Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:33

Beynəlxalq Bankın özəlləşdirilməsi yenə gündəmdədir


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Avqustun 31-də prezident İlham Əliyev özəl investisiya cəlbinin nəzərdə tutulduğu dövlət şirkətlərinin siyahısını təsdiqləyən sərəncam imzalayıb. Siyahıda toplam 8 dövlət şirkətinin adı var. Özəlləşdirmədə hökumətin başlıca məqsədi ölkəyə xarici investisiyaların cəlb edilməsidir. Unutmaq olmaz ki, bir çox beynəlxalq qurum da dövlət şirkətlərinin bazarda hegemon mövqe tutduğunu əsas gətirərək, hökumətdən onların özəlləşdirilməsini istəyir.

Sərəncamdan bəlli olur ki, özəlləşdirilməsi istənən ilk şirkət Azərbaycan Beynəlxalq Bankıdır (ABB-dir). Hazırda bankın aktivlərinin həcmi 11.7 milyard manatdır və ABB ölkədə aktivlərinin həcminə görə ən böyük bankdır. Bank sektorunun toplam aktivlərinin 26 faizi təkcə Beynəlxalq Banka məxsusdur. Bu qurumun kredit protfelinin həcmi 4 milyard manatı aşır. ABB-də saxlanılan 8.5 milyard manat məbləğində deposit saxlanır. Bankı ötən ili 254 milyon manat xalis mənfəətlə başa vurub və digər dövlət şirkətlərindən fərqli olaraq, büdcəyə gəlir gətirib.

Hesablama Palatasının açıqlamasından bilinir ki, ötən il səhmlərində dövlətin payı olan şirkətlər büdcəyə 130 milyon manat ödəyib. Bu vəsaitin 120 milyon manatını – 92 faizini təkcə ABB ödəyib.

Öncəki özəlləşdirmə cəhdləri

Sözügedən sərəncam ABB-nin özəlləşdirməyə açılmasına dair hökumətin ilk təşəbbüsü deyil. Hələ Azərbaycan iqtisadiyyatının ağır günlər keçirdiyi 2015-ci ildə prezident bu barədə fərman imzalamışdı. Həmin fərman ““Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” adlanırdı.

Səkkiz il öncə imzalanan bu fərmanda bildirilirdi ki, “son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub”. İmzalanan sənəddə bankın özəlləşdirilməsi ilə bağlı tədbirlər planının 6 ay içində hazırlanaraq prezidentə təqdim edilməsi tapşırılırdı. Ancaq sonrakı dövrdə neftin yenidən bahalaşması hesabına ölkə iqtisadiyyatında durumun nisbətən normallaşması bankın özəlləşdirilməsi məsələsini də gündəmdən düşürdü. Həmin dövrdə ABB ilə bağlı qalmaqallı məqamlar üzə çıxmışdı.

Cahangir Hacıyev
Cahangir Hacıyev

Bankın sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfər mütəşəkkil dəstə kimi külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla hakim önünə çıxarılmışdı. 2016-cı ildə sabiq sədr 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Korrupsiya qalmaqalının ABB-yə 6 milyard manatdan çox zərər vurduğu bildirilirdi. Daha sonra bu zərər dövlət vəsaiti hesabına ödənildi. Bankın korlanmış və riskli portfeli “Aqrarkredit” QSC-yə ötürüldüyündən, bu yolla ABB-nin maliyyə göstəriciləri normallaşmağa başladı.

Özəlləşdirməylə bağlı ziddiyyətli açıqlamalar

Qeyd edildiyi kimi, öncəki illərdə hökumət iqtisadi durumun pisləşdiyi dövrlərdə Beynəlxalq Bankın özəlləşdirməsini gündəmə gətirir, iqtisadi göstəricilər normallaşanda bu məsələ yenidən rəfə qaldırılırdı. Maraqlıdır ki, ötən ilin fevralında prezident İlham Əliyev 2015-ci ildəki fərmana dəyişiklik barədə qərar imzaladı. Yeni qərarda artıq bankın özəlləşdirilməsinə dair müddəalar fərmandan çıxarıldı. Bu ilin fevralında da hökumət rəsmiləri ABB-nin özəlləşdirilməsinin gündəmdə olmadığını açıqlamışdı. Həmin vaxt mətbuata danışan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirmişdi ki, hazırkı məqamda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirilməsi gündəmdə deyil:

“ABB son illər mənfəətlə çalışır və mənfəətdən dövlət büdcəsinə dividendlər ödəyir. İndiki məqamda böyük mənfəətlə işləyən müəssisənin və sistem əhəmiyyətli bankın özəlləşdirilməsi iqtisadi əhəmiyyət daşımır”.

ABB-nin maliyyə göstəricilərində ciddi pisləşmə baş verməyib və qurum hələ də mənfəətlə işləyir. Di gəl, bankın özəlləşdirilməsi ilə bağlı hökumət qərarının birdən-birə dəyişməsi haqlı suallar doğurur.

Özəlləşdirmə hansı şəkildə ola bilər?

Öncəki illərdə ABB-nin özəlləşdirilməsi bir neçə dəfə gündəmə gəlsə də, bununla bağlı konkret rəsmi mexanizmlər açıqlanmayıb. Ancaq hazırda prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi, 2016-2018-ci illərdə ABB İdarə Heyətinin sədri olan Xalid Əhədovun o dövrdə özəlləşdirmə ilə bağlı mətbuata açıqlaması məsələyə bir qədər işıq sala bilər. Xalid Əhədov Reuters-ə müsahibəsində bildirmişdi ki, bankın özəlləşdirilməsi prosesinə Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq qurumları cəlb edə bilmək çox önəmlidir. Açıqlamada deyilirdi ki, dövlətin əsas layihələrində ABB-nin iştirakı nəzərə alınsa, hökumət öz hissəsini tədricən satışa çıxaracaq.

İllər öncə - 2009-cu ildə ölkənin digər böyük bankının - Kapital Bankın özəlləşdirilməsi başa çatmışdı. İndi bu bankın əsas səhmdarı “Paşa Holdinq”dir.

XS
SM
MD
LG