Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

Gürcüstanda hakim partiya prezidentin impiçmenti proseduruna başlayıb


Salome Zurabişvili Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb
Salome Zurabişvili Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb

Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze sentyabrın 1-də keçirilən xüsusi brifinqdə deyib ki, hakim partiya “ölkə konstitusiyasının kobud pozulması” ilə bağlı prezident Salome Zurabişvilinin impiçmenti proseduruna başlayır.

Kobaxidze izah edib ki, o prezident Zurabişvilinin Almaniyaya səfəri və orada prezident Frank-Valter Ştaynmayerlə görüşünü nəzərdə tutur.

Kobaxidzenin sözlərinə görə, ölkə konstitusiyasının 52-ci maddəsi ölkə prezidentinin xaricdə hər hansı təmsilçilik fəaliyyətinin yalnız hökumətin razılığı ilə olmasını nəzərdə tutur.

Baş nazir İrakli Qaribaşvilinin hökuməti isə ölkə prezidentinə faktiki olaraq təkcə Almaniyaya deyil, habelə Ukraynaya, İsveçrəyə, Polşaya, Bolqarıstana, Belçikaya, Çexiyaya, Danimarkaya, İsrail və CAR-a səfərləri qadağan edib.

Prezident Zurabişvili bildirib ki, onun Avropa paytaxtlarına səfərləri zəruridir, çünki Avropa İttifaqı oktyabr ayında Gürcüstana ittifaq üzvlüyünə namizəd statusu verə bilər.

Lakin “Gürcü arzusu” partiyasının sədri Kobaxidze bu arqumenti əsaslı saymadığını deyib.

Onun sözlərinə görə prezident bir tərəfdən avrointerqrasiya sahəsindəki nailiyyətləri öz adına yazmağa çalışır, digər tərəfdən isə bu məsələnin Aİ rəhbərliyi tərəfindən müsbət həllinə mane olur.

Medvedevin bəyanatından sonra

Kobaxidzenin bəyanatının dərhal ardınca Gürcüstan XİN bildirib ki, Zurabişvili bu səfər zamanı Gürcüstan səfirliklərinin xidmətlərindən istifadə edə bilməz, belə ki, səfərə hökumətin razılığı olmadan çıxıb.

Bu da bildirilir ki, bu səfər nə rəsmi, nə də işçi səciyyə daşıyır və dövlət büdcəsindən maliyyələşdirilməyəcək.

Keçmiş prezident Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat (VMH) partiyası hakim partiyanı avrointeqrasiyanı Moskvanın xeyrinə pozmaqda ittiham edir.

VMH liderləri diqqəti belə bir məqama çəkirlər ki, hakim partiya Zurabişvilinin üzərinə hücumu Rusiya təhlükəsizlik şurası sədrinin müavini Dmitri Medvedevin bir bəyanatından sonra başlayıb.

Medvedev Salome Zuravişvilini “Avropaya xidmət edən fransız xanımı” adlandırmış və onu Rusiya ilə qarşıdurmasına görə tənqid etmişdi.

Medvedev eyni zamanda “Gürcü arzusu” hökumətini “Moskva ilə münasibətlərdə praqmatik xəttinə” görə tərifləmişdi.

İmpiçmentin perspektivi varmı?

Gürcüstan konstitusiyasına görə dövlət başçısının impiçmenti prosedurunun başlanması elan edildikdən sonra parlament çoxluğu Konstitusiya Məhkəməsinə müraciət etməlidir.

Əgər Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətin razılığı olmadan Avropaya səfərə çıxmasını qanun pozuntusu hesab edərsə, o zaman parlamentdə impiçment səsverməsi keçirilə bilər.

Amma prezidentin impiçment olunması üçün deputatların üçdə ikisinin, yəni 100 millət vəkilinin səsləri lazımdır. Halbuki Gürcü arzusu partiyasının parlamentdə yalnız 84 mandatı var.

150 yerlik parlamentdə mandatların qalanı müxtəlif partiyalar arasında bölüşdürülüb.

VMH və başqa müxalifət partiyaları bildiriblər ki, impiçment prosedurunu dəstəkləməyəcəklər.

Onların fikrincə Salome Zurabişvili ölkə Konstitusiyasının 78-ci maddəsinin hərfinə və ruhuna uyğun hərəkət edib.

Bu maddədə deyilir ki, Gürcüstan hakimiyyətinin bütün qolları ölkənin NATO və Aİ-yə üzvlüyü üçün mümkün olan hər şeyi etməlidirlər.

Gürcüstanın növbəti prezidenti 2024-cü ildə, amma artıq ümumxalq səsverməsi ilə deyil parlament daxilində səsvermə ilə seçiləcək.

Salome Zurabişvili kimdir?

Salome Zurabişvili 2018-ci ildən Gürcüstan prezidentdir. O Fransada siyasi mühacir ailəsində doğulub və 30 il müddətində Fransa XİN-də diplomatik fəaliyyət göstərib.

O Gürcüstana 2003-cü ildə gəlib. Əvvəlcə Fransanın Tbilisidəki səfiri olub, 2004-cü ildə isə Saakaşvili hökumətinin xarici işlər naziri təyin edilib.

Elə o vaxt Gürcüstan vətəndaşlığı alan Zuravbişvili Fransa vətəndaşlığından da imtina etməyib. Məhz bu səbəbdən 2013-cü ildə keçirilən prezident seçkisində onun namizədliyi qeydə alınmayıb.

2018-ci ildə Fransa vətəndaşlığından imtina edən Zurabişvili həmin il prezident seçilib.

Zurabişvili 2005-ci ildə nazir vəzifəsindən azad edildikdən sonra müxalifətə keçmişdi. Amma o 2018-ci il seçkisində müstəqil namizəd kimi iştirak etmişdi. Buna baxmayaraq hakim Gürcü arzusu partiyası bu namizədliyi dəstəkləmişdi.

Zurabişvili 2023-cü ilin martında antihökumət etirazlarını dəstəkləməklə hakim partiya və onun hökuməti ilə qarşıdurmaya keçib.

XS
SM
MD
LG