Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:19

'Günlərim belə keçir', - AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva həbsxanadan yazır


AzadlıqRadiosunun əməkdaşı Alsu Kurmaşeva Kazanda məhkəmə zalında.
AzadlıqRadiosunun əməkdaşı Alsu Kurmaşeva Kazanda məhkəmə zalında.

"Bu gün bizi sahəsi təqribən 4-ün 6-ya olan həyətdə gəzməyə çıxarmışdılar. 40 dövrə vurduq. Bu, deyəsən, min metr deməkdir. Sonra dartınma və oturub-qalxma hərəkətləri etdik. Gözətçi bir xeyli təəccüblənmişdi. Görünür, belə mənzərəni tək-tək hallarda görür", - AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva yaxın günlərdə Kazan həbsxanasından belə yazıb.

Kurmaşevanın bu yazdıqları onun əri, jurnalist Pavel Butorinin noyabrın 17-də X sosial şəbəkəsində paylaşdığı sözlərlə kəskin təzad yaradır. "Nastoyaşeye Vremya"nın rəhbəri olan Butorin də Kurmaşeva kimi AzadlıqRadiosunun Praqadakı baş qərargahında işləyir.

Butorin yazıb ki, Kurmaşeva adətən "Azadlıq və demokratiya uğrunda mübarizə Günü"nü Çexiyada, ailəsi və dostlarıyla birgə, 1989-cu ildə "Məxməri inqilab"ı alovlandıran tələbə yürüşünün şərəfinə təşkil edilən ənənəvi "azadlıq yürüşü"ndə keçirir.

"Xarici agent" kimi qeydiyyatdan keçməyibmiş

Robert Koulsonun (Robert Coalson) İdil.Realii xidmətinin məlumatlarına istinadən yazdığı məqalədə deyilir ki, eyni zamanda həm Rusiya, həm də ABŞ vətəndaşı olan Kurmaşeva 25 il AzadlıqRadiosunun tatar-başqırd xidmətində çalışıb. O, mayın ortalarında Praqanı tərk edərək ailəsiylə bağlı təcili iş üçün vətəni Tatarıstana gedib.

Oktyabrın 18-də saxlanan jurnalistə qarşı "xarici agent" kimi qeydiyyatdan keçməmə ittihamı irəli sürülüb. Rusiya 2012-ci ildən bəri hökumətin siyasətini tənqid edənləri cəzalandırmaqdan ötrü həmin addan yararlanır. Kreml Ukraynaya tammiqyaslı hücuma başlayandan bəri "xarici agent"ə dair qanundan eyni zamanda vətəndaş cəmiyyəti və media qruplarını bağlamaq üçün istifadə edilir.

Məhkəmə Kurmaşevanın dekabrın 5-dək təcridxanada saxlanması haqda hökm çıxarıb. Rusiyada belə həbs müddətləri adətən sonradan uzadılır.

Kurmaşeva bu müddət ərzində ailəsi, dostları və dəstəkçiləri ilə yazışa bilib. Düzdür, bütün mesajlar senzuradan keçirilir.

"Təcridxanada hər səhər saat 6-da qalxsaq da, bütün gecəboyu kamerada zəif işıq yanır. Səhər yeməyi sıyıq və şirin qara çaydan ibarətdir. Ardınca kameranı – döşəmə və divarları təmizləyirik. Nahar vaxtı bizə birsaatlığa dışarı çıxmağa icazə verilir.

…Kitabxana var, ancaq bağlıdır. Kamerada 10 kitab vardı, əsasən, detektiv hekayələr və xristianlığa dair, bir az da psixologiya və özünlə barışıq haqda [kitablar idi]", - onun sözləridir.

AzadlıqRadiosunun dörd jurnalisti işinə görə həbsdədir

Məhbuslara həftədə iki dəfə çimməyə icazə verilir. Kurmaşeva deyir ki, ilk dəfə saxlanılandan 10 gün sonra ona duşlanmaq icazəsi veriblər.

O, bir neçə mesajında dördnəfərlik kamerasının soyuq olduğunu yazıb.

Kurmaşeva əlavə edib ki, vaxtını keçirmək üçün erməni dilini və Şimali Qafqazdakı dillərdən birini - darqva dilini öyrənir və eyni zamanda bir kamera yoldaşına tatarca danışmağı öyrədir.

"Günlərim belə keçir", - deyə o yazır.

AzadlıqRadiosunun həbsdə olan jurnalistləri (soldan sağa): Alsu Kurmaşeva, İqor Losik, Andrey Kuzneçik və Vladislav Yesipenko
AzadlıqRadiosunun həbsdə olan jurnalistləri (soldan sağa): Alsu Kurmaşeva, İqor Losik, Andrey Kuzneçik və Vladislav Yesipenko

Kurmaşeva hazırda AzadlıqRadiosunun həbs edilmiş dörd jurnalistindən biridir. İnsan haqları təşkilatları və AzadlıqRadiosu dəfələrlə Andrey Kuzneçik, İqor Losik, Vladıslav YesipenkoAlsu Kurmaşevanın azadlığa buraxılmasını tələb edib.

Losik bloqerdir və AzadlıqRadiosunun Belarus xidməti üçün yazan jurnalistdir. O, 2021-ci ilin dekabrında 15 illik həbs cəzasına məhkum edilib. Ona qarşı irəli sürülən bir neçə ittiham arasında "ictimai asayişi kobud pozan hərəkətlərin təşkili və hazırlanması" ittihamı da var.

AzadlıqRadiosunun Belarus xidmətinin vebredaktoru Kuzneçik ötən ilin iyununda bir neçə saatdan çox çəkməyən məhkəmə tərəfindən "ekstremist təşkilat yaratma və ya bu növ təşkilatda iştirak" maddəsi ilə 6 illik həbs cəzasına məhkum edilib.

Həm Ukrayna, həm də Rusiya vətəndaşı olan Yesipenko Ukrayna xidmətinin tərkibində fəaliyyət göstərən Krım.Realii xidməti üçün yazan jurnalistdir. O, ötən ilin fevralında, işğal olunmuş Krımda qapalı keçirilən məhkəmədə rusiyalı hakim tərəfindən 6 illik həbs cəzasına məhkum edilib. Ona qarşı "partlayıcı maddələrin saxlanması və daşınması" ittihamı irəli sürülüb. Onun özü bu ittihamı qətiyyətlə rədd edir.

XS
SM
MD
LG