Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:57

Moskva yaxınlığındakı zavodda böyük partlayış olub (Video)


Avqustun 9-da səhər Moskva yaxınlığındakı Sergiyev Posad şəhərində güclü partlayış baş verib.

Baza da daxil bir çox teleqram kanalları zavoddan qalxan göbələyəbənzər tüstünün foto və videolarını dərc ediblər.

Onlarca insanın xəsarət aldığı, dağıntıların baş verdiyi deyilir.

Xəbərlərdə deyilir ki, partlayış Zaqorsk optik-mexanika zavodunun ərazisində baş verib.

Rostex korporasiyasına daxil olan bu zavodda həm də hərbi təyinatlı məhsullar hazırlanır.

Zavodun yaxınlığındakı evlərə ziyan dəyib.

Baza kanalı xəbər verir ki, dörd tikili tamamilə dağılıb. Qonşuluqdakı yaşayış binalarında, habelə məktəbdə və idman kompleksində şüşələr sınıb.

Partlayışın səbəbi hələ ki, məlum deyil. TASS dövlət xəbər agentliyi mənbələrə istinadən bildirir ki, partlayış “qazanxana sektorunda” baş verib və içərisində pirotexnika olan anqar partlayıb.

Hadisə ilə bağlı cinayət işi açılsa da, diversiya versiyasının araşdırılıb-araşdırılmadığı bildirilmir.

Hərçənd sosial şəbəkələrdə partlayış yerinin yaxınlığında çəkildiyi iddia edilən fotolar yayılıb. Bu fotolardakı gilizlərin pirotexniki olub-olmadığı məlum deyil.

Bu arada Sergiyev Posaddakı partlayışın şahidlərindən biri hadisədən əvvəl zavodun üzərində dron gördüyünü deyib.

Sota kanalı həmin şahid qadınla telefon söhbətini yayıb.

Bundan əvvəl eyni xəbəri 112 teleqram kanalı vermişdi. Rusiya hökuməti dron barədə məlumatı hələ ki, inkar edir.

Partlayışın baş verdiyi anbarın kimə məxsus olmasına dair ziddiyyətli məlumatlar var.

Bu zavodun ərazisində habelə həm də pirotexnika istehsal edən Piro-Ross firmasının anbarı var.

Şirkətin saytındakı məlumata görə bu firma 1994-cü ildə təsis olunub. Bu ilin aprel ayında firma müflisliyini elan edib.

Baza teleqram kanalı yazır ki, Piro-Ross şirkətinin direktoru partlayışın onun anbarında baş verdiyini inkar edir.

Onun sözlərinə görə partlayış boruların saxlandığı qonşu anbarda baş verib. Həmin anbarda pirotexnikanın saxlandığı məlum deyil.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirir ki, zavodun ərazisindəki metal anqar partlayıb. Oradakı anbarı özəl şirkət icarəyə götürüb.

Vorobyov daha sonra bildirib ki, Zaqorsk optik-mexanika zavodunun özündə pirotexnika məhsulları hazırlanır. Onun sözlərinə görə bir xeyli zamandır ki, “bu zavodun nə optikaya, nə mexanikaya bağlılığı var”.

Tanklar üçün cihazlar

Amma açıq mənbələrdəki məlumatlara əsasən Şvabe holdinqinə daxil olan bu zavodda güc strukturları üçün optik elektron cihazlar hazırlanır.

Bunların arasında tanklar üçün nişanalma və gecəgörmə cihazları da var.

Partlayış nəticəsində onlarla insanın xəsarət aldığı xəbər verilir.

Qubernatorun verdiyi ən son məlumata görə onların sayı 52-dir. Bir neçə nəfərin reanimasiyada olduğu, uçqunların altında adamların qaldığı xəbər verilir. Vorobyovun sözlərinə görə 5 nəfərin axtarışı davam edir.

Rusiya Səhiyyə Nazirliyi uçqunların altından üç nəfərin çıxarıldığını və onların ağır vəziyyətdə olduqlarını xəbər verir.

Ərazidən təxliyəyə başlandığı bildirilir, amma təxliyənin miqyası məlum deyil.

Ötən ilin iyununda bu zavodda yanğın baş vermişdi. O vaxt da yanğının səbəbləri açıqlanmamışdı.

XS
SM
MD
LG