Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:21

Ailəsi Qubad İbadoğlu ilə görüşüb


ADR sədri Qubad İbadoğlu
ADR sədri Qubad İbadoğlu

Avqustun 19-da ailə üzvləri Bakı İstintaq Təcridxanasında həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu ilə görüşüb.

Bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib.

Onun sözlərinə görə, bu qardaşının həbs günündən bəri ailəsi ilə ilk görüşü idi.

Q.Toğrul qeyd edib ki, Qubad İbadoğlu kəskin şəkildə arıqlayıb: "Qardaşım həbsxanada yeni xəstəliklər "qazanıb". O, qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsindən, böyrəklərin funksiyalarının pozulmasından, öddə və mədəaltı vəzdə gedən neqativ proseslərdən əziyyət çəkir..."

Siyasətçinin qardaşının sözlərinə görə, həbsdə olduğu 28 gündə onun qan təzyiqi, ürək döyüntüsü və şəkəri bir gün belə normallaşmayıb. O, vurğulayıb ki, baş verəcəklərə görə, bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərindədir.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Ailəsi iyulun 23-dən həbsdə olan Qubad İbadoğluna onlar ilə görüşməyə icazə verilmədiyini deyirdi. Onlar bununla bağlı məhkəməyə müraciət etmişdilər. Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində bu məsələyə baxılarkən artıq qadağanın götürüldüyü bəlli olmuşdu.

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub.

Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

XS
SM
MD
LG