Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

Moskva Paşinyan hökumətini rusofobiyada ittiham etdi, Yerevan sərt reaksiya verdi


Mariya Zaxarova
Mariya Zaxarova

Ermənistanın siyasi rəhbərliyi Yerevanın Rusiya-Ermənistan münasibətlərini “məhv etməsinə” dair Moskvanın iddialarını rədd edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu iddianı noyabrın 2-də səsləndirmiş, Ermənistanın yüksək vəzifəli rəsmisinin Maltada keçirilən bir Ukrayna tədbirinə qatılmasını pisləmişdi.

Ermənistan parlamentinin spikeri və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbər üzvü Alen Simonyan Zaxarovanın iddia və ittihamlarını rədd edib.

O güman etdiyini bildirib ki, Moskva Yerevanın çoxtərəfli platformalarda iştirakını istəmir və Ermənistanın Rusiyadan “həyati asılılığının” qalmasına çalışır.

Simonyan Teleqramda istehza ilə yazır ki, “görünür düzgün partnyor belə olmalıdır”.

“Görünür rusiyalı partnyorlarımız...”

Ermənistan Milli Məclisinin spikeri də baş nazir Nikol Paşinyan kimi Rusiyanı Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edib, Rusiyanın keçmişdə Azərbaycana çox sayda silah satmasını yada salıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Zaxarovanın Ermənistanın dövlət mediası və televiziyasının “rusofob” mövqeyini tənqid etməsinə reaksiya verib:

“Görünür rusiyalı partnyorlarımız Rusiyanın müxtəlif telekanallarında gördüklərimizin nəticəsindən təəccübləniblər”.

Mirzoyan bu şərhi ilə Rusiyanın əsas dövlət telekanalında Ermənistan baş naziri Nikol Paşinyanı lağa qoyan bir saatlıq verililişə işarə edirdi.

Bununla belə o əlavə edib ki, Ermənistan hökuməti iki ölkə arasında narazılıqların aradan qalxacağına ümid edir. Mirzoyan vurğulayıb ki, “hər şey yalnız bir tərəfdən asılı deyildir”.

“Dost olmayan addımlar”

Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Paşinyan administrasiyasının, Moskvanın fikrincə, “dost olmayan bir sıra addımlarını” tənqid etmişdi.

Bunlardan biri də Paşinyanın Ermənsitanın Rusiya ilə hərbi ittifaqda olmasını “strateji səhv” adlandırması və Ermənistan parlamentinin Roma statutunu ratifikasiya edərək Haaqa məhkəməsinin yurisdiksiyasına daxil olması idi.

Bu məhkəmə ötən mart ayında Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib və Haaqa məhkəməsinin yurisdiksiyasına daxil ölkələr onu öz ərazilərində həbs etmək öhdəliyinə malikdirlər.

Öz növbəsində Ermənistan tərəfi Azərbaycanın ötən sentyabrda Qarabağda əməliyyat keçirməsinə və bölgənin erməni əhalisinin oradan çıxmasına görə Moskvanı ittiham edir.

Müşahidəçilər qeyd edirlər ki, iki ölkə arasında qarşıdurmanın kəskinləşməsi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi İttifaqında üzvlüyünü şübhə altında qoyur.

Hər iki təşkilata Rusiya rəhbərlik edir.

Paşinyan ötən həftə bildirib ki, o Ermənistandakı Rusiya qoşunlarının çıxarılması məsələsini nəzərdən keçirmir, hərçənd Rusiya hərbi bazasının Ermənistanda qalmasında da heç bir məna görmür.

Zaxarovanın ittihamları

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Rusiya Ukraynanın təşəbbüsü ilə keçirilən danışıqlarda iştirak etdiyinə görə noyabrın 2-də Yerevanı Rusiya-Ermənistan münasibətlərini “məhv etməkdə” ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova habelə Ermənistanın hökumətyönlü mediasında, onun təbirincə deyilərsə, “rusofob” materialların arxasında baş nazir Nikol Paşinyanın hökumətinin dayandığını deyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azaututyun yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən həftə Maltada Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibəyə son qoyulması üçün təkliflərini müzakirə edən 60 ölkənin nümayəndələri arasında olub.

“Açıq-aşkar anti-Rusiya jesti”

Qriqoryan bu səfər zamanı həm də Zelenski administrasiyasının rəhbəri Andrey Yermakla görüşmüşdü.

Moskva bu tədbiri “açıq-aşkar anti-Rusiya” yığıncağı kimi tənqid edib.

Zaxarova deyib ki, Moskva Qriqoryanın Maltaya səfərini Yerevanın “anti-Rusiya jestinin nümayişi” kimi qiymətləndirir.

Zaxarova habelə Paşinyanın oktyabrın 6-da İspaniyada keçirilən Avropa İttifaqı sammitində Zelenski ilə görüşünü, ötən sentyabrda baş nazirin arvadı Anna Akopyanın Kiyevə səfərini yada salıb:

“Düşünürəm ki, Yerevanda söhbətin bizim ölkəmizə qarşı aqressiv olanlarla mazaqlaşmaqdan getməsinin fərqindədirlər. Buna başqa cür qiymət verə bilmərik. Təəssüf doğurur ki, respublikanın indiki rəhbərliyi məqsədyönlü və ardıcıl şəkildə bizim müttəfiqlik münasibətlərimizi dağıdır...”

Etiraz notalarının mübadiləsi

Azatutyun yazır ki, iki müttəfiq arasında münasibətlər sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan sonra daha da gərginləşib.

Həmin əməliyyatın dərhal ardınca erməni əhali Qarabağı demək olar hamılıqla tərk edib.

Paşinyan bu hadisə ilə bağlı Rusiyanı Qarabağ ermənilərini “etnik təmizləmədən” qorumamaqda ittiham edib.

Oktyabrın 17-də Avropa Parlamenti qarşısında çıxış edən Paşinyan Moskvanı Qarabağ problemindən onu devirmək üçün fürsətlənmək, Ermənistanda qarışıqlıq yaratmaq cəhdində günahlandırmışdı.

Oktyabrın 24-də isə Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Yerevandakı səfirinə etiraz notası təqdim edib.

Buna səbəb Rusiya dövlət telekanalında Paşinyanı lağa qoyan bir saatlıq verilişin efirə verilməsi idi.

Bundan bir gün sonra isə Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə dəvət edilmiş və ona Ermənistanın ictimai telekanalında və hökumət mediasında anti-Rusiya təbliğatı ilə bağlı etiraz notası təqdim edilmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG