Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:31

'Əyalət mətbuatını dəfn etməyə hazırlaşırlar'


Zahir Əmənov
Zahir Əmənov

22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də nəşr etməyə başladığı «Əkinçi» qəzeti ilə Azərbaycanın milli mətbuat tarixinin başlanğıcını qoyub.

“Sərhədsiz Reportyorlar Təşkilatı”nın bu il mayın 3-də açıqladığı 21-ci Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə içində 154-cü olub.

Azərbaycan Prezidenti İlham Əliyev isə deyir ki, ölkə mediasında sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. “Bu, media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə tövsiyəm budur ki, ancaq belə də davam edin”, – prezident iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

“400-500 nəfərə bir qəzet düşür”

Masallı rayonunda fəaliyyət göstərən “Cənub Xəbərləri” qəzetinin, Cənub TV-nin, “Cənub.az” saytının sahibi jurnalist Zahir Əmənov AzadlıqRadiosuna müsahibəsində əyalət mətbuatının indiki vəziyyətinə nəzər salır. Onun fikrincə, əyalət mətbuatı tarixə qovuşmaqdadır, fəaliyyəti ürəkaçan deyil. Əmənov, əyalət mətbuatının indiki durumunu on il öncəylə müqayisə edir:

“Adətən, əyalət mətbuatı deyəndə rayon qəzetlərini nəzərdə tuturlar. İcra hakimiyyəti aparatlarının nəzarətində olan, keçmiş rayon partiya komitələrinin orqanlarının varisləri sayılan rayon qəzetləri son illərini yaşayırlar. Qanunla isə rayon icra hakimiyyəti orqanları təsisçi ola bilməzlər. Rayon qəzetlərini ona görə əldə saxlayırdılar ki, bu qəzetlər onlara qarşı işləməsin. İndi ona ehtiyac yoxdur. Rayon qəzetlərinin vəziyyəti belədir. Yardım edirlərsə, çıxır, etməyəndə çıxmır. İcra hakimiyyəti başçısının münasibətindən asılıdır. Məsələn, Masallıda rayon qəzeti böyük fasilələrlə 400-500 tirajla çıxır. Masallının 230 min nəfər əhalisi var, 400-500 nəfərə bir qəzet düşür. Rayon qəzetlərinin ictimai rəyə təsir etmək imkanı sıfıra bərabərdir. Əyalətdə mətbu adına nə var? Demək olar ki, qəzet yoxdur. Bir ikisi qalıb. Onlar da yaxın illərdə sönəcək. Əyalət mətbuatını dəfn etməyə hazırlaşırlar”.

“Qəzet pul qazana bilmir”

Onun sözlərinə görə, rayonlarda müstəqil qəzetlər də çaplarını tamamilə dayandırblar. O, bunun səbəblərindən birini reklam bazarının müstəqil olmamasında görür:

“Əyalətdə az sayda müstəqil qəzet var idi, indi onlar da qalmayıb. Mənim başçılıq etdiyim müstəqil qəzet çap olunmur. Çünki qəzet çap etməyin çətinlikləri çoxdur. Material yaz, Bakıya göndər, çap elətdir, sonra da yay. Növbəti nömrəni ərsəyə gətirmək üçün pul da qalmır. Böyük xərc istəyir. Reklam bazarı müstəqil deyil. Qəzet pul qazana bilmir”.

Əmənov deyir ki, əyalət mətbuatında çalışmaq istəyən jurnalist də qalmayıb. Mərkəzi televiziyaların, qəzetlərin, radioların bölgə müxbirləri yaxşı əməkhaqqı alırlar. Jurnalist bu müxbirlərin hakimiyyətin və hakimiyyətyönlü KİV-lərin əməkdaşları olduğundan dövlət qurumlarının onların üzünə açıq olduğunu qeyd edir.

Sürətli internet və bloqerlər

Onun fikrincə, əyalətdə informasiya boşluğunu internet doldurur. Əmənov düşünür ki, əyalət mətbuatının sıradan çıxmasına internetin də rolu var, indi “informasiyanın əsgərləri” bloqerlərdir, saytlardır. Üstəlik, rayonlara sürətli internet çəkilir, Cəlilabad və Masallı şəhərlərində artıq sürətli internet var:

“İnternetlə bağlı problem aradan qalxdıqca paytaxt, əyalət mətbuatı məfhumu da aradan qalxır. Paytaxtdan jurnalist gəlirdi, rayonları gəzirdi, məlumatlar toplayırdı. İndi buna ehtiyac yoxdur. İnternet vasitəsi ilə Lerikin ən ucqar kəndindən canlı yayım açırlar, informasiyanı bütün dünyaya yayırlar. Əyalətdə elə blogerlər var ki, fəaliyyətləri şəhərdəkindən daha aktivdir. Məqamında hadisəni ictimailəşdirə bilir. Söz yox ki, hakimiyyət imkan daxilində qapalı işləmək istəyir. Açıq işləyəndə də hakimiyyətin təbliğat orqanları var, onlar işə düşür. Bununla balans saxlayırlar”.

Əmənov bəzi ölkələrdə hökumət qəzetlərinin qərarları, sərəncamları, qanunları çap edib qəzeti pulsuz payladıqlarını deyir. Azərbaycanda isə nə bələdiyyələrin, nə də rayon icra hakimiyyəti başçılarının sərəncamları haqda məlumat almaq mümkün olur, bələdiyyələr ildə bir dəfə hesabat vermirlər .

Jurnalist İranla sərhəddə yerləşən bölgədə hakimiyyətin bu ölkənin Səhər TV-sinin yayımını kəsməyə məcbur qaldığını bildirir: “Buna qarşı mübarizə aparmaq üçün bölgədə fəaliyyət göstərən müstəqil mətbuatdan, internet TV-lərdən yetərincə istifadə edə bilərdilər”.

XS
SM
MD
LG