Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:16

Tanınmış iranlı ilahiyyatçı hicab qanununun ləğvini istədi


Sədiğeh Vəsmaği
Sədiğeh Vəsmaği

İranda açıq-aşkar İslam cümhuriyyətinin hicab qanununa qarşı çıxan tanınmış ilahiyyatçı və siyasi fəal Sədiğeh Vəsmaği xalq dəstəkləməsə də, klerikal isteblişmentin mühafizəkar qaydaları qoruyub saxlamaq üçün zorakılığa əl atmasının səbəbini belə izah edib: "Onlar düşünürlər ki, xalq hər zaman sorğu-sualsız hökumətə tabe olmalıdır", - Vəsmaği noyabrın 1-də AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə müsahibəsində belə deyib. Bundan az öncə hicab qanununu pozan və dövlətin amansız təqibinə məruz qalan qurbanları dəstəklədiyinə görə onun özünü güvənlik əməkdaşları döymüşdü.

"Bu, yanlış idarəetmədir"

Vəsmaği müsahibəsində deyib ki, xalqın dəstəkləmədiyi qaydaları qoruyub saxlamaqdan ötrü zorakılığa əl atmaq yaxşı idarəçiliyə ziddir və cəmiyyətlə dini hakimiyyət arasında uzun zamandan bəri sürən gərginliyi də azaltmır: "Bu, yanlış idarəetmədir. Xalqın iradəsinə məhəl qoymamaq çox-çox baha başa gəlir. Hökumət zorakılığı dayandırmalı, ona rəvac verməməlidir".

Üstəlik, publisist və şair olan Vəsmaği öz yazılarında İran hökumətini tez-tez tənqid edir. 2011-ci ildə Almaniyada bir universitetdə dərs deməyə yollanması ərəfəsində onun haqqında həbs qərarı çıxarılmışdı. Sonradan onu Beynəlxalq Sığınacaq Şəhərləri Şəbəkəsi (ICORN) adlı müstəqil proqram İsveçdə yaşamağa dəvət edib. Bu proqram risklə üzləşən yazıçı və sənət adamlarına sığınacaq verir. 2017-ci ildə İrana qayıdan siyasi fəal həbs edilir. İnsan haqları qurumları onun həbsinin siyasi motivli olduğunu bildirirlər.

O, İranda hicab qanunu və digər mühafizəkar qaydaların tənqidinə davam edir. Aprel ayında Ali dini lider Ayətullah Əli Xameneiyə ünvanladığı məktubda o, İranın ən güclü fiqurunu bu ziddiyyətli qanunun əleyhdarları ilə qarşıdurmanın "maddi, fiziki, ictimai, əxlaqi, psixoloji və siyasi" nəticələrinə görə məsuliyyət daşımaqda suçlayıb.

Vəsmaği illərlə baş örtüyü taxıb, ancaq indi ictimaiyyət arasına örtüksüz çıxır. O, ötən ay hətta öz mövqeyini televiziya müsahibəsinə hicabsız çıxmaqla da ifadə edib.

Tehranda başıaçıq qadınlar gözə dəyir
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

"Vətənpərvərlərin həbsxanada olması məyusluq doğurur"

Vəsmaği oktyabrın 29-da 17 yaşlı Armita Gəravəndin dəfninə qatıldığından güvənlik güclərinin hücumuna məruz qalan onlarla vətəndaşdan biridir. Armita Gəravənd Tehranda metro vaqonunda əxlaq polisi ilə mübahisədən sonra həyatını itirib. Onun hicab qaydalarını tətbiq etməyə çalışan əxlaq polisi tərəfindən vurulduğu iddia edilir.

Noyabrın 1-də Vəsmaği Instagram postunda çox sayda dəstək mesajı aldığını bildirib. O, eyni zamanda, öz haqlarını müdafiə etdiyi üçün həbsə atılan vətəndaşlara dəstək ifadə edib: "Dəyərsizlərin hakimiyyətdə vəzifə tutduğu halda bizim vətənpərvər kişi və qadınlarımızın həbsxanada olması məyusluq doğurur".

