Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:50

Ermənistanın yük maşınlarını Gürcüstan-Rusiya sərhədindən niyə buraxmırlar?


Yuxarı Lars sərhəd keçidi
Yuxarı Lars sərhəd keçidi

Ermənistana məxsus yüzlərlə yük maşını Rusiya-Gürcüstan sərhədinin əsas keçidi olan Yuxarı Lars məntəqəsində ilişib qalıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bəzi xəbərlərə görə Moskva Yerevanla münasibətlərinin kəskin pisləşməsinin ardınca sərhəd keçidində ixrac-idxal nəzarətini gücləndirib.

Yük maşınlarının sürücüləri deyirlər ki, Rusiya gömrüyündə onlara sərt sanitariya və başqa yoxlama növləri tətbiq edilir. Buna çox vaxt gedir və nəticədə Yuxarı Lars keçidinin hər iki tərəfində Ermənistan yük maşınlarının uzun növbələri yaranır.

Bəzi sürücülər keçid məntəqəsində artıq ikinci gündür ki, gözlədiklərini bildiriblər. Bu da xəbər verilir ki, bir neçə yük maşınları sərhəddən keçə bilməyərək geri qayıdırlar.

Azatutyun yazır ki, Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocoyan Rusiya gömrükçülərinin bəzi Ermənistan maşınlarını geri qaytarmalarını təsdiq edib.

Nazir müavininin sözlərinə görə maraqlıdır ki, eyni növ yük daşıyan maşınlardan bəziləri sərhəddən buraxılır, bəziləri isə geri qaytarılır.

Xocoyan bu vəziyyətin arxasında hər hansı siyasi motivin olub-olmamasına dair suala cavab verməyib.

Amma Ermənistanın müxalifətçi millət vəkillərindən Artur Xaçatryan inandığını bildirib ki, Rusiya Ermənistan baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasını boykot etməsinə bu sayaq cavab verir.

“Əsas problem kənd təsərrüfatı mallarıdır”

Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Ermənistan yük maşınlarının Yuxarı Lars keçidində ilişib qalmasını Rusiya tərəfinin onları buraxmaqdan imtinası ilə izah edir.

Sanosyan qeyd edib ki, problem daha çox Ermənistanın İqtisadiyyat Nazirliyi və müvafiq təftiş orqanları ilə bağlıdır. Çünki söhbət əsas etibarilə kənd təsərrüfatı məhsullarından gedir.

Nazir bu vəziyyətin Nikol Paşinyanın KTMT sammitində iştirakdan imtina etməsi ilə bağlı olub-olmadığına dair suala cavab verərkən deyib ki, Rusiya təftiş orqanları Ermənistandan gedən mallarda müəyyən problemlər aşkar ediblər və hazırda Ermənistan orqanları problemi həll etmək üçün Rusiya şirkətləri və partnyorları ilə işləyirlər.

“Bütün ermənilər yalnız yerli mal alsınlar”

AzadlıqRadiosunun məlumatına görə Ermənistan hökuməti aparatının rəhbəri Arayik Arutyunyan hesab edir ki, əgər bütün ermənilər istisnasız olaraq yalnız yerli malları alsalar, Yuxarı Lars sərhəd keçidinin bağlı olması Ermənistana təsir göstərməyəcək:

“İndi çox vacibdir ki, Ermənistandakı və diasporadakı ermənilər istisnasız olaraq Ermənistanın kənd təsərrüfatı məhsullarını, içkiləri, Ermənistan şirkətlərinin təklif etdikləri xidmətləri alsınlar. Biznesin və vergiödəyənlərin belə dəstəyi müstəqillik və suverenliyin güclənməsi üçün həyati əhəmiyyətli addım olardı”.

O əlavə edib ki, əgər Ermənistan biznesi yeni təchizat bazarları tapsa, heç bir sərhəd keçidinin bağlanması ölkəyə təsir göstərnməyəcək:

“Yeni il və Milad masalarında yalnız Ermənistan tərəvəzi, meyvəsi, şərabı, konyakı və başqa kənd təsərrüfatı məhsulları olmalıdır”.

Ermənistandan Rusiyaya ixrac artıb

Rusiya Ermənistanın əsas xarici ticarət partnyorudur. Rusiya Ermənistanın kənd təsərrüfatı məhsulları, emal edilmiş yeyinti məhsulları və spirtli içkiləri üçün əsas bazardır.

Rusiya-Ermənistan ticarət dövriyyəsinin əsas nəqliyyat daşımaları Yuxarı Lars keçidinin payına düşür.

Azatutyun yazır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Moskva üzərinə qoyulmuş sanksiyalarla bağlı Ermənistandan Rusiyaya ixrac kəskin artıb.

Ekspertlər bildirirlər ki, bu əslində Ermənistanın Qərbdən aldığı malları Rusiyaya təkrar ixrac etməsi ilə bağlıdır.

Bu ilin yanvar-sentyabr aylarında Ermənistandan Rusiyaya ixracın həcmi iki dəfə artaraq 2.6 milyard dollara çatıb.

XS
SM
MD
LG