Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:34

Saleh Rüstəmlinin qardaşına təzyiqlər edildiyi deyilir


Saleh Rüstəmov: Ümid edirdim ki, bir də hay-küy olmasını istəməzlər...
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Saleh Rüstəmov: Ümid edirdim ki, bir də hay-küy olmasını istəməzlər...

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin yaxınlarına təzyiqlər edildiyi bildirilir.

S.Rüstəmlinin qardaşı Taleh Rüstəmov deyir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərinin reyestri hökumət orqanlarına çatan kimi yaşadığı Gədəbəy rayonunda təzyiqlərlə üzləşib (o da AXCP üzvüdür): "Bütün orqanlar gəlməyə başladı. İşlətdiyim mağazaya gəlib 2 min cərimə yazdılar. Sonra da məhkəmədə bizə qarşı 30 minlik iddia qaldırıldı".

T.Rüstəmovun sözlərinə görə, ona məxsus olmayan və başqasına satdığı ev müsadirə olunur: "Mən 20 il Bakıda yaşamışam. Bakıda yaşayanda ev alıb təmir edirdim və satırdım. Bir nəfər məndən etibarnamə ilə ev alıb, dedi ki, özüm öz adıma rəsmiləşdirəcəm, sonra vəfat etdi. Yaxınları da rəsmiləşdirmədilər, ev elə da qaldı. İndi isə icraçılar gəlib deyirlər ki, evi müsadirə edirik, əşyaları depoya qoyuruq. Evdə 4-uşaqlı ailə yaşayır".

O əlavə edib ki, Gədəbəy rayonunda onların ailəsinə məxsus olmayan evləri də onların adına yazıb müsadirə siyahısına salıblar.

Bu deyilənlərə, hələlik, Ədliyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, açıqlamalarında ölkədə dinc siyasi fəaliyyətə və tənqidi mövqelərə görə insanlara basqıların olması ilə bağlı deyilənləri təkzib edirlər.

1997-ci ildən Rusiyada yaşayan S.Rüstəmli sahibkarlıq fəaliyyəti göstərib. O, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dönəmində (1992-1993) icra başçısı işləyib.

2018-ci il mayın 8-də o, Azərbaycanda həbs olunub və AXCP-nin üç üzvü ilə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, S.Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib. Amma o, ittihamı qəbul etməyib.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə S.Rüstəmov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə ona məxsus sayılan bir sıra daşınmaz əmlaklar da müsadirə olunmalıdır. (o, həmin əmlaklardan bəzilərinin başqalarına məxsus olduğunu deyir)

S.Rüstəmli həbsdə olarkən 40 gündən çox aclıq aksiyası keçirdiyi bildirilmişdi. O, ötən il əfv sərəncamı ilə azadlığa çıxıb.

Xatırlatma

Azərbaycanda bu ilin əvvəlində "Siyasi partiyalar haqqında" yeni qanun qüvvəyə minib. Bundan sonra partiyalar yenidən qeydiyyata alınmağa başlayıb. Amma qeydiyyat üçün imza sayı 1 mindən 5 minə qaldırılıb. Üstəlik, yeni qanunvericiliyə görə, partiyalar Ədliyyə Nazirliyinə üzvlərinin reyestrini təqdim ediblər. AXCP ötən həftə yenidən qeydiyyatdan keçib.

XS
SM
MD
LG