Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:04

Məhkəmə vəkil Elçin Sadıqov haqqında məcburi gətirilmə qərarı çıxardı


Elçin Sadıqov
Elçin Sadıqov

Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Elçin Sadıqov haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Noyabrın 24-də “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının işinə baxan hakimlər kollegiyası belə qərara gəlib.

Zeynallı ötən ilin sentyabrında “Baku Steel Company” MMC-nin (poladəritmə zavodunun) həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda ittiham olunaraq həbs edilib.

O zaman işadamının vəkili Elçin Sadıqov da bu cinayətdə vasitəçilikdə ittiham olunaraq həbs edilmişdi. Cinayət işinin materiallarında iddia irəli sürülür ki, E.Sadıqov “Xural TV”də müvəkkilinin əleyhinə olan materialların yayımının dayandırılmasından ötrü onun həyat yoldaşı Mehriban Məmmədovadan 20 min manat alaraq, Ə.Zeynallıya çatdırıb.

E.Sadıqov sentyabrın 17-də həbsdən ev dustaqlığına buraxılıb və Ə.Zeynallının işi məhkəməyə göndərilərkən, onun haqqında cinayət işi ayrılıb.

E.Sadıqov Ə.Zeynallının məhkəməsində şahid qismində tanınsa da, məhkəməyə ərizə göndərib ki, şahid qismində dindirilə bilməz. O bu zaman onunla bağlı cinayət işinə xitam verilmədiyini, eyni hadisə ilə bağlı hələ də təqsirləndirilən şəxs statusunda qaldığını əsas gətirib:

“Qanuna görə, heç kim özünə və yaxınlarına qarşı ifadə verməyə məcbur edilə bilməz. Mənim təqsirləndirilən şəxs statusum dəyişməyib. Ona görə də mən şahid qismində dindirilə bilmərəm. İstintaq zamanı verdiyim ifadələri təsdiqləyirəm. Xahiş edirəm, o ifadələri nəzərə alın...”.

Vəkil ərizəsində heç bir cinayət törətmədiyni və özünü təqsirli saymadığını vurğulayıb.

Noyabrın 24-də Ə.Zeynallının məhkəməsində hakim Əli Məmmədov bu ərizəni elan edib.

“Təqsirləndirilən şəxsin belə məsuliyyəti yoxdur”

Ə.Zeynallı və müdafiəçiləri də o fikirdədirlər ki, eyni cinayət işi üzrə təqsirləndirilən şəxs olduğundan, E.Sadıqovun şahid kimi dindirilməsi doğru deyil. Axı şahid dindirilərkən, yalan danışmayacağına and içir və buna görə məsuliyyət daşıyır. Amma təqsirləndirilən şəxsin belə məsuliyyəti yoxdur.

“İndiki halda bu işdə Elçin Sadıqovla bağlı məsələ hüquqi nihilizmdir”, - vəkil Rəşad Əliyev belə deyib.

Onlar təklif ediblər ki, E.Sadıqovun ifadəsinin sübutlar siyahısından çıxarılması, məhkəmə buna razılıq vermədiyi halda, özünün məhkəməyə gəlib ifadə verməsi təklif edilib.

“Əgər ifadəsini sübutlar siyahısından çıxarırsınızsa, gəlməsin, bizə lazım deyil. Yoxsa mütləq çağrılıb dindirilməlidir”, - Ə.Zeynallının sözləridir.

Müzakirələrdən sonra hakimlər kollegiyası E.Sadıqovun məcburi gətirilməsi barədə qərar çıxarıb. Həmin qərar vəkilin yaşadığı ünvana və Vəkillər Kollegiyasına da göndəriləcək.

E.Sadıqov istintaqa ifadəsində müvəkkili R.Məmmədovun həyat yoldaşından 20 min manat alaraq, Ə.Zeynallıya çatdırdığını deyib. Amma “Xural TV”nin rəhbəri vəkilin yalan danışdığını, ona pul verilmədiyini söyləyir.

R.Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın da məhkəmədə dindirilməsi məsələsi noyabrın 24-də müzakirə mövzusu olub. “Xural TV”nin rəhbəri və müdafiəçiləri onun da məhkəməyə gəlməsində israrlıdır.

Hakim deyir ki, M.Məmmədovanın indi Azərbaycanda olmaması, ölkəyə yeni ildən sonra qayıdacağı haqda məlumat daxil olub. Bu üzdən, onun istintaqdakı ifadəsinin elan olunmasını təklif edib. Ancaq Ə.Zeynallı təkliflə razılaşmayaraq, M. Məmmədovanın özünün mütləq məhkəməyə gəlməsini istəyib.

Məhkəmədə M.Məmmədovanın xalası oğlu Sadıq Həsənli dindirilib. O, ifadəsində deyib ki, “Xural TV”də xalası qızının əri R.Məmmədov haqqında xoşagəlməz materiallar yayımlanıb, o, “monopolist”, “quldur” adlandırılıb. Bu materialların yayımının dayandırılmasından ötrü xalası qızı vəkil E.Sadıqov vasitəsilə “Xural TV”nin rəhbəri Ə.Zeynallıya 20 min manat göndərib.

Ə.Zeynallının məhkəməsi dekabrın 8-də davam edəcək.

Xatırlatma

Ə.Zeynallı Məmmədovlar ailəsindən rüşvət almaqda ittiham edilərək həbs olunsa da, sonradan ona başqa ittihamlar da verilib. Cinayət işinin materiallarında iddia edilir ki, Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən və başqa adamlardan “Səda TV” Youtube kanalının idarəedicisi Elnur Şükürov vasitəsilə pul alınıb. Ə.Zeynallı həmin adamların məsələsinin həllini səlahiyyət sahiblərindən xahiş edib və beləliklə, onların xeyrinə qərar verilməsinə nail olub.

Ancaq istər Ə.Zeynallı, istərsə indi onunla birlikdə mühakimə olunan E.Şükürov bu ittihamları rədd edir. “Xural TV”nin rəhbəri siyasi sifarişlə həbs olunduğunu deyərək, bildirir ki, məqsəd bu yolla onu susdurmaqdır. E.Şükürovsa deyir ki, ondan Ə.Zeynallının əleyhinə ifadə vermək tələb olunur. Buna razılaşmadığına görə həbs edilib.

XS
SM
MD
LG