Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:53

Zərərçəkmişlər: 'Tualetdən istifadəyə söyüş qoyulmuşdu...'


 "Otağın içində tualet vardı, amma istifadə etməyə qoymurdular".
"Otağın içində tualet vardı, amma istifadə etməyə qoymurdular".

Altı il öncə - Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrdən sonra onların bir bölümü qısamüddətli həbs cəzası alaraq hauptvaxtlara (hərbçilərin həbsdə saxlandığı yerə - red.) göndərilmişdi. Başqa bir bölüm Biləcəri qəsəbəsindəki hauptvaxta salınmış və ilkin 10 günlük həbs müddəti elə oradaca sonradan artırılmışdı.

Tərtər olayları ilə bağlı məhkəmədə dindirilən zərərçəkənlər deyirlər ki, orada da işgəncəyə məruz qalıblar. Bu üzdən, o dövrdə Biləcəridəki hərbi polis şöbəsinin rəisi olan Bəhruz Musayev məhkəmədə şahid kimi dindirilib.

"Pampers"də gəzmələri haqda iddialar doğru deyil?

Onun sözlərinə görə, cəzalandırılan hərbçilərin toplu şəkildə Tərtərdən ora gətirilməsi barədə Hərbi Polis İdarəsi rəisindən xəbər tutub. Deyilib ki, yuxarı komandanlığın qərarıdır və bu adamlar orada saxlanılacaq, istintaq da orada aparılacaq. Həmin qərarı Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər heyətinin verdiyini söyləyən B.Musayev iddia edib ki, Biləcəri hauptvaxtında saxlanılan hərbçilərə işgəncə verilməsi, onların ac-susuz saxlanması, tualetdən istifadəyə qadağa üzündən "pampers"də gəzmələri haqda iddialar doğru deyil. Saxlanılan şəxslər təlimatlarda nəzərdə tutulan qaydada – gündə üç dəfə qidalanıb, onlarla normal davranılıb, əlləri, gözləri də açıq vəziyyətdə olub.

Gətirilən hərbçilərin 10 günlük həbs müddətinin sonradan hansı əsasla artırılmasına gəlincə, o, bunu daxili qaydaların pozulması ilə əsaslandırıb: "Qapını möhkəm döymək, axşam saat 10-dan sonra işığı yandırmaq, çölə çıxmaq cəhdi... Bunlar hamısı cəzanı artırmaqdan ötrü əsas ola bilər. Mən hauptvaxtın rəisi deyildim, orada olmamışam, ona görə deyə bilmərəm ki, kim konkret nə edib. Amma mənə sənəd gəlib, mən də qərar verib cəza müddətini artırmışam...".

B.Musayev Baş Prokurorluq və Hərbi Prokurorluq nümayəndələrinin gəlib dindirmələr apardığını, dindirmələrin bəzən gecə saat 3-dək sürdüyünü də söyləyib. O, istintaqa ifadəsində bildirib ki, hauptvaxtda saxlananlara həbs qərarı verərkən o zaman Müdafiə nazirinin müavini, hazırda Baş Qərargah rəisi olan Kərim Vəliyevin göstərişini əsas götürüb.

"Gözlərimiz və əllərimiz bağlı vəziyyətdə betonun üstündə yatmışıq"

Məhkəməyə qatılan zərərçəkənlər B.Musayevi yalan danışmaqda suçlayaraq baş verənlərdən onun özünün də xəbərdar olduğunu, ancaq məhkəmədə bunu gizlətdiyini vurğulayıblar: "Orada çarpayılar divara bağlı olur, axşamlar açılmalıdır, amma açılmırdı. Biz orada olduğumuz müddətdə gözlərimiz və əllərimiz bağlı vəziyyətdə betonun üstündə yatmışıq. Otağın içində tualet vardı, amma istifadə etməyə qoymurdular. Oradan istifadə eləyənə söyüş qoyurdular...".

B.Musayev bu hallardan xəbərsiz olduğunu deyərək and içib ki, kimsənin döyülməsinə göstəriş verməyib.

Zərərçəkənlər məhkəmədən B.Musayevin cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılmasını xahiş ediblər. Elə Tərtərdə hərbçilərə qarşı işgəncələrə görə həbsdə olan keçmiş hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov da bu məsələdə zərərçəkənlərlə həmrəydir: "Mənə Cinayət Məcəlləsinin 145-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə) maddə ilə ittiham verilib. Əsl 145 bunların üstündədir ki... Baş Prokurorluq, Hərbi Prokurorluq – hamısı orada qanunsuz həbslərə şahidlik edib. Bir yerdən idarə olunan selin qurbanıdır hamısı...".

Xatırlatma

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir. Hazırda bu olaylarla əlaqədar, hər birində dörd nəfər olmaqla, iki qrupun məhkəməsi gedir. Beş nəfərlik daha bir qrupunsa məhkəməsi başlanacaq. Hakim önünə çıxarılacaq şəxslər arasında həmin dövrdə korpus komandiri olmuş general Hikmət Həsənovun köməkçisi Fuad Ağayev də var.

2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələri ilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. Beş nəfərlik daha bir qrup da Beyləqandakı işgəncə iddiaları ilə əlaqədar mühakimə edilir.

2017-ci ildə "Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi barədə bilgilər yayılıb.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayca 10-dan çox olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG