Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:44

"Ermənistanla Azərbaycan Qərblə Rusiya arasında qalıb"


İlham Əliyev və Nikol Paşinyan - arxiv
İlham Əliyev və Nikol Paşinyan - arxiv

İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, onlar Qarabağ ətrafındakı vəziyyətin de-eskalasiyası, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin (9 noyabr 2020, 11 , 26 noyabr 2021 və 31 oktyabr 2022-ci il tarixli) üçtərəfli razılaşmalarının icrasının intensivləşdirilməsi yollarını müzakirə edəcəklər.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Bundan 10 gün öncə, iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə növbəti üçtərəfli görüşü olmuşdu. Ondan az öncə isə Rusiya Azərbaycan və Etmənistan xarici işlər nazirlərini Moskvaya dəvət etmişdi. Onda bəzi yerli ekspertlər bunu Bakı və Yerevana təzyiq cəhdi kimi dəyərləndirmişdilər.

Deputat: “Nə vaxta qədər ki,..."

Rasim Musabəyov
Rasim Musabəyov

Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parkamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Müsabəyov "Turan"a bildirib ki, istənilən danışıqları pozitiv dəyərləndirmək lazımdır: “Nə vaxta qədər ki, razılaşma əldə olunmayıb, danışıqlar getməlidir. Diplomatların işi ondan ibarətdir ki, axıra kimi danışıqlar yolu ilə hansısa bir nəticəyə nail olsunlar”.

Bununla belə deputat Moskva görüşünün hansısa nəticə verəcəyini düşünmədiyini qeyd edib: “Ancaq hər bir halda müəyyən mənada hansısa irəliləyiş əldə olunsa, bunu alqışlamaq lazımdır. Bu məsələyə elə yanaşmaq lazım deyil ki, Moskvadırsa orada nəticə əldə olunmayacaq”.

Rusiyanın hər iki tərəfə təzyiq etmək niyyəti ilə bağlı fikirə gəldikdə isə R.Müsabəyov deyib ki, bu mümkün deyil: “Rusiya indi özü elə vəziyyətdədir ki, nəyinki Azərbaycana, heç Ermənistana belə təzyiq etmək iqtidarında deyil”.

"Bu vəziyyət Qərbin və ya Rusiyanın qalib gəlməsinə qədər davam edəcək"

Azer Qasımlı
Azer Qasımlı


Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Qərblə Rusiya arasında kommunikasiya yoxdur və bu həmin məsələdə əsas problemdir: “Beləliklə Ermənistanla Azərbaycan Qərblə Rusiya arasında qalıb. Kommunikasiya olmadığına və maraqların üst-üstə düşmədiyinə görə iki fərqli platforma yaranıb. Moskvaya gələndə orada fərqli şeyləri danışırlar, Vaşinqtona və ya Brüsselə gedəndə isə fərqli şeyləri”.

Politoloqun fikrincə İstər Ermənistan, istərsə də Azərbaycan tərəfi bu iki platforma arasında oynamağa çalışır: "Çünki Qərb və Rusiya platformaların arasında qalıblar və öz maraqlarına uyğun davranırlar”.

Ekspertin sözlərinə görə, bu vəziyyət Qərbin və ya Rusiyanın qalib gəlməsinə qədər davam edəcək: “Rusiya Ukraynada məğlub olub, Cənubi Qafqazdan getməyə məcbur olacaqsa, Paşinyan da İlham Əliyev də təbii ki, Brüssel və Vaşinqton platformasına sarılacaqlar. Rusiya qalib gələcəksə təbii ki, daha çox Rusiyaya sarılmağa məcbur olacaqlar”.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 3 ölkənin liderləri arasında daha sonra da bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha bir neçə bəyanat imzalanıb.

XS
SM
MD
LG