Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:24

Psixi pozuntularla bağlı əlillik şərtləri niyə müharibədən iki il sonra yumşaldılıb?


Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?

2020-ci ildə baş verən 44 günlük müharibədə Azərbaycanın üç minə yaxın vətəndaşı həlak olmuş, on mindən çox insansa yaralanmışdı. Müharibə iştirakçılarının sayı da on minlərlə ölçülür. Bütün bu sosial qruplar hökumətin sosial müdafiə siyasəti üçün yeni çağırışlar ortaya çıxardı. Di gəl, hökumətin sosial siyasəti sözügedən çağırışlardan üzüağ çıxa bilmədi: Savaşsonrası dövrdə onlarla müharibə iştirakçısı sosial problemlər üzündən intihar etdi, müharibə iştirakçıları tez-tez sosial tələblərlə etiraz aksiyaları keçirdi.

Müharibədən sonrakı dövrdə müharibə iştirakçılarının ən çox narazılıqlarını bildirdiyi məsələlərdən biri əlillik təyinatı ilə bağlı idi. Bir çox müharibə iştirakçısı səhhətində problem olduğu halda, rəsmi qurumların onlara əlillik təyin etməməsindən şikayətlənirdi.

Bugünlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, əlilliyin təyin edilməsi meyarları ötən il yumşaldılandan bəri 1 min 700-ə yaxın şəxsə əlillik verilib. Bu zaman haqlı sual doğur: Həmin şəxslərin səhhəti əlillik təyin etmək üçün uyğundursa, niyə bu yumşalmalar müharibə getdiyi dövrdə deyil, müharibədən iki il sonra qəbul edilib və niyə o müddət ərzində həmin şəxslərin çətinlik yaşamasına yol açılıb?

Dörd mindən çox şəxs müharibə nəticəsində əlil olub

S.Babayev parlamentin komitə iclasındakı çıxışında bildirib ki, müharibə ilə bağlı 6 min 300 şəhadətləndirilmiş vətəndaş olub. Şəhadətlənmə əlilliklə yanaşı, yüngül yaraya da verilir ki, ona birdəfəlik sosial sığorta ödənilsin. Yoxlanılan vətəndaşlardan toplam 4 min 21 nəfərə əlillik təyin edilib. Nazir qeyd edib ki, əlillik şərtləri yumşaldıqdan sonra əlil təyin edilən 1 min 700 nəfərin 43 faizinə - 700-dən çox şəxsə əlillik kəllə-beyin travması və bunun nəticəsində yaranan psixi pozuntularla əlaqəli verilib.

Psixi pozuntu üzündən əlillik dərəcəsi alanların say çoxluğu daha bir problemi – ölkədə bu istiqamətdə ixtisaslaşmış şəxslərin azlığını yada salır. Savaşsonrası dövrdə bir çox ekspert Azərbaycanda müharibə travmaları ilə bağlı fəaliyyətin yetərincə olmadığını bildirmişdi. Mövzuya dair müsahibəsində hərbi psixoloq Azad İsazadə demişdi ki, müharibə dövründə müharibədən zərər çəkən şəxslərə psixoloji yardım göstərmək məqsədi ilə yaratdıqları komandanın 30-a yaxın üzvü olub. Bu da müharibə iştirakçılarının və müharibə bölgəsində yaşayanların sayı ilə müqayisədə çox yetərsiz göstəricidir. Sonrakı dövrdə Azərbaycana Türkiyədən də psixoloq heyəti dəvət edildi, ancaq onların yerli kontekstə bələdsizliyi və bəlli dil baryerləri həmin yardımın da effektivliyini azaldır. A.İsazadənin fikrincə, tək müharibədə iştirak edən hərbçilər deyil, müharibə görmüş və travma almış hər kəs psixoloji yardım almalı və ehtiyac olduqda psixososial reabilitasiya keçməlidir. Bu baxımdan, özəlliklə bölgələrdə yaşayan müharibə iştirakçılarının və digər zərərçəkmişlərin psixoloji yardımlara çıxış imkanları çox məhduddur.

