Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:04

Paşinyanın müavini Ermənistanın KTMT-dən çıxmasını istisna etmir


Gevorq Papoyan
Gevorq Papoyan

Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edə bilər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu hakim Vətəndaş müqaviləsi partiyasının aparıcı üzvlərindən biri deyib.

Partiya sədrinin - baş nazir Nikol Paşinyanın partiya üzrə müavini Gevorq Papoyan noyabrın 27-də bildirib ki, buna səbəb KTMT-nin Azərbaycanla münaqişədə Ermənistanı açıq dəstəkləməkdən çəkinməsidir.

Azatutyun yazır ki, baş nazirin özü də Ermənistanın KTMT-dən çıxa biləcəyini istisna etmədiyini demişdi.

Onun sözlərinə görə təşkilat Ermənistana münasibətdə öhdəliklərinə əməl etməyib.

“Situasiya” nə deməkdir

Papoyan deyib:

“Bizim KTMT-ni qəti şəkildə tərk etməyimizi müəyyənləşdirəcək aydın situasiya var. Bu situasiya hələ yetişməyib. Amma elə bir situasiya da var ki, biz KTMT-nin iclaslarında qəti şəkildə iştirak edəcəyik. Bu situasiya da hələ yoxdur”.

Azatutyun yazır ki, Papoyan işlətdiyi “situasiya” sözünü izah etməyib.

O bunu da deməyib ki, Paşinyan hökuməti ölkənin oriyentasiyasını Birləşmiş Ştatlara və Avropa İrttifaqı səmtinə döndərməzdən əvvəl Qərb güclərindən qarantiyalar almaq istəyir.

Rusiya Xarici İşlər Nazirliyi ötən sentyabrda Yerevanı məhz ölkənin istiqamətini dəyişməyi planlaşdırmaqda ittiham etmişdi.

Son aylarda Paşinyan bir neçə dəfə bəyan edib ki, Rusiya ilə müttəfiqlik Ermənistanın milli təhlükəsizliyinə qarantiya vermir.

Baş nazir Paşinyan və Vətəndaş müqaviləsi partiyasının daha bir yüksək vəzifəlisi – parlamentin spikeri Alen Simonyan KTMT-nin iclasında iştirak etməyəcəklərini bildiriblər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar indiyədək həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılıb.

XS
SM
MD
LG