Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:25

Ekspert bələdiyyələrlə bağlı: 'Konstitusiyada dəyişikliklər olmalıdır...'


Quba rayonunda Hacıheseynli kənd bələdiyyəsi
Quba rayonunda Hacıheseynli kənd bələdiyyəsi

Gələn il Azərbaycanda bələdiyyə seçkiləridir.

Artıq Azərbaycan Qarabağ bölgəsinə nəzarətini tam bərpa etdiyini açıqlayıb. Dünən, oktyabrın 15-də isə prezident İlham Əliyev Xankəndində dövlət bayrağını qaldırdı.

Prezident Administrasiyasının açıqladığı reinteqrasiya planına görə, Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Həmçinin, Qarabağda bələdiyyələr formalaşdırılmalıdır.

Bəzi ekspertlər hesab edirlər ki, bu və digər faktorları nəzərə alaraq bələdiyyə qanunvericiliyinə dəyişikliklər edilməlidir.

“Bütün respublikada bələdiyyələri dirçəltmək lazımdır”

Belə təkliflərə, hələlik, Milli Məclisdə çoxluğa sahib Yeni Azərbaycan Partiyasından münasibət almaq mümkün olmayıb. Amma deputatlardan Fazil Mustafa “Turan”a bildirib ki, qanunvericilikdə bələdiyyələrlə bağlı bütün müddəalar nəzərdə tutulub, sadəcə bələdiyyələrin real orqana çevrilməsi çox vacibdir:

“Qarabağda isə konkret işləyən bir qurumun, bələdiyyənin olması daha çox vacibdir. Bütün respublikada da bələdiyyələri dirçəltmək lazımdır”.

Deputat hesab edir ki, məsələ heç də bələdiyyələrlə məhdudlaşmır .O, onların parlament seçkilərində də iştirakını mümkün sayır:

“Azərbaycan sivil, demokratik dövlətdir və burada millətdən fərqi olmadan hamı ölkənin siyasi həyatında aktiv iştirak etmək hüququna malikdir”.

“Bələdiyyələrin səlahiyyətləri olduqca az idi”

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda bələdiyyə institutu yaranandan onlar həqiqi mənada real özünüidarəetmə orqanı kimi fəaliyyət göstərə bilməyib:

“Çünki onların səlahiyyətlərində paralellik var idi. Dövlət qurumları kimi yerli icra hakimiyyətlərin səlahiyyətləri bir əsasnamə ilə tənzimlənsə də, qanunlarla tənzimlənən bələdiyyələrin səlahiyyətləri olduqca az idi və burada səlahiyyətlərdə toqquşma var idi”.

Ekspertin sözlərinə görə, həm də Azərbaycanda bələdiyyənin yerli özünüidarəetmə orqanı kimi fəaliyyət göstərməsi üçün hüquqi baza və praktika yoxdur:

“Bizim Konstitusiyada...”

“Həmçinin bizim Konstitusiyada həm də yerli özünüidarəetmə orqanları dövlət orqanları hesab edilmir. Ancaq inkişaf etmiş ölkələrin təcrübəsində mərkəzi icra hakimiyyəti dövlət orqanı kimi regionlara qədər idarəetmədə iştirak edir, regionlarda isə yerli özünüidarəetmə bələdiyyələrdə olur. Bizdə bələdiyyələrin qeyri-dövlət formasında olması isə o deməkdir ki, onların real hakimiyyət qurumlarına çevrilməsinə imkanı yoxdur”.

H.Həsənov hesab edir ki, Azərbaycanda şəhərdən tutmuş kəndə qədər yerli özünüidarəetmə bələdiyyələrdə olmalıdır:

“Yəni ora dövlət müdaxilələri olmamalıdır. Mahiyyət də budur ki, yerlərdə insanlar özləri-özlərini idarə etməlidir. Ona görə də birinci növbədə Konstitusiyada dəyişikliklər olmalıdır. Bələdiyyələrin indiki statusu dəyişdirilməlidir və həmçinin onlar dövlət orqanları sisteminə daxil edilməlidir. Konstitusiyada yerli icra hakimiyyətlərin səlahiyyətlərini, fəaliyyətini prezident müəyyən edir. Bu müddəalar çıxarılmalıdır”.

“Böyük şəhər bələdiyyələri yaradılmalıdır”

Onun fikrincə, böyük şəhər bələdiyyələri yaradılmalıdır:

“Onlar özünüidarəetmədə müstəqil qurumlar kimi fəaliyyət göstərməlidir. Bu mənada bələdiyyələrlə bağlı 15 qanun aktlarında dəyişikliklər edilməlidir və bunun əsasında Seçki Məcəlləsində “Bələdiyyələr” bölməsi də dəyişməlidir”.

Hüquqşünasın fikrincə, yalnız bundan sonra demokratik seçkilər əsasında formalaşacaq bələdiyyələr real səlahiyyətlərə malik hakimiyyət qurumlarına çevriləcək:

“Xankəndidə də hansısa xüsusi statusa malik bələdiyyələrin yaradılması nəzərdə tutulmur. Orada böyük şəhər bələdiyyəsi yaradıla bilər. Bu da Azərbaycanın digər şəhərlərində də olmalıdır”.

Yeri gəlmişkən Azərbaycanla bağlı böyük şəhərlərdə bələdiyyələrin yaradılması təklifi Avropa Şurasının qurumlarından da səslənib. Amma indiyə kimi belə təkliflərə rəsmilər müsbət yanaşma sərgilənməyib.

15-16 Oktyabr hadisələri yaddaşlarda necə qalıb
Gözlə

No media source currently available

0:00 0:07:31 0:00

24 il keçib

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. 2024-cü ildə isə 6-cı dəfə bələdiyyə seçkiləri olmalıdır.

Azərbaycan hökuməti Qarabağda heç vaxt bələdiyyə seçkiləri keçirə bilməyib. 1988-ci ildə bu, münaqişə başladıqdan bir qədər sonra Azərbaycan Qarabağa nəzarəti tamam itirmişdi.

XS
SM
MD
LG