Əlillik almaq durumu düzəldirmi?

Nazir S.Babayev əlillik şərtlərinin yumşaldılması nəticəsində bir çox müharibə iştirakçısının qarşılaşdığı problemlərin çözüldüyünü bildirsə də, Azərbaycanda hərbi qulluqçuların mövcud müdafiə mexanizmləri əlillik dərəcəsi aldıqdan sonra da onların problemlərini tam həll etmək üçün yetərli deyil. Axı müharibə iştirakçıları ilə bağlı problemləri doğuran başlıca amillərdən biri mövcud sığorta mexanizmindəki boşluqlardır.

Azərbaycanda hərbi qulluqçuların sığortasına yanaşmalar "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortaları haqqında" Qanunla tənzimlənir. Həmin qanunda qeyd edilir ki, hərbi qulluqçular həlak olduqda ödəniləcək sığorta ödənişinin məbləği 11 min manatdır. Hərbi qulluqçular birinci dərəcə əlil olduğu halda 8 min 800 manat, ikinci qrup əlil olduğu halda 6 min 600 manat, üçüncü qrup əlil olduğu halda isə 4 min 400 manat sığorta ödənişi əldə edir. Hərbi qulluqçulara hərbi xidmətdə ağır yaralandıqları hallarda 2 min 750 manat, az ağır yaralandıqları hallarda 1 min 650 manat, yüngül xəsarət aldıqlarında isə 550 manat birdəfəlik sığorta məbləği ödənilir.

Unutmaq olmaz ki, sığorta hadisələri zamanı ödəniş edilməsinin məntiqi məhz dəymiş maddi ziyanı aradan qaldırmaqla bağlıdır. Bu baxımdan, əmək qabiliyyətini itirmiş hərbiçilər məhz gələcəkdə öz peşələrini yerinə yetirməklə qazana biləcəkləri maddi vəsaiti geri almalıdırlar. Ən azı, onların əldə etdikləri sığorta məbləği həmin şəxslərə özlərinə dayanıqlı gəlir mənbələri yaratmağa imkan verməlidir. Ancaq hazırkı şəraitdə əlil olmuş müharibə iştirakçılarına ödənilən sığorta məbləği onlara dayanıqlı gəlir mənbəyi yaratmağa imkan vermir.

Əlil olmuş hərbi qulluqçulara ödənilən sığorta məbləği həyatı qanunla sığortalanan deputatlarla müqayisədə də çox yetərsizdir. Belə ki, Azərbaycandakı mövcud qanunlara görə, Milli Məclisin deputatları ilə bağlı nəzərdə tutulan sığorta ödənişləri konkret məbləğlə deyil, vəzifə maaşına nisbətən hesablanır. Deputatların sığortasına dair qanunda qeyd edilir ki, həyat sığortasının məbləği onların beş illik vəzifə maaşlarına bərabərdir. Deputatlara əlillik dərəcəsi təyin edildikdə isə, bu məbləğin əlillik dərəcəsinə uyğun olaraq 80, 60 və ya 40 faizi məbləğində onlara sığorta ödənişi təyin edilir. Beləcə, əgər bir hərbi qulluqçu əlil olarsa, ona sığorta məbləği olaraq (əlillik dərəcəsinə görə) 8 min 800 manat, 6 min 600 və ya 4 min 400 manat sığorta ödənişi edilir. Milli Məclisin deputatı əlil olduğu təqdirdə ödənilən sığorta məbləği isə, əlillik dərəcəsindən asılı olaraq, 119 min, 89 min və ya 60 min manatdır.

Hərbi qulluqçular üçün nəzərdə tutulan sığorta məbləğinin azlığı, əlillik təyinatı alsalar belə, onlara sosial problemlərini çözməyə və özlərinə dayanıqlı gəlir qaynağı yaratmağa yetmir.

XS
SM
MD
LG