Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:11

Qubad İbadoğlunun adına olan məkanda axtarışın qanunsuz aparıldığına dair apellyasiya şikayəti veriləcək


Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR-in) həbsdə olan sədri Qubad İbadoğlu saxlanılarkən aparılan axtarışla bağlı məhkəməyə şikayət verilib. Avqustun 11-də Nərimanov rayon Məhkəməsində həmin şikayətə baxılıb.

Vəkillər vurğulayıb ki, həmin məkan rəsmən Qubad İbadoğlunun adına olsa da, o, uzun müddətdir orada yaşamır.

Müdafiəçilərin sözlərinə görə, axtarış qanunsuz olub, çünki axtarış aparılmasına məhkəmə qərarı tələb edilir. Bu axtarışsa belə bir qərar olmadan gerçəkləşdirilib.

ADR sədri məhkəmədə onun həbsinə dair məsələnin bütün dünyada müzakirəyə çıxarıldığını deyir və bunu dövlətin nüfuzuna zərbə sayır.

Axtarışın keçirildiyi evdən də söz açan Qubad İbadoğlu bildirib ki, həmin məkana bir müddət öncə daxil olaraq, orada gizli şəkildə bir hissəsi saxta sayıldığı iddia edilən pulları yerləşdiriblər.

Məhkəmədə o da vurğulanıb ki, tapılan pulların saxtalığına dair ekspertiza rəyinin qısa müddətdə hazır olması da bu olayın öncədən planlaşdırıldığına şübhə oyadır.

Şikayətə hakim Vüsal Qurbanov baxıb və təmin etməyib. Vəkillər bu qərardan apellyasiya şikayəti verəcəklər.

Bundan əvvəl

Qubad İbadoğlunu iyulun 23-də xanımıyla birgə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan mənzildə axtarış aparılıb və 40 min dollar pul tapıldığı iddia edilib. Həmin pulların bir hissəsinin saxta olduğu da dilə gətirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İyulun 24-də paytaxt Bakının Nərimanov rayon Məhkəməsində ilkin istintaq dövrü üçün onun haqqında 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

ADR sədri Türkiyə mediasında adları FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunanlarla birlikdə ittiham olunur.

Amma o bu ittihamları rədd edir, siyasi sifarişlə həbs olunduğunu vurğulayır.

XS
SM
MD
LG