hesabatına istinadla yazırdı ki, Rusiya hakimiyyət orqanları “ilkin qəyyumluğa” 1184 Ukrayna uşağını verə bilərdilər.

Bu, Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın rəsmən elan etdiyi rəqəmdən üç dəfə çoxdur.

Financial Times yazır ki, tərəflərdən heç biri deportasiya olunmuş uşaqların mərkəzləşdirilmiş qeydiyyatını aparmayıb, onların aparıldıqları şərait və Rusiyaya necə düşmələrinin naməlumluğu isə tam hesablamanın təşkilinə imkan vermir.

Soyqırımının bir forması

Məqalədə deyilir ki, danışıqçı ölkələrin məqsədi bütün uşaqların sayının hesablanması və bundan sonra hər bir uşaq üçün ən yaxşı həll variantının tapılmasıdır.

Financial Times qeyd edir ki, Rusiyaya aparılmış Ukrayna uşaqlarını xüsusi “vətənpərvərlik siniflərindəndə” oxudurlar.

Bu siniflərdə onlara Ukrayna millətinin heç vaxt mövcud olmadığına, Moskvanın isə “nasizmə qarşı mübarizə” apardığına dair fikirləri təlqin edirlər.

Kiyev Rusiya tərəfinin belə hərəkətlərini “soyqırımın bir forması” adlandırır, Rusiya isə bu ittihamları rədd edir.

Bundan əvvəl Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz olaraq Rusiyaya deportasiya edilməsinə görə Rusiya prezidenti Vladimir Putinin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsi üçün order verib.

XS
SM
MD
LG