Eyni gündə Radio Fərda-ya verdiyi müsahibədə Vəsmaği İranda hicaba şəxsi rəğbəti olan ifrat mühafizəkarların vəzifələrindən yararlanıb ədliyyə sistemi və polisə öz baxışlarını yeritdiklərini deyib: "Bizim problemlərimiz … hökumətin kobud müdaxilə etməklə cəmiyyətdə zorakılıq toxumu səpməsindən və xalqın iradəsini basdırmaq üçün bütün güc institutlarından faydalanmasından qaynaqlanır. Mənim fikrimcə, xalqın əksəriyyəti məcburi hicaba qarşıdır, ancaq bu insanların dəstəyi yoxdur, onların özünümüdafiə imkanları yoxdur".

Vəsaği hicabla bağlı parçalanmanın əsas təhrikçisinin hökumətin özü olduğunu da vurğulayıb: "Siz insanların küçədə bu məsələ ilə bağlı bir-biri ilə problem yaşadığını görmürsünüz. Narahatlığı yaradan hökumət qüvvələridir. Onlar da bunu yüksək səviyyəli qurumların təhriki ilə edir".

Ötən ilin sentyabrında Məhsa Əmininin polis nəzarətindəykən həyatını itirməsi ölkənin hər yerində aylarla sürən etirazlar doğurmuşdu. İnsanlar, ilk növbədə, hicab qanununa etiraz edirdilər. Hökumət etirazlara amansız təqiblərlə cavab verdi, 500-dən çox etirazçı həyatını itirdi. Hicab qanunu isə daha da sərtləşdirildi; qanunu pozanlara qarşı tətbiq edilən cərimə və həbs cəzaları artırıldı.

İranda hicaba görə 2 qadının başına qatıq tökən kişinin həbsinə order verildi
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

"Məsələ təkcə hicabda deyil"

Vəsmaği İslam cümhuriyyətinin xalqın qəzəbi qarşısında bu qədər sərt mövqe tutmasından rahatsızlığını bildirib: "Hökumət güc tətbiq etməklə məcburi hicaba qarşı çıxmağın insanlara baha başa gəlməsinə çalışır. Ancaq məsələ təkcə hicabda deyil. [2019-cu ildə] benzinin bahalaşmasına etiraz ediləndə də eyni vəziyyət idi. [2009-cu ildə] seçki sonuclarına qarşı etirazlarla da bağlı eyni şey olmuşdu".

Vəsmaği deyir ki, "hökumət xalqın fikrinə sayqı göstərsəydi, İranın çıxış yolu referendumların keçirilməsi olardı. Hicab məsələsinə gəlincə, istər hicab taxanların, istərsə taxmamağı seçənlərin [haqlarının] qorunması üçün addımlar atılmalıdır".

"İranda on illərlə gərginlik yaradan qanun çoxdan ləğv olunmalıydı. Bu qanunu qəbul etməyənlərin qanı tökülməməli, onlar hədə-qorxuya məruz qalmamalı idi", - Vəsmağinin sözləridir.

Vəsmağinin sözlərinə görə, sözügedən qanun hicabla gəzmək istəyənlərə də sayqısızlıq edir: "Bircə seçim varsa və o seçim məcburi hicabdırsa, bu o deməkdir ki, seçmək haqqı bütün qadınların əlindən alınıb".

Vəsmaği qanunu icra edən ordu, güvənlik, yaxud polis əməkdaşlarını qınamır, onların sadəcə əmrə tabe olduğunu, əmri verənlərin məsuliyyət daşıdığını deyir.

"Onlar insanları qorxutsalar da…"

O deyir ki, son nəticədə hökumət rəsmiləri onsuz da uduzacaqları dava aparırlar: "Hətta başını örtən qadın da məcburi hicaba qarşıdırsa, hökumətin səyləri faydasızdır. Axıdılan qanlar hökumətin uduzmasına xidmət edir və, əlbəttə, bu, xalqın verdiyi itkidir. Ancaq bu hərəkat irəli gedir. Geri getmək imkanı yoxdur. Onlar insanları qorxutsalar da, insanlar yenə irəli getmək istəyəcəklər".

XS
SM
MD
LG