Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:39

Gürcüstanda etirazçılar rusiyalıları daşıyan gəmini limandan getməyə məcbur etdilər


Batumi limanında etiraz aksiyası
Batumi limanında etiraz aksiyası

İyulun 27-də Soçidən Batumi limanına gəlmiş Astoria Grande layneri etiraz aksiyalarına görə limanı tərk etməli olub.

Exo Kavkaza xəbər verir ki, bu gəmi Rusiya turistlərini daşıyır. Gəminin özü Almaniya şirkətinə məxsusdur.

Xəbər verilir ki, etiraz aksiyaları həm Batumi limanında, həm də paytaxt Tbilisinin mərkəzində keçirilib.

Etirazlara səbəb Rusiya turistlərinin Gürcüstan medialarına müsahibələri olub.

Rusiyalılar bu müsahibələrdə 2008-ci ildə Gürcüstanla müharibə etmiş Rusiyanın hərəkətlərinə haqq qazandırıblar.

Turistlərdən biri deyib ki, “Rusiya Abxaziyanı gürcülərdən xilas edib”.

Astoria Grande layneri Batumi limanında
Astoria Grande layneri Batumi limanında

Tbilisidə Rusiya turistlərinə etiraz aksiyası parlamentin binası qarşısında keçirilib. Aksiya zamanı bir neçə fəal Rusiyanın bayraqlarını yandırıb.

Batumidə keçirilən aksiyada etirazçıların əllərindəki plakatlarda “Rusiya bizi vətənimizdən, həyatımızdan və gələcəyimizdən məhrum edir”, “Ruslaşdırma siyasətinə yox!” və “Gürcüstan hökuməti gürcü xalqından rus düzəldə bilməyəcək!” yazılmışdı.

Putinə və “Rusiya gəmisinə” ağır söyüşlər

Batuminin yerli qəzetlərindən Batumelebi yazır ki, etirazçılar “Rusiya gəmisinə” və Putinə söyüşlər yağdırır, “Abxaziya Gürcüstandır!” şüarı səsləndirirdilər.

Qəzet yazır ki, nümayişçilərin əllərində Abxaziyanı və avqust hadisələrinin faciələrini əks etdirən foto-plakatlar vardı.

Bunun ardınca etirazçılar limanda Gürcüstan himnini səsləndiriblər. Gəmi bir saatdan sonra limanı tərk etməli olub.

Gürcüstanın gənc hüquqşünaslar assosiasiyası ölkənin Daxili İşlər Nazirliyini Gürcüstan qanunlarının pozulmasına qarşı tədbir görməyə çağırıb.

Çünki mediaya müsahibə zamanı bəzi rusiyalı turistlər Abxaziyada olduqlarını bildirmişdilər.

Gürcüstan qanunları Tbilisinin icazəsi olmadan işğal olunmuş ərazilərə səfərləri qadağan edir.

Bundan əvvəl...

Bu ilin mayında Gürcüstanda Putinin göstərişi ilə Moskva və Tbilisi arasında birbaşa təyyarə reyslərinin bərpasına qarşı etirazlar olmuşdu.

Putin buna qədər Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmişdi.

Gürcüstan prezidenti Salome Zurabışvili Rusiyadan Gürcüstana birbaşa uçuşlara icazə verilməsini və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini “ölkəsinə qarşı növbəti təxribat” adlandırmışdı.

O bildirmişdi ki, Gürcüstan torpaqlarını işğal edən bir ölkədən belə “hədiyyələri” qəbul etmək yolverilməzdir.

Lakin prezidentdən fərqli olaraq Gürcüstan hökuməti Rusiyanın qərarını alqışlamışdı.

Müstəqillik, yoxsa ilhaq?

Abxaziya sovet dövründə Gürcüstanın tərkibində muxtar respublika olub, lakin 1993-cü ildə Gürcüstanla separatçı müharibədən sonra müstəqilliyini elan edib.

2008-ci ildə Rusiya və Gürcüstan arasında qısa müharibənin ardınca Rusiya dərhal Abxaziyanın müstəqilliyini tanıyıb.

Hazırda Abxaziyanın müstəqilliyini Rusiya və Suriya da daxil beş ölkə tanıyıb.

Rusiya Abxaziya ərazisində hərbi qüvvələrini saxlayır.

Gürcüstan Abxaziya və Cənubi Osetiyanı özünün işğal edilmiş əraziləri sayır.

Tbilisi bildirir ki, Rusiya bu iki bölgənin müstəqilliyini tanımaqla əslində onları ilhaq edib.

BMT hər iki bölgəni Gürcüstan ərazisi hesab edir.

XS
SM
MD
LG