Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:27

Bayden başqa ölkələrə Ukrayna pilotlarına F-16 təlimi verilməsi üçün yaşıl işıq yandırdı


Polşada Co Baydeni Ukraynaya F-16 qırıcıları verməyə çağıran aksiya
Polşada Co Baydeni Ukraynaya F-16 qırıcıları verməyə çağıran aksiya

ABŞ prezidenti Co Bayden başqa ölkələrə Ukrayna pilotlarını F-16 qırıcılarında təlimləndirmək icazəsi verib.

Bu barədə məlumatı Pentaqon mətbuat katibinin müavini Sabrina Sinqx brifinqdə səsləndirib.

Sözçü qeyd edib ki, Ukrayna pilotlarının təlimləndirilməsində aparıcı rolu Danimarka və Niderland oynayırlar.

İyul ayında Politico saytı yazırdı ki, başda Danimarka və Niderland olmaqla 11 ölkədən ibarət koalisiya Ukrayna pilotlarının F-16 qırıcılarında təlimləndirilməsinə hazırdır, amma təlimə başlanması üçün ABŞ-ın icazəsinə ehtiyac var.

Eyni zamanda Politico bunu da qeyd edirdi ki, “F-16 koalisiyasına” daxil 11 ölkədən heç biri hələ ki, bu proqram üçün təyyarələr ayırmayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Körbi iyulun sonlarında demişdi ki, təlimlərin yeri, vaxtı və müddəti kimi əsas məsələlər üzərində hələ iş gedir.

F-16-lar Ukraynaya nə vaxt gələcək?

Ötən həftə yenə də Politico mənbələrə istinadla xəbər vermişdi ki, F-16 qırıcılarında uçacaq ilk Ukrayna pilotlarının qrupu artıq müəyyənləşdirilib. Bunlar ingiliscə sərbəst danışa bilən 8 təyyarəçidir.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksey Reznikov demişdi ki, Ukrayna pilotlarının F-16-larda təlimlərinə avqust ayında başlanacaq.

Eyni zamanda Politico saytının mənbələrindən biri deyib ki, təlimlər yalnız bu ilin sonlarından başlanacaq və ilk F-16 qırıcıları isə Ukraynaya gələn ilin yazında gətiriləcək.

Ukrayna Rusiyanın ölkəyə əsassız və səbəbsiz müdaxiləsindən sonra döyüş təyyarələri parkının əksər hissəsini itirib və Kiyev Qərb müttəfiqlərindən israrla müasir qırıcılar tələb edir.

Almaniya Ukraynaya vermək üçün Belmikadan tanklar alıb

Bu arada Almaniyanın Rheinmetall konserni Ukraynaya verilməsi üçün Belçikadan 50 ədəd Leopard 1 tankı alıb.

Bu barədə məlumatı Handelsblatt qəzeti mənbələrə istinadən verib.

Məlumatda deyilir ki, tanklar modernizə edildikdən sonra onlardan 30-u Ukraynaya veriləcək.

Bundan əvvəl Belçikanın Business AM saytı xəbər verirdi ki, Belçikadan Ukraynaya Almaniya və İtaliya vasitəsilə təmir edilmiş Leopard 1 tankları göndərilib.

Bu tankları təmir etdirən ölkənin adı acıqlanmırdı.

Leopard tankı
Leopard tankı

Tanklar istismardan bir neçə il bundan əvvəl çıxarılmışdı. Saytın məlumatına görə Belçika bu tankları OIP Systems şirkətinə bir ədədi cəmi 15 min avrodan satıb. Çünki Belçika ordusunun bu tankların saxlanması üçün anqarları çatışmırdı.

Tanklar o vaxtdan bəri Turne şəhərindəki anbarda saxlanırdı.

Belçika bu tankları Ukraynaya vermirdi, çünki onların sazlanıb yenidən işə salınması çoxlu vəsait tələb edirdi.

OIP Land Systems şirkəti bu tanklardan hər birinin döyüş vəziyyətinə gətirilməsi üçün yarım milyon avro istəmişdi.

XS
SM
MD
LG