Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:39

'Mesajı odur ki, Qarabağı istəyirsinizsə, Paşinyanı devirin'


V.Putin və N.Paşinyan MDB dövlət başçılarının sammitində
V.Putin və N.Paşinyan MDB dövlət başçılarının sammitində

Son günlər Rusiya rəsmilərinin bəzi açıqlamaları Azərbaycanda birmənalı yozulmur.

Bakının işğal olunmuş Ukrayna ərazilərində keçirilən seçkiləri tanımaması ilə bağlı bəyanatı ilə əlaqədar Rusiya diplomatik kanallar vasitəsilə Azərbaycana demarş edib.

Sentyabrın 9-da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in heç bir qanuni qüvvəsi olmadığını bildirib.

Rusiya XIN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, belə qiymətləndirmələr qəbuledilməzdir: "Belə qiymətləndirmələr ölkələrimiz arasında müttəfiq münasibətlərinin səviyyəsi ilə uyğun gəlmir... Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə tərəfdaşımızın bizdən onun ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır. Hansı ki, burada söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyündən gedir".

Rusiya prezidenti Vladimir Putin isə sentyabrın 12-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistana öz təklifini edib: İki rayon – Kəlbəcər və Laçın rayonları və bütünlüklə Qarabağ Ermənistanın yurisdiksiyası altında qalsın, amma 10-15 il ərzində cəhd göstərmələrinə baxmayaraq, Ermənistan rəhbərliyi bu varianta razılaşmayıb.

E.Nəsirov
E.Nəsirov

"Ermənistan rəhbərliyinin ittihamlarının qabağını almaq üçün..."

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Putinin Şərq İqtisadi Forumunda səsləndirdiyi fikirləri ümumən götürəndə Azərbaycanın maraqlarına uyğun bir çıxışdır: "Putin əvvəllər də bunu söyləyib, amma yenə də vurğulayıb ki, Qarabağ Azərbaycanın ərazisidir və Ermənistan da Qarabağı bu cür tanıyır. Yəni, burada onun fikri bundan ibarətdir ki, Ermənistan tərəfi Rusiyanı ittiham etməsin. Putin Ermənistan rəhbərliyinin ittihamlarının qabağını almaq üçün bildirir ki, ilk növbədə Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Yəni, problem sizin probleminizdir".

Deputatın sözlərinə görə, Putinin çıxışından məlum olur ki, torpaqlar işğaldan azad olana qədər danışıqlar prosesində beş rayonun Azərbaycana təhvil verilməsi deyilirdi, Kəlbəcər və Laçın rayonlarının məsələsində isə fərqli mövqe qoyulmuşdu: "Bu mövqedən Putinin da xəbəri olub. Yəni, Kəlbəcər və Laçın daha çox Ermənistanın nəzarət zonası kimi hesab olunub və Ermənistanın bu məsələdə güzəştsiz bir mövqe tutacağı bəlli idi. Həm də o bəlli olub ki, sanki Putin də bu fikrə şərik idi və "Kəlbəcər ilə Laçın Azərbaycan ərazisidir" kimi fikri olmayıb. Sadəcə 44 gün ərzində Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun qazandığı tarixi zəfər bu planların üstündə xətt çəkdi".

"Prinsiplərə qiymət veririk"

Rusiyanın demarşına gəlincə, Nəsirov qeyd edib ki, Azərbaycanın mövqeyi dəyişməzdir: "Azərbaycan istənilən ölkənin ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşan dövlətdir və eyni yanaşmanı özünə münasibətdə tələb edir. Təsəvvür edək ki, Ukrayna Rusiyanın dörd əyalətini zəbt edir. Belə olan vəziyyətdə Azərbaycan Rusiyanın ərazi bütövlüyünü müdafiə edəcəkdi. Biz ərazi bütövlüyünün toxunulmazlığı kimi ali prinsiplərə hörmətlə yanaşırıq və dövlətlərə qiymət vermirik, prinsiplərə qiymət veririk".

"...Paşinyana dəstək verəcəklərsə, Qarabağı görməyəcəklər"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Rusiya əslində hüquqa baxmır: "Rusiya yalnız gücə baxır, ona uyğun da hərəkət edir. Ukraynaya müdaxiləsi, Krımın işğalı və dünya arenasında onun digər hərəkətləri buna dəlalətdir. Bu, yeni bir şey deyil".

Siyasi şərhçinin sözlərinə görə, Putinin Şərq İqtisadi Forumunda çıxışında dedikləri yeni deyil: "44 günlük müharibədən sonra Putin "RİA Novosti" agentliyinə müsahibədə demişdi ki, Rusiya tərəflərə "5+2" formatını və Rusiya sülhməramlı kontingentinin regionda yerləşməsini təklif edirdi. Azərbaycan tərəfi da bunu qəbul etmişdi. Paşinyan buna razılaşmadı".

A.Qasımlı
A.Qasımlı

A.Qasımlının fikrincə, müharibə dönəmində və ondan sonra da Rusiyanın bütün bəyanatları ona yönəlib ki, ermənilər Nikol Paşinyana dəstək verəcəksə, onlar Qarabağı görməyəcəklər: "Bu bəyanatı üç il ərzində fərqli formalarda Putin də, Lavrov da səsləndirib. Onların hamısının əsas mesajı odur ki, əgər Qarabağı istəyirsinizsə, Paşinyanı devirin".

Politoloq vurğulayıb ki, Qarabağda separatçıların parlamentinin keçirdiyi "prezident seçkisi"ni dünyada heç kəs tanımadı və bununla bağlı bəyanat verdilər: "Bu, ABŞ, Avropa Birliyi, Avropa Şurası, BMT, Ukrayna, Moldova, digər ölkələr və qurumlardır. Rusiya bunların arasında yoxdur. Rusiya susur və Qarabağdakı separatçı rejimi tanımadığını demir. Mən Putin dönəmində bunu deyəcəklərinə inanmıram. Ola bilsin ki, dolayısı yolla Ukrayna ərazisində keçirilən "seçkilər"i tanımamağı ilə bağlı bəyanatla Azərbaycan müəyyən mənada Rusiyaya cavab verir. Amma Rusiya həmən aqressiv münasibət bildirdi və işarə verdi ki, Qarabağdakı qondarma seçkiləri tanıya bilər".

Sentyabrın 8-10-da Rusiya Ukraynanın işğal altında olan dörd vilayətində (Donetsk, Luqansk, Zaporojye və Xerson) "regional parlamentlərə deputat seçkiləri" keçirib.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG