Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 07:30

'Human Rights Watch' jurnalistləri azad etməyə çağırır


'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

Sevinc Vaqifqızı ittihamları saxta sayır: Beynəlxalq reaksiya

Azərbaycan hakimiyyəti korrupsiyanı ifşa edən araşdırmaları ilə tanınan AbzasMedia-nın rəhbərləri Ülvi Həsənli Sevinc Vaqifqızını həbs edib. AbzasMedia ilə işləyən ictimai fəal Məhəmməd Kekalov da saxlanıb. "Human Rights Watch" insan haqları təşkilatı noyabrın 22-də yaydığı bəyanatda jurnalistlərin qaçaqçılıq kimi saxta ittihamlarla saxlandığını, təqsirli bilinəcəkləri halda, 8 ilədək həbsə məhkum olunacaqlarını bildirir.

"Azərbaycan hakimiyyəti tənqidçilərinə qarşı saxta, cəzalandırıcı ittihamlar irəli sürür. Həsənli, Vaqifqızı və Kekalovun saxlanması bu çoxdankı tendensiyanın son nümunələridir və onlar dərhal azad olunmalıdırlar", – "Human Rights Watch"un Avropa və Orta Asiya üzrə direktor müavini Giorqi Qoqiya deyib.

Bəyanatda Kekalovun ailəsinin tutduğu vəkillə təmin olunmadığı qeyd edilir. AbzasMedia-nın yaydığı səs yazısında isə Ü.Həsənli deyib ki, polis ondan rəhbəri olduğu media orqanının niyə Qarabağdan deyil, korrupsiyadan yazdığını soruşub.

Polisin bu deyilənlərə münasibəti bəlli deyil.

"Human Rights Watch" son həbslərin yayda tanınmış alim və müxalifətçi Qubad İbadoğlunun həbsindən sonraya təsadüf etməsinə diqqət çəkir. İqtisadçı saxta pul hazırlamaqda və dini ekstremizmdə ittiham olunur.

"İttihamlar fərqli olsa da, niyyətin eyni olduğu görünür: hökumətin tənqidçilərini susdurmaq və Azərbaycanda cəsur jurnalistlərə və fəallara sərt mesaj göndərmək. Hakimiyyət Həsənli, Vaqifqızı və Kekalovu dərhal azad, onlara qarşı saxta ittihamları ləğv etməlidir", – Qoqiya vurğulayıb.

AŞPA məruzəçiləri Ülvi Həsənlinin dərhal azad olunmasına çağırıblar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanda jurnalistlərin və insan haqları müdafiəçilərinin həyat və təhlükəsizliyinə təhdidlər” üzrə məruzəçisi Hanna Bardell, AŞPA-nın media azadlığı və jurnalistlərin təhlükəsızliyi üzrə baş məruzəçisi, danimarkalı Mogens Yensen, AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi, islandiyalı Sunna Aevarsdottir Abzas Media saytının təsisçisi və baş direktoru Ülvi Həsənlinin həbsi və iddia olunduğuna görə ona qarşı pis rəftarla bağlı xəbərlərə reaksiya veriblər:

“Biz Ülvi Həsənlinin, belə görünür ki, onun hökumətin korrupsiyasına dair tənqidlərinin susdurulması məqsədi ilə həbsindən və həbsdə saxlanmasından dərin narahatlıq ifadə edirik. Biz eyni dərəcədə onunla pis rəftar olunasına dair xəbərlərdən narahatlıq keçiririk”.

AŞPA məruzəçilərinin məlumatında xatırladılır ki, Həsənli bu ilin əvvəllərində jurnalistlərin həyatına və təhlükəsizliyinə təhdidlər üzrə AŞPA-nın üç komitəsinin birgə dinləməsində iştirak edib.

Qeyd olunur ki, Ülvi Həsənli bu dinləmədə Azərbaycan hakimiyyətinin media azadlığına münasibətini kəskin tənqid edib.

Məruzəçilər qeyd edirlər ki, indi isə “hökumətin korrupsiyasından yazan az sayda jurnalistlərin təqib olunması” təəssüf doğurur.

Həsənli bu çıxışı zamanı bildirmişdi ki, jurnalistlər “nəyin bahasına olursa-olsun həqiqəti yazmaqda davam edəcəklər”.

Bəyanatda deyilir:

“Biz Azərbaycan hakimiyyətini onun Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərinə uyğun olaraq cənab Həsənlini dərhal azad etməyə, onun təməl hüquqlarına hörmətin təmin olunmasına, həbsdəykən onunla pis rəftar edilməsinə dair iddiaların çevik, diqqətli və müstəqil şəkildə təhqiqatına çağırırıq”.

***

"AbzasMedia-nın direktoru Ülvi Həsənli Azərbaycanda yüksək səviyyədə korrupsiya iddialarını cəsarətlə ifşa edib və ictimai maraq doğuran vacib məsələləri işıqlandırıb". Bunu "Amnesty International" təşkilatının Cənubi Qafqaz üzrə araşdırmaçısı Nataliya Nozadze AbzasMedia-nın direktoru Ülvi Həsənlinin noyabrın 20-də saxlanmasına münasibət bildirərkən deyib. Həsənlinin evində və ofisində axtarış aparılıb. Polis onun ofisində 40 min avro tapıldığını iddia edir və ona qaçaqmalçılıq ittihamı irəli sürülüb. Özü isə ittihamı rədd edib.

"Amnesty International" Ü.Həsənlinin saxlanarkən döyülməsi, digər pis rəftara məruz qalması haqda məlumatlardan narahatlığını bildirir.

"Ülvi Həsənlinin həbsi hakimiyyətin narazıları sıxışdırması, tənqidçiləri həbs etməsi çərçivəsində baş verir. Hakimiyyət Ülvi Həsənliyə qarşı ...cinayət maddəsi irəli sürənə, bunu mötəbər dəlillə əsaslandıranadək onu dərhal azadlığa buraxmalıdır", – N.Nozadze deyib.

"Amnesty" qeyd edir ki, Ü.Həsənli 2010-cu illərin sonlarında NİDA Vətəndaş Hərəkatının fəalı olub, hökumətin davamlı təqibi ilə üzləşib. O, 2018-ci ildə səhhətində problemlərə baxmayaraq hərbi xidmətə aparılıb. 2021-ci ildə araşdırmaçı jurnalist kimi işinə görə qısa müddətə saxlanılıb.

CPJ-nin bəyanatı

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də Azərbaycan hakimiyyətini Ü.Həsənlini dərhal azadlığa buraxmağa, müstəqil medianın azad işinə şərait yaratmağa çağırıb.

Ü.Həsənlinin saxlanmasından sonra AbzasMedia Facebook-da yaydığı bəyanatda onun həbsini prezident İlham Əliyev və onun təyin etdiyi məmurların korrupsiya cinayətlərinə dair araşdırmaları ilə əlaqələndirib.

AbzasMedia son aylar yüksək rütbəli məmurlar və prezident Əliyevin qohumlarının sərvətinin mənbəyini araşdırırdı.

"Azərbaycanda hələ də rəsmi korrupsiyanı araşdırmağa cəsarət edən azsaylı yerli media orqanlarından olan AbzasMedia-nın ofisinə basqın və onun direktoru Ülvi Həsənlinin həbsi bu media orqanının misilsiz jurnalistikasına görə qisasdır. Azərbaycan hakimiyyəti dərhal Həsənlini azad etməli, AbzasMedia-nın təqibinə son qoymalıdır", – CPJ təmsilçisi Cipsi Güllen Kayzer (Gypsy Guillén Kaiser) deyib.

Ü.Həsənli ittiham olunduğu 206.3.2 maddəsi ilə təqsirli bilinsə, 8 ilədək azadlıqdan məhrum oluna bilər. S.Vaqifqızı da eyni maddə ilə ittiham olunur.

Müstəqil mediaya ittihamlar

Son günlər bir sıra hökumətyönlü media orqanlarında AbzasMedia, AzadlıqRadiosu, Amerikanın Səsi, BBC Azərbaycanca, ToplumTV, MeydanTV-yə qarşı ittihamlar səslənir, onların hakimiyyətin Qarabağda qazandıqlarına kölgə saldığı iddia edilir. Bu ittihamedici yazılarda AzadlıqRadiosunun işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin qayıdışı barədə videoreportaj qeyd olunur. Həmin reportajda bir neçə məcburi köçkün hökuməti onları da doğma yurdlarına qaytarmağa çağırırdılar.

Hakimiyyət ölkədə söz və mətbuat azadlığının təmin olunduğunu desə də, beynəlxalq reytinqlər bunun əksini göstərir. "Sərhədsiz Reportyorlar Təşkilatı"nın bu il açıqladığı Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.

XS
SM
MD
